10:58 31 Oktyabr 2020 434
Ana səhifə Xəbərlər

Şübhəli şəxsi və terrorçunu necə müəyyən etməli? – ARAŞDIRMA

Döyüş meydanında layiqli cavabın alaraq məğlubiyyətə uğradılan Ermənistan hökuməti və ordusu namərdcəsinə dinc sakinləri hədəfə almaqla heyif çıxmağa çalışır.

APA TV-nin xəbərinə görə, düşmən bununla həm də Azərbaycan vətəndaşlarının qələbə əzmini sarsıtmağa, qorxu və çaşqınlıq yaratmağa cəhd edir.

Elə bu yaxınlarda Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı xəbərdarlıqda da qeyd olunurdu ki, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycanın böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər. Bu səbəbdən Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırır, yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 4059999 nömrəli telefonla, eləcə də yerli polis və digər hüquq mühafizə orqanlarına bildirmələri xahiş olunur.

Ölkə ərazisində tətbiq olunan hərbi vəziyyət hər bir vətəndaşdan dövlətimizin və ordumuzun yanında olmağı, bacardığı dəstəyi göstərməyi tələb edir. Bu işdə üzərimizə düşən mühüm vəzifələrdən biri gördüyümüz şübhəli şəxs və ya əşya barəsində polisə məlumat verməkdir.

Lakin vətəndaşlar tərəfindən şəxsin şübhəli olub-olmadığını müəyyən etmək bir qədər hazırlıq tələb edir. Psixoloq, bədən dili üzrə mütəxəssis Babək Bayramovun sözlərinə görə, terrorçuluq fəaliyyətinə cəlb olunan şəxslər xüsusi şəraitdə yetişdirilirlər və “vacib bir amal” uğurunda mübarizə apardıqları psixoloji olaraq onların beyninə yeridilir. Hipnoz altında olmalarına baxmayaraq, reaksiyalarını kənardan hiss etmək mümkün olur: “Bir çox hallarda terrorçuları tanımaq, xüsusən professional terrorçuları tanımaq çətin hesab oluna bilər. Lakin bu o qədər də çətin deyil. Yəni sadə insanların tanıya biləcəyi müəyyən əlamətləri var. İki cür terrorçular var. Kamikadzelər, yəni canlı bombalar, digərləri isə uzaqdan idarə olunanlar. Canlı bombalarda stress səviyyəsi daha yüksək olur. Çünki əvvəl belə bir təcrübə yaşamayıb insan ölümə getməsi ilə bağlı. Stress, tədirginlik, tərləmə kimi əlamətlər hiss oluna bilər. Xüsusən mövsümə uyğun olmayan şəraitdə geyinə bilərlər. Məsələn, qalın palto. Çünki 18-20 kiloluq bombanı üzərlərində gizlətmək tələb olunur. Bu isə onların yerişlərinə də təsir edir. Daha çox dimdik və kontrollu yeriməyə çalışarlar”.

Psixoloqun sözlərinə görə, terror qruplaşmalarına cəlb edilən şəxslərə bəzi hallarda cənnət vədi kimi müxtəlif dini təsirlər də edilir. Bu səbəbdən çirkin əməlini həyata keçirməzdən öncə bu şəxslərin müəyyən ölümqabağı dualar da etdiyini görə bilərik. Həmçinin iri çantalar gəzdirmək, saqqal saxlamaq, psixotrop maddələrin təsiri altında olmaq da terror törədəcək şəxslərin davranışlarına aid edilə bilər.

Bəs qadınların terrorçu olub-olmadığını necə müəyyən edə bilərik?

Babək Bayramov deyir ki, dünya praktikasında qadınlardan terrorçu olaraq istifadə edilməsi geniş şəkildə öz əksini tapıb: “Çünki qadınlar bu işdə daha əlverişlidirlər. Zatən onlar çanta gəzdirirlər və xüsusən də çadradan istifadə etmək imkanlarına malik ola bilirlər. Lakin sadaladığımız əlamətləri universal olaraq (kişi və qadın üçün) ümumi götürə bilərik. Qadın, bildiyimiz kimi, kosmetika çantası gəzdirir, lakin partlayıcı bir şey varsa, deməli, çanta iri olacaq. Sürətlə nəfəs alıb-verə, yeriməklərində fərq hiss oluna bilər”.

Bakı Şəhər Baş Polis İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə vətəndaşları bir daha mövcud şəraitə uyğun olaraq hərəkət etməyə, ayıq-sayıq olmağa çağırır. Onun sözlərinə görə, vətəndaşlar birmənalı olaraq şübhəli hesab etdiyi əşyalara toxunmamalı, şübhəli bildiyi şəxslərlə bağlı dərhal polis əməkdaşlarına və Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verməlidirlər: “Şübhəliliyin hansı formada olması situasiyalardan asılı olan haldır. Şəxsin özünü necə aparmasından, həmin əşyanı hara qoymasından çox şey asılıdır. Əşya orda neçə dəqiqədir qalıb və s. Vətəndaş hər gün getdiyi yerdə rastlaşmadığı bir halla qarşılaşarsa və yaxud tanımadığı bir insanın həmin ərazidəki adamlardan mütəmadi olaraq haranısa soruşması şübhə yarada bilər”.

Təbii ki, bu əlamətləri müşahidə etdiyimiz hər kəsin terrorçu olduğunu düşünməyimiz və bu halda panikaya qapılmağımız doğru deyil. Lakin şübhələndiyimiz hər bir şəxs və ya əşya barəsində mütləq məlumat verməyimiz vacibdir. Sonradan peşman olmamaq üçün...

Xələf Xələfov

Üzeyir Ağayev

Musa Qulammirzəyev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın