05:20 13 Noyabr 2019 217
Ana səhifə Xəbərlər

Tahir Kərimli: “Hərbi xərclər azalıb, bəyəm müharibəni udmuşuq?”

“Biz 2 ildə 2 yeni Baş Nazirin iştirakı ilə yeni büdcə layihəsini müzakirə edirik. Heç şübhəsiz ki, burada bir məna var”.

APA TV-nin məlumatına görə, bunu deputat Zahid Oruc parlamentin noyabrın 13-də keçirilən plenar iclasında deyib.

O, prezident İlham Əliyevin yeni çağırışlarına diqqət çəkib: “Birinci növbədə hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır. Cənab prezident yeni elitanı formalaşdırır. Bu, həm də hökumət və dövlət strukturlarını əhatə etməkdir. Yeni elitanın formalaşmasına hamı öz töhfəsini verməlidir. Ölkə başçısının irəli sürdüyü tələblərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır. Prezidentin öz ifadəsi ilə söyləsək, bir sıra hallarda insanları şərləyirlər, bizneslərini ələ keçirməyə cəhd edirlər, özləri üçün üstün iqtisadi şərait yaradırlar. Bu, təbii ki, aradan qaldırılmalıdır”.

Deputat Tahir Kərimli 2023-cü ilə qədər dövlət büdcəsində hərbi xərclərə ayrılan vəsait azaldığına etiraz edib: “Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilədək azalıb? Bəlkə biz Dağlıq Qarabağ müharibəsini udmuşuq? Büdcədə sosial sahəyə daha çox yer ayrılır. Lakin müdafiə məsələlərində diqqətli olmalıyıq”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev bildirib ki, layihə hazırlanarkən şəffaflıq və ədalətlilik prinsipi tam təmin olunmayıb. Dəfələrlə ölkə başçısı bildirib ki, büdcə vəsaitləri qənaətlə və səmərəli istifadə olunmalı, investisiya layihələri şişirdilməməlidir.

Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın