10:37 15 Yanvar 2021 243
Ana səhifə Xəbərlər

Suqovuşanda şəhid olan "Artilleriyanın atası" - REPORTAJ

Suqovuşanın azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq göstərənlərdən biri də mayor Sübhi Balamirzə oğlu Mürsəliyevdir.

APA TV-nın yerli bürosunun xəbərinə görə, Sübhi 28 dekabr 1979-cu ildə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində hərbçi ailəsində anadan olub. Bakı Dövlət Universitetinin iqtisadi nəzəriyyə fakültəsini bitirdikdən sonra ömrünün 20 ilini hərbi sahəyə həsr edib.

Atası Balamirzə Mürsəliyev Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, ehtiyata buraxıldıqdan sonra Qurbanəfəndi kənd tam orta məktəbində 36 il hərbi fənni tədris edib. Övladlarını vətənpərvər ruhda yetişdirən, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün onların döyüşə daim hazır olmasını istəyən Balamirzə müəllimin 4 oğlundan 3-ü hərbçi olub. Onlardan mayor Sübhi Mürsəliyev və hərbi həkim, mayor Sidqi Mürsəliyev Vətən müharibəsində fəal iştirak ediblər. Balamirzə müəllimin digər oğlu, baş leytenant Səbuhi Mürsəliyev isə ehtiyatda olan zabitdir.

Uşaqlıqdan hərbi sahəyə böyük marağı olan Sübhi Mürsəliyevi torpaqlarımızın yağı düşməndən azad olunması fikri həmişə düşündürüb. Elə buna görə də ali məktəbi bitirdikdən sonra hərbi xidmətə zabit kimi yollanıb. Hərbi xidməti boyunca daim cəbhə bölgəsində düşmənlə üz-üzə olan Ağdam, Tərtər, Tovuz və Goranboy ərazisində xidmət edib. Göstərdiyi şücaətlərinə görə hərbi hissə komandirlərinin rəğbətini qazanır, savadlı, uzaqgörən zabit kimi önə çəkilir. Tez bir zamanda tağım komandirliyindən hərbi hissənin artilleriya rəisi vəzifəsinə qədər yüksəlir. Savadlı və bacarıqlı olduğuna görə əsgər və zabit yoldaşları tərəfindən "Artilleriyanın atası" hesab olunub.

Sübhi Mürsəliyev 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsi zamanı tabeliyində olan hərbi bölmələrlə birgə düşmənin qorxulu röyasına çevrilib. Amma təəssüf ki, cəmi bir neçə gün sonra - sentyabrın 30-da Suqovuşan ərazisində gedən gərgin döyüşlərdə 28 əsgərini ölümdən xilas edərkən qəhrəmancasına şəhid olub.

Şəhidin qardaşı Nəsimi Mürsəliyev deyir ki, Sübhi ona həm dost, həm də qardaş olub: "O, əsgərlikdə həm də mənim komandirim olmuşdu. Mülki həyatda qardaşımın qəhrəmanlığını hiss etmirdim. Hərbi xidmətdə olanda onun necə vətənpərvər olduğunu, xalqımıza olan sevgisini gördüm. Mən cəbhə bölgəsində hərbi xidmətdə olanda qardaşım Sübhi düşmənin işğalındakı torpaqları mənə göstərərdi, deyərdi ki, kaş müharibə başlayardı, erməniləri torpağımızdan qovardıq. Aprel döyüşlərində və Vətən Müharibəsində fədakarlıq göstərib. Sentyabrın 27-də qardaşım mənə zəng elədi, dedi ki, müharibə başladı, inşallah, Şuşadan, Kəlbəcərdən şəkillər çəkib göndərəcəm. Düzdür, Şuşanın işğaldan azad olunmasını görmək ona qismət olmadı. Lakin şəhid olaraq cənnətə düşdü, qardaşım indi cənnətdə azad Şuşanı görür”.

Şəhidin həyat yoldaşı İlahə Mürsəliyeva yoldaşının vətənə çox bağlı biri olduğunu deyir: "Bizim iki oğlumuz, bir qızımız var. Həyat yoldaşım Sübhi çox vətənpərvər insan idi. O, övladlarını da bu ruhda böyüdürdü. Həmişə ön cəbhədə xidmət edib. Mən həyəcan keçirirdim, ona görə narahat idim. Yoldaşım deyirdi ki, mən şəhid olan oğullardan artıq deyiləm. Allah mənə şəhid olmağı qismət edəcəksə, olacam. Müharibə başlayanda zəng elədi ki, uşaqları sənə tapşırıram. Hər şey ola bilər, qorxmayın, səbirli olun. Çox təəssüf edirəm ki, yoldaşım Şuşanın işğaldan azad olunmasını görə bilmədi. Mənim yoldaşım şəhid oldu, başımızı uca etdi. Çalışacağam övladlarımızı vətənpərvər ruhda böyüdüm".

Şəhidin anası Cəmilə xanım oğlu ilə fəxr etdiyini deyir: "Mən şəhid anasıyam. Bununla fəxr edirəm. Vətən sağ olsun. Ailə üzlərimin çoxu, bir ay öncə vəfat edən həyat yoldaşım Balamirzə Mürsəliyev, oğlanlarım hərbçidir. Ata öz uşaqlarını vətənpərvərlik ruhda böyüdüb, onlarda hərbi sahəyə maraq yaradıb. Şəhid anası olmaq böyük qürurdur. Bütün şəhid ailələrinə baş sağlığı verirəm, qazilərə can sağlığı diləyirəm. Onlara şən həyat arzu edirəm".

Şəhidin oğlu Rüstəm də atası kimi hərbçi olmaq qərarına gəlib: “İndi o, hərbinin ən yüksək zirvəsi olan şəhidlik zirvəsinə ucalıb. Atam mənə həyatda hərbçi və şəhid olmağı daddırdı. Mən qardaşıma və bacıma atamın yoxluğunu hiss etməyə imkan verməyəcəm. Mən də böyüyəndə atam kimi hərbçi olacam. Atam həmişə vətənpərvərlik, vətəni sevməyi öyrədirdi".

Şəhid mayor Sübhi Balamirzə oğlu Mürsəliyev ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Şahnəzər Bəşirov,

İsmayıllı,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın