19:20 06 Noyabr 2019 52
Ana səhifə Xəbərlər

Su aydınlıqdır, amma Ramanada yox... - REPORTAJ

Bakının payızı… Yox, bu dəfə qızılı payız yarpaqlarından, romantik əhval-ruhiyyədən, xəzəl dolu park və yaxud meşələrdən söz açmayacağıq. Gözə yaxın, könüllərə iraq olan, illərlə sosial problemlərin məngənəsində boğulan, səsləri isə heç bir yerə çatmayan Sabunçu rayonu Ramana qəsəbə sakinlərinin problemlərindən bəhs edəcəyik. Daha doğrusu, biz yox, Bünyadzadə küçəsi 63/1 ünvanında yaşayan sakinlər özləri danışacaqlar.

Xatirə Aslanova deyir ki, yağış yağanda küçələri keçilməz olur: “Rayon İcra Hakimiyyətinin başçısı, “Azərsu”nun mütəxəssisləri də gəlib baxış keçirdilər. Bizimlə də görüşdülər. Dəfələrlə Prezident İlham Əliyev də deyib ki, qəsəbədaxili yollar diqqətdə saxlanılsın. Biz buranın sakinləri kimi əlaqədar orqanlara da kömək etməyə hazırıq, amma bizə kömək edən yoxdur. Bilirsiz, bir balaca yol kənarlarını rəngləməklə, sementləməklə bu problem həll olunmur. Xahiş edirik ki, səsimizə səs versinlər”.

İsmayıl Zeynallının evinin zirzəmisi su ilə dolub: “İki yağışötürücü magistral borunu qoşublar bizim məhəllədən keçən suötürücüyə. Sizcə, bu borunun güclü yağışa gücü çatarmı? Dəfələrlə olub ki, elektrik naqillərində ciddi təhlükə yaranıb. Gəlib baxıb gedirlər. Qonşularla birlikdə öz hesabımıza suötürücü alıb məhəlləmizdə quraşdırdıq. Əslində elə bütün qurumlar məsələnin mahiyyətindən xəbərdardır. Onlar da problemin həllini bir-birinin üzərinə atır”.

Ruslan Hüseynovun sözlərinə görə, yağış yağanda məhəlləyə giriş-çıxış məhdudiyyəti yaranır: “Uzunboğaz çəkmələrlə uşaqları belimizdə aparıb gətiririk. Yaşlı qadınlar, körpə uşaqlar az yağış yağan kimi evdən bayıra çıxa bilmirlər. Nə yanğınsöndürən gəlir bu məhəlləyə, nə də təcili yardım. Hər il yağış məhəlləmizi sel kimi yuyub aparır. Qapısını döymədiyimiz əlaqədar qurum qalmayıb. Eşidən var, amma problemi həll edən yox” .

Şövkət Həsənova da eyni problemdən şikayətlənir: “Evimə dolur yağan yağış. Kanalizasiya tam evin içinə qədər gəlir. Trapdan evə dolur. Nə addım atmaq olur, nə də anti-sanitar vəziyyətə dözmək. İllərdir bu dözülməz durumla üz-üzəyik”.

Çirkli suların axıdılması üçün nəzərdə tutulmuş boru xətti daşaraq, ətrafda olan bütün evlərin zirzəmisinə dolur.

Sakinləri dinləyib, yaşanan problemi kameramızın yaddaşına köçürdükdən sonra üz tutduq Sabunçu Rayon İcra Hakimiyyətinə. İcra Hakimiyyəti başçısının köməkçisi Müslüm müəllim bizi qəsəbə İcra Nümayəndəliyinə yönləndirdi. İcra nümayəndəsi Məhəmməd Əsədovla görüşdük. Baş verənlərdən məlumatlı olduğunu deyən Məhəmməd Əsədov qeyd etdi ki, İcra Hakimiyyətinin başçılığı və “Azərsu “ASC-nin mütəxəssisləri ilə Bünyadzadə küçəsi 63/1 ünvanında yaşayan sakinlərlə görüşüb, problemlə yerində tanış olublar. Sabunçu rayonunda, ümumiyyətlə, kanalizasiya xətlərinin olmadığını deyən Məhəmməd Əsədov əlavə etdi ki, tezliklə məhəlləyə yağışötürücü boru xətti çəkiləcək. Bununla da problem kökündən həll olunmasa da, sakinlərin qarşı-şaxtalı günlərdə, yağışlı havalarda məhəllədən keçidi qismən də olsa, təmin olunacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın