10:35 26 Noyabr 2020 692
Ana səhifə Xəbərlər

Şuşada şəhid olan üçqat dünya çempionu - REPORTAJ

Kikboksinq üzrə üçqat dünya çempionu Kərəm Veyisov Vətən Müharibəsində Füzulidən Şuşayadək döyüş yolu keçərək qəhrəmancasına şəhid olub.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 1998-ci ildə Xaçmazda doğulan Kərəm iyul döyüşlərindən sonra cəbhəyə könüllü yazılıb.

Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan qəhrəman çavuş manqa komandiri kimi döyüşlərə atılıb. Füzuli uğrunda gedən ağır savaşda yaralanıb. Bir həftə sonra yenidən döyüşlərə qatılıb. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının işğaldan azad olunmasında fəal iştirak edib.

Anası Nərgiz Veyisova bildirir ki, hər dəfə rayonlarımız düşmən tapdağından xilas olunanda Kərəm evə zəng edib sevincini onlarla və qardaşı ilə bölüşüb: “Hər döyüşdən sonra yaxşı təəssüratla danışırdı. Torpaqlarımız azad edəcəklərindən danışırdı, deyirdi çox uğurla döyüşürəm. Döyüş yoldaşlarından da çox razı idi. Hər kənd alınanda danışırdı. Füzulidə yaralanmışdı, Beyləqanda yatdı hospitalda. Yenidən döyüşlərə qatıldı sağalmamış. Çox ruh yüksəkliyi var idi onda. Düzdür, biz ondan qələbə xəbərini gözləyirdik, amma onun şəhid olması bizim üçün də çox ağır idi. Bir ana olaraq qürurludur ki, övladım Vətən uğrunda şəhid olub, həm də bir övlad itkisidir. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzu edirəm. Vətənin başı sağ olsun!”

Hərbçi yoldaşlarının söylədiyinə görə, Kərəm Şuşanın alınmasında böyük şücaət göstərib və müqəddəs şəhərimizdə üçrəngli bayrağımızın dalğalanmasına şahidlik edib. Şəhidin atası Səttar Veyisov deyir ki, müharibənin bitməsinə saatlar qalarkən isə Şuşa şəhərində düşmən mərmisinin yaxınlığında partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb: “Uşaqlıqdan idmana marağı vardı. Kikboksinqdə beynəlxalq arenada uğurlar qazandı. Adını könüllü cəbhəyə yazdırmağından heç bizim xəbərimiz olmayıb. Sonradan dedi. Cəbhəyə yollanandan sonra Horadizdə olduğunu bildirdi. Sonra bir neçə gün əlaqə saxlaya bilmədik. Sonra zəng vuranda bildirdi ki, ağır döyüşlərdə yaralanıb, amma hər şey yaxşıdır. Yenidən döyüşlərə qatıldı. Ordumuz irəlilədikcə Zəngilandan, Qubadlıdan sorağı gəldi. Sonuncu zəngi Xankəndi ətrafından etmişdi. Dedi ki, Şuşaya qalxırıq. Döyüş yoldaşları Kərəmi “Canavar” deyə çağırırdı. Dediklərinə görə, düşməni yalın əlləriylə boğaraq məhv edirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Otuz ildən sonra qəhrəman oğullarımızın və Ali Baş Komandanımızın sayəsində torpaqlarımızı işğaldan azad etdik”.

Şəhidin qardaşı Valeh Veyisov deyir ki, şəhid qardaşı olmaq mənim üçün qürurvericidir: “Bilirəm ki, o, daim zirvələrdədir. Hər qələbəsini bir yerdə qeyd eləmişik, şəhidlik isə ən ali bir zivədir. Ən böyük qələbəsi bu oldu”.

Məşqçisi Ramin Nəcəfov deyir ki, döyüş meydanında erməniləri məğlub edən Kərəm idman yarışlarında da dəfələrlə erməni idmançıları məğlub etməyi bacarıb: “İdman yarışlarında da dəfələrlə ermənilərlə üzləşib. Hər dəfə də onları diz çökdürməyi bacarıb”.

Kərəm Veyisov idman sahəsindəki uğurları ilə də özündən söz etdirməyi bacarmışdı. 11 yaşından kikboksinqlə məşğul olan Kərəm dəfələrlə Azərbaycan birinciliyinin, bir sıra nüfuzlu beynəlxalq yarışların, o cümlədən üç dəfə dünya çempionatının qalibi adını qazanıb. Ötən ildən isə “Çempion” kikboksinq klubunu yaradaraq məşqçiliyə başlamışdı. Klubda təşkil etdiyi ilk yarış 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuşdu.

Kərəm Veyisov həm idman yarışlarında, həm də döyüş meydanında bayrağımız şərəflə dalğalandırmağı bacaran qəhrəman kimi xalqımızın yaddaşında daim qalacaq.

Vəli Turan

Mais Allahverdiyev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın