17:20 11 Sentyabr 2020 699
Ana səhifə Xəbərlər

Sumqayıta gedən yeni yolu kim işıqlandırmalıdır? - QURUMLAR BİR-BİRİNİ İTTİHAM EDİR

Bəzi yollar günün qaranlıq saatlarında işıqlandırılsa da, təəssüf ki, bunu bütün yollara şamil etmək olmur. Müəyyən ərazilər var ki, avtomobillərin intensiv hərəkət etdiyi yollarda belə işıqlandırma yoxdur. Və təbii ki, bu da həmin yollarda qəzaları qaçılmaz edir.

APA TV xəbər verir ki, həmin yollardan biri Saray qəsəbəsinə gedən yeni yol qovşağıdır. Nə işıq dirəyi var, nə yol nişanı. Yoldakı zülmət qaranlıq.

Hazırda durduğumuz yol Xırdalan istiqamətindən Saray istiqamətinə gələn yeni yol adlanır. Sürücülərin əksəriyyəti məhz bu yoldan istifadə edir. Bu yoldan sürücülərin istifadə etməsinə səbəb isə mənzil başına çatmaqlarına 3-4 kilometr qısa məsafə qət etmələridir. Yəni bu yol məsafəni 3-4 kilometr qısaldır. Gecə saatlarıdır, amma yolda işıqlandırma yoxdur.

Bu yolu, ölüm yolu da adlandırmaq olar. Buna səbəb də var. Çünki avtomobil yolunda gecənin qaranlıq saatlarında tez-tez qəzalar baş verir. Sentyabrın 9-da baş verən qəzanı da buna misal çəkmək olar. Həmin gün, gecə saatlarında baş verən qəza zamanı 8 nəfər yaralandı, 1 nəfər isə dünyasını dəyişdi.

Bəs rəsmi qurumlar nə deyir?

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyir ki, sözügedən yolda təmir işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirib. Lakin qurum yalnız yolun asfalt örtüyünün yenilənməsi işlərinə baxır. Yoldakı işıqlandırmanın isə Agentliyə aidiyyəti yoxdur. Həmin yolun işıqlandırılması prosesini yerli icra strukturları həyata keçirməlidir.

Diqqətdən kənar qalan yol inzibati ərazi üzrə Abşeron Rayonunun ərazisi olduğundan İcra hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin mətbuat şöbəsinin müdiri Seymur Qasımbəyli bildirdi ki, qəzanın baş verdiyi ərazi magistral dairəvi yol sayıldığına görə, ərazinin işıqlandırılması məsələsinə də yol çəkilişini həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdehdir.

Maraqlıdır hər iki qurum bu qədər ciddi bir problemdən çıxış yolunu bir-birini günahlandırmaqda görür. Bir həqiqət isə ortada gün kimi aydındır. Kimlərinsə məsuliyyətsizliyi ucbatından bir gecədə 8 nəfər yaralandı, 1 nəfər isə öldü. Belə görünür ki, bu məsuliyyətsizlik davam etdikcə qurbanların sayı hələ çox olacaq.

Yeri gəlmişkən xatırladaq ki, 2018-ci ildə ölkə prezidenti "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Məqsəd isə ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir. Yolların ölüm əvəzində işıq saçması üçün aidiyyəti qurum və ya qurumların üzərinə düşən vəzifə də təbii ki, məlumdur.

Məsələyə qayıdacağıq.

İlahə Vəliyeva

Ramil Zeynallı

Əli Əliyev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın