17:36 17 Mart 2021 160
Ana səhifə Xəbərlər

Şuşada Novruz tonqalı – BİZİM ŞƏRH

44 gün... Və ya Azərbaycan Ordusunun ermənilərə tutduğu 44 günlük "toy"... Beş ildə itirilənləri geri qaytarmaq üçün lazım olan zaman... Bəli, Vətən Müharibəsi və ya İkinci Qarabağ savaşı tarixə məhz bu cür düşdü.

Başlayaq lap əvvəldən. Hələ 1988-ci ildən başlayan Qarabağ münaqişəsi zamanı ermənilər xalqımıza qarşı müxtəlif vaxtlarda qətliamlar, soyqırımlar törətdi. 1992-ci ilin fevralın 17-də Qaradağlı faciəsi, ondan cəmi 9 gün sonra Xocalıda törədilən soyqırım və bunun kimi daha neçə-neçə vəhşiliklər unudula bilməzdi. Unudulmadı da.

Özünü ədalətin rəmzi kimi göstərməyə çalışan böyük dövlətlər isə tarixin yaddaşından silinməyəcək bu vəhşilikləri görməzdən gəldilər. Amma Azərbaycan əsgəri unutmadı anasının, atasının, bacısının, qardaşının başına gətirilən müsibətləri. Daim qisas hissi ilə yaşadı. Doğulduğu və bir zamanlar ayaqyalın, başıaçıq, bir çoxunun isə anasının, atasının qucağında tərk etdiyi o torpaqlara qayıtmaq üçün səbrlə, təmkinlə gözlədilər. Bəlkə sülh yolu ilə düşmən işğal etdiyi torpaqları geri qaytarar deyə. Amma olmadı. Erməni xisləti 30 il ərzində dəyişmədi. Verilən vədlər yerinə yetirilmədi. Keçən hər gün isə xalqımızın səbir kasasını bir az daha doldururdu. Və nəhayət, hər kəsin gözlədiyi o gün çatdı.

27 sentyabr 2020-ci il...

Hər biri fərqli yerlərdə, fərqli həyatlar yaşasa da, onları həmin gün bir dəyər birləşdirdi: qisas hissi. O qisas ki, 30 ildir düşmənin keçilməz sandığı "Ohanyan səddi"ni 30 dəqiqəyə keçdi Azərbaycan Ordusu. İllərdir ermənilərin orduları haqqında yaratdığı “yenilməzlik” mifi belə dayandıra bilmədi bizi.

Bu Vətən torpağı üçün birləşib bir yumruq oldular. “Dəmir yumruq”. Düşmənin başını əzmək üçün. Bu yolda kimisi şəhid oldu, kimisi qazi. Amma dönmədilər yollarından. "Həkim, mənim yaramı sarı cəbhəyə qayıdım, qardaşlarım mənsiz qalıb", - dedi hər biri. Çünki damarlarındakı Vətən sevgisi, ruhlarındakı qeyrət artıq dözə bilmirdi. 30 il sonra analarımızın, bacılarımızın, uşaqlarımızın, atalarımızın qisasını almaq üçün onlara meydan verilmişdi. Verilən meydandan isə alnıaçıq, üzüağ çıxdıq.

90-cı illərdən fərqli olaraq, bu dəfə güclənərək, əlimizdə silah, qolumuzda qüvvətlə geri dönmüşdük. Elə buna görə də bu dəfə məğlub deyil, qalib xalq kimi çıxdıq bu müharibədən. Bu dəfə dünyanı bizdən danışmağa məcbur etdik. Amma müasir müharibə aparan bir xalq kimi. Mübariz, öz haqqını tələb edən, lazım gələrsə, bir yumruq kimi birləşməyi bacaran bir xalq kimi dünyanı bizdən danışmağa, bizə daha ciddi yanaşmağa məcbur etdik.

30 ildir bütün beynəlxalq tədbirlərdə, təmsil olunduğumuz hər yerdə, ölkə başçısından tutmuş adi vətəndaşına qədər dediyimiz “Qarabağı heç kimə güzəştə getməyəcəyik” sözünün arxasında durduğumuzu göstərdik hər kəsə.

Hər qarış üçün qan tökdük, can verdik. Amma şəhidlərimizin qisasını yerdə qoymadıq. Hər addımı ilə zəfər yazdı Azərbaycan Ordusu. Təkcə Şuşa döyüşləri hər kəs üçün, dünya üçün örnək oldu. Beş ildə itirilən torpaqlarımızı 44 günə geri qaytardıq.

Bu yolda 3 minə yaxın şəhid verdik. Onlar biz var olaq deyə öz canlarını fəda etdilər. Sipər oldular düşmən gülləsinə. Biz daha rahat yaşaya bilək deyə...

Hər biri bir qəhrəmanlıq dastanı yazarkən geridə qalanları düşünmədilər. Bilə-bilə ölümün gözünə dik baxdılar. Bu qəhrəmanların qanı ilə yuduq o torpaqları. Elə buna görə də Vətən Müharibəsində qazanan biz olduq...

Və düz 30 ildən sonra yenidən bütövləşən Vətənin övladları kimi Qarabağda tonqal yandırdıq. Sevincimizi bu tonqal vasitəsilə dostlarımızla bölüşdük.

İndi bizim bir borcumuz var. Üç minə yaxın şəhidin qanı bahasına bütövləşən Vətəni bundan sonra qorumaq...

Mirislam Əhmədoğlu

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın