08:40 18 Dekabr 2019 275
Ana səhifə Xəbərlər

Sosial xidmətçinin qulluq etdiyi Janna nənə: “O olmasa, mən nə edərdim?” - REPORTAJ

Janetta Məhbub qızı Fərzəliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sosial xidmət göstərilən şəxslərdəndir.

APA TV-nin məlumatına görə, 1942-ci ildə Göyçayda anadan olub. Bu tarix 2-ci Dünya müharibəsi illərinə təsadüf etdiyindən, həmin vaxt Taqanroq diviziyasında xidmət edən atası xəbəri alan kimi Bakıya qayıdıb.

Janetta nənə deyir ki, atası o dünyaya gələn günün axşamı özünü çatdırıb, onu qucağına alıb və bu adı verib. “Mənim qızım da Janna Dark kimi qoçaq olacaq” deyərək, yenidən döyüşə qayıdıb. Janetta xanım o müddətdən sonra heç vaxt atasını görməyib. Anası isə atasının müharibədən gələn qara kağızından sonra infarkt keçirərək, dünyasını dəyişib. Bundan sonra müsahibimizə əmisi himayədarlıq edib. Özündən başqa iki qardaşı olub və onlar artıq dünyasını dəyişib.

Janetta Fərzəliyeva ali təhsillidir. Laborant, uşaq bağçasında dayə və rus dili müəlliməsi kimi çalışıb. Artıq ahıl yaşda və ehtiyacı olduğuna görə sosial xidmətdən yararlanır. Xidmətə gəlincə...

“Xidmət sərf eləyir, bəli. Dünən gəldi, getdi balıq aldı, təmizlədi, kəsdi, doğradı. Evi də yığışdırıb getdi. Sabah yenə gələcək, evi yığışdıracağıq. Çox böyük köməkdir. O olmasa, mən nə edərəm? Yeriyə, heç yerə gedə bilmirəm”.

“Nə istəyirlər, nəyə ehtiyacları varsa, onları edirik. Təmizləyirik, silib-süpürürük, bazara göndərirlər, gedirik. Yemək bişirməyə kömək edirik. Bəziləri özü bişirir. Lakin biz köməyimizi əsirgəmirik”.

Müsahibimiz deyir ki, əvvəl ev işlərini özü görürdü. İndi isə işlərini sosial işçi görür: “Təmir edirdim, təmiz saxlayırdım. Çilçıraqları silib, yenidən asırdım. Yaxşı xalçalar axtarırdım, döşəməyə sərirdim. Qulluqdan çox razıyam. Mən həmişə deyirəm ki, onu mənə Allah göndərib. Kaprizi-filan yoxdur. Gəlir, öz işini sakitcə görür, nə deyirəmsə, onu edir”.

“Qocaların, təqaüdçülərin kaprizləri olur. İşimizdir. Yaşlılar, qocalar uşaq kimidir. Nazları ilə oynayırıq. Qışqırsa, hirslənsə də, şirin dillə sakitləşdiririk”.

77 yaşlı Janetta Fərzəliyeva heç vaxt ailə həyatı qurmayıb: “Mən həmişə düşünürəm ki, kimisinin uşağı var nə görür, kimisinin də yoxdur nə görür. Elə uşaqlar var ki, ananı, atanı nə günə salır. Çox şey görmüşəm, gəzmişəm. Yaxşı işim var idi, yaxşı da maaş alırdım. Hər məzuniyyətdə harasa gedirdim”.

Müsahibimizin ayaqlarının şiş, ürəyinin stenokardiya, təzyiqinin yüksək olmasına baxmayaraq, üzü hər zaman gülərüzdür. Evinə gələn qonağı hər zaman təbəssümlə qarşılayır: “Siz gələnə yaxın təzyiqim 160 idi. İndi oturub sizinlə danışıram. Adam gərək özünü toxtasın. Öz-özünə desin ki, hər şey yaxşı olacaq. Ruhdan düşmək olmaz”.

Janetta nənə həm də kolleksiya yığmağı çox sevir. Elə zarafatından da geri qalmayaraq öz kolleksiyası ilə bizi tanış edir.

Kolleksiyasında müxtəlif növ suvenir ayaqqabılar, qədim pullar yer alır. Deyir ki, bu həvəs onda 10 il əvvəldən yaranıb. Lakin artıq qocaldığına görə həvəsdən əsər-əlamət qalmayıb. Ona görə də qutulara yığaraq evin küncünə yerləşdirib.

Qeyd edək ki, il ərzində nazirliyin minə yaxın sosial işçisi tərəfindən təxminən on min insana bu mexanizm vasitəsilə evlərində yardım edilib. Hazırda bu istiqamət üzrə xidmətin daha da təkmilləşdirilməsi üçün yeni model üzərində işlər aparılır.

Elvin Paşazadə, Xəyal Şükürlü APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın