10:30 11 Fevral 2021 375
Ana səhifə Xəbərlər

Şuşada düşmənin arxadan bıçaqladığı şəhid – REPORTAJ

“Mən şəhid olsam, arxamca ağlamayın”. APA TV-nin məlumatına görə, bu sözlər Vətən müharibəsinin 20 yaşlı şəhidi Yalçın Rəhimova məxsusdur.

2000-ci ilin 15 iyulunda Ağsu rayonunun Çaparlı kəndində doğulan və uşaqlıqdan hərbiyə marağı olan Yalçın yeniyetməlik illərində güləş, kikboksinq və üzgüçülüklə məşğul olub.

Sözügedən idman növlərində dəfələrlə uğur qazanan Yalçın Rəhimov 2018-ci ilin oktyabrın hərbi xidmətə yollanıb. Naxçıvan Muxtar Respublikasındakı N saylı hərbi hissədə xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qoşunların (XTQ) tərkibində müddətdən artıq xidmət keçməyə başlayıb. Vətən müharibəsi başlananda XTQ-nin tərkibində döyüşlərə qatılan Yalçın Rəhimov cəbhənin ən gərgin nöqtələrində döyüşüb və Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Zəngilan, Qubadlı rayonlarının və Şuşa şəhərinin işğaldan azad edilməsində xüsusi fəallıq göstərib.

Döyüşlər zamanı düşmənin neçə-neçə hərbçisini məhv edən qəhrəmanımızın sonuncu döyüşü Şuşa şəhəri uğrunda olub. Yalçın şəhərin işğaldan azad olunması uğrunda gedən ağır döyüşdə yaralansa da, döyüş meydanındakı yaralı döyüş yoldaşlarını bir-bir odun-alovun içərisindən çıxarıb.

Dostlarının həyatını xilas edən 20 yaşlı qəhrəmanımız yenidən döyüş meydanına qayıdarkən, xain düşmənin pusqusuna düşüb. Mühasirəyə düşən Yalçın əlbəyaxa döyüşdə onlarla erməni əsgərini məhv edib. Yalçının qarşısını heç cür ala bilməyən düşmən yalnız onu arxadan bıçaqlamaqla durdura bilib.

Yalçın Elçin oğlu Rəhimov 2020-ci ilin 7 noyabrında - böyük qələbəyə az qalmış düşmənin çoxlu sayda canlı qüvvəsi ilə döyüş zamanı boyun nahiyəsindən aldığı bıçaq xəsarətindən şəhid olub. Şəhidimiz noyabrın 13-də Ağsu rayonunun Çaparlı kənd qəbiristanlığında dəfn olunub.

Şəhidin valideynləri deyir ki, övladları döyüşçü olmaq üçün doğulmuşdu. Hər telefon danışığında Yalçın onlara müharibədə olmadığını və hər şeyin yaxşı olacağını deyib. Sonuncu danışıqları isə dəfə oktyabrın 15-də olub:

- Xüsusi təyinatlı işlədiyi müddətdə özünə yaxşı dostlar qazanmışdı. O, dostlarından ötrü canından belə keçməyə hazır idi. İşə bax ki, Yalçın döyüş meydanında həmin dostları ilə çiyin-çiyinə döyüşürdü. Dostlarından soruşurdum ki, Yalçının son sözü nə olub. Deyirdilər ki, tək Yalçının yox, hamımızın bir sözü var idi - bir-birimizi qoruyaq və sağ-salamat geri qayıdaq. Yalçın dostlarına deyib ki, əgər mənə şəhidlik qismət olsa, valideynlərimə deyərsiniz ki, məndən ötrü ağlamasınlar və mənimlə fəxr etsinlər.

- Arzum var idi onun toyunu edəm, gəlinini gətirəm. Ona qurbanını kəsim. Bu evi Yalçın tikdirmişdi. Bizim evimiz rayondadır. Dedi, ana, mən buranı istəyirəm. Dedim onda qardaşınla biz rayona gedərik, bu ev sənin olar. Öz bibisi qızını nişanlamışdıq ona. 2 il idi ki, nişanlı idilər. Demişdi ki, 3 illik müqaviləm bitsin, toyumu edərsiniz. Heç bir arzusuna çatmadı.

Şəhidin böyük qardaşı Rasim Rəhimov da Vətən müharibəsinin iştirakçısıdır. O qardaşının döyüşlərə qatıldığından xəbərdar olsa da, şəhid olma xəbərini yalnız tərxis olub evinə qayıdandan sonra bilib: “Axırıncı dəfə mənə zəng vurdu. Onda döyüşün ortasında idim. Danışdıq. Dedi ki, neynirsən? Dedim ki, heç nə salamatam. O, mənə axırıncı dəfə elə formada qardaş dedi ki, mən hələ ondan bu formada qardaş kəlməsi eşitməmişdim. O qardaş sözünün təəssüratı hələ də ağlımdan getmir. Mən hardan biləydim ki, o kəlmə axırıncı dəfə qardaş kəlməsi olacaq mənim üçün. Axırıncı danışığımız onda olub”.

Bacısı Nuridə Rəhimova deyir ki, Yalçının itkisi nə qədər çətin olsa da biz onunla fəxr edirik: “Oğul var evdən gedər, oğul da var eldən gedər. Bizim də Yalçınımız eldən getdi. Bu gün onun itkisi nə qədər çətin olsa da, biz Yalçınla fəxr edirik. Uşaq yaşlarında idmana gedərdi. Hər dəfə də diplom və sertifikatlar alıb gətirərdi. Həmişə də çantasında bayraq gəzdirərdi. Medal və diplomlarını evi gətirən də hər zaman bayrağın önündə durub şəkil çəkdirərdi. Belə bir şəkli də var”.

Şəhidin doğmaları və onu tanıyanlar onu mülayim xasiyyətli, zarafatcıl, xeyirxah və bir o qədər də vətənpərvər bir insan kimi xatırlayır:

- Yaxşı, mərd, ağıllı, heç kimin qəlbini incitməyən bir uşaq idi. Həmişə gəlib məni öpüb qucaqlayardı. Zarafatlarından qalmazdı. Deyərdi, nənə, gəl şəkil çəkdirək.

- Yalçın çox mehriban və istiqanlı uşaq idi. O, uşaqlarla uşaq kimi, böyüklərlə böyük kimi idi. Hələ ondan heç kimin bir dəfə də olsun incikliyi olmayıb. Həddən artıq vətənpərvər və mərd uşaq idi. Ondan nə qədər danışsaq, yerə-göyə sığmaz.

Yalçının ailəsi ilə sağollaşıb onun təhsil aldığı Nardaran qəsəbəsindəki 295 saylı tam orta məktəbə yollandıq. Şəhidimizin müəllimi Dilarə Cəbrayılova onun məktəbdə təhsil aldığı illərdə nizam-intizamlı, məktəbin ictimai-siyasi həyatında fəal iştirak edən bir şagird kimi xatırlayır: “Yalçın hər dəfə hansısa bir nailiyyət əldə edəndə sinif rəhbəri ilə mənim otağıma gəlirdi və bu sevincini mənimlə bölüşürdü. Şagirdlər həmişə onun dedikləri ilə hesablaşıblar. Çox xeyirxah uşaq idi. Hər zaman pisliyə qarşı olub Yalçın. Xeyir tərəfdarı idi”.

Yalçının bir vaxtlar əyləşdiyi parta digərlərindən fərqlənir. Öz şücaəti ilə dastan yazan Yalçının əyləşdiyi partada bundan sonra neçə-neçə yalçınlar təhsil alıb Vətənin vətən daşı olacaqlar. Eynən 20 yaşlı şəhidimiz Yalçın Rəhimov kimi...

Məlumat üçün bildirək ki, şəhid Yalçın Elçin oğlu Rəhimov ölümündən sonra Prezidentin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Həmidağa Məcidov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın