05:20 10 Oktyabr 2019 22
Ana səhifə Xəbərlər

Sumqayıtda I Mədəniyyət festivalı keçirilib

Sumqayıtda ilk dəfə olaraq I Mədəniyyət festivalı keçirilib.

APA TV-nin yerli bürosunun məlumatına görə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi və şəhərin 70 illik yubileyinə həsr edilmiş ilk mədəniyyət festivalında Abşeron, Xızı, Şuşa, Zəngilan, Qubadlı rayonları ilə yanaşı, Şamaxı, İsmayıllı, Quba və Kürdəmir rayonlarının mədəniyyət kollektivləri də iştirak ediblər.

Festivalda şəhər sakinlərinə və qonaqlara bölgələrdən olan kollektivlərin iştirakı musiqi nümunələri, regionların folklor və mətbəx nümunələrini təqdim olunub. Bununla yanaşı mədəniyyət tədbirində tarixi eksponatlar, dekorativ tətbiqi sənət nümunələri də nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov mədəniyyət festivalının davamlı olmasına çalışacaqlarını deyib: “Sumqayıt bu gün kollektivlərlə konsert verməyə hazırdır. Artıq bizim üçün gözəlləşən, doğmalaşan şəhərimiz festivallar şəhərinə çevrilməlidir. İl ərzində biz müxtəlif səpgili festivallar keçirməliyik ki, gələcəkdə bundan sonra davamlı olaraq Sumqayıtda beynəlxalq festivallar həyata keçirilsin”.

Festival çərçivəsində qədim misgərlik sənət nümunələri də sərgilənib. Bildirilib ki, belə festivalların keçirilməsi milli-mənəvi dəyərlərin təbliğinə xidmət etməklə yanaşı, regionlara məxsus adət-ənənələrin təşviqi baxımından mühüm rol oynayır.

I Mədəniyyət Festivalında təqdim olunan mədəniyyət nümunələrinə Sumqayıt İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhərin digər strukturlarının rəhbərləri, eləcə də şəhər ictimaiyyəti tamaşa ediblər.

Tədbirdə Sumqayıt musiqi məktəblərinin müəllimlərindən ibarət xalq çalğı alətləri orkestri və xor kollektivi də konsert proqramı ilə çıxış edib.

Sonda Sumqayıtın 70 illik yubileyi ilə bağlı keçirilən "Sumqayıta həsr olunmuş ən yaxşı şeir” və "Sumqayıta həsr olunmuş ən yaxşı mahnı” müsabiqələrinin qalibləri də mükafatlandırılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın