11:08 02 Sentyabr 2020 970
Ana səhifə Xəbərlər

Taksilər üçün təklif edilən yeni tarif nələri dəyişəcək? - ARAŞDIRMA

Taksilər üçün vahid tarif və kvota tətbiq ediləcək. Bu yenilik Bakı Nəqliyyat Agentliyinin hazırladığı yeni konsepsiyada öz əksini tapıb.

Bunu APA TV-yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Hüquq şöbəsinin müdiri Hikmət Babayev bildirib. Onun sözlərinə görə, yeni konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb: “Həmçinin vahid tarif sistemi olan yeni bir paket hazırlanaraq dövlət qurumlarına təklif edib. Hazırda bir sıra nazirliklərdə sözügedən məsələyə baxılır. Ola bilər vahid tarif olmasın bazar vasitəsilə tənzimlənən tariflər olsun. Bu tariflər minimal və maksimal hədlərdə müəyyən edilməlidir. Qiymətlər eyni zamanda kateqoriyaya görə də tənzimlənməlidir. Ekonom taksi xidmətinin bir qiyməti biznes taksi xidmətinin isə başqa qiyməti olmalıdır”

Hikmət Babayev deyir ki, vahid tarif və kvota tətbiq ediləndən sonra taksilər günün pik saatlarında gedişhaqqını artıra bilməyəcəklər. Bununla da yeni konsepsiyanın icrası nizamlı, qanuni, sərnişinlər üçün təhlükəsiz və rahat, eyni zamanda sürücülər üçün zəmanətli taksi xidmətinin təşkilinə imkan verəcək: “Rəqabət olmalıdır. Rəqabətsiz inkişaf ola bilməz. Amma rəqabət qiymət üzərindən deyil, keyfiyyət üzərindən olmalıdır. Çünki qiymət üzərindən olan rəqabət sürücülərin sosial inkişafının aşağı salınmasına gətirib çıxarır. Taksi xüsusi peşədir. Burada qanunvericiliklə nəzərdə tutulmuş qaydada təlimlər keçmiş, ixtisaslaşmış, peşəkar sürücülər tələblərə cavab verən taksilərlə əhalinin xidmətində olmalıdır”.

Bakı Nəqliyyat Agentliyinin rəsmisi deyir ki, bu proses mərhələli şəkildə aparılaraq təxminən iki il müddətində həyata keçiriləcək. Yeni konsepsiyanın fərdi taksi fəaliyyəti ilə məşğul olan şəxslərə yalnız o halda aid olacaq ki, həmin şəxslər xidmət keyfiyyətinə əməl etmiş olsunlar.

Milli Məclisin deputatı, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə deyir ki, son illərdə aparılan monitorinqlər taksi xidmətlərinin keyfiyyətini artırmağa ehtiyac olduğunu ortaya çıxarır. Son zamanlarda qiymətlərin aşağı düşməsi fonunda keyfiyyətin artması müşahidə edilməyib. Xüsusilə də pandemiya dövründə taksi sürücüləri tərəfindən pandemiya ilə bağlı qaydalara əməl edilməməsi halları daha da çoxalıb. Bir sıra hallarda taksi şirkətləri müştərilərin sifarişinə vaxtında cavab vermirlər. Bu da müştərilərin narazılığına səbəb olur. Bütün bunlar taksi xidmətləri üçün hər kəsin əməl edəcəyi müvafiq standartların müəyyənləşdirilməsinə ehtiyac olduğunu göstərir: “Həmin standartlar vasitəsilə taksi xidmətlərinin keyfiyyətinin artırılması mümkündür. Vahid tariflərin tətbiq edilməsi bir sıra ölkələrdə o cümlədən qonşu Türkiyədə tətbiq edilir. Vahid tariflərin tətbiq edilməsi bir tərəfdən taksi şirkətlərinin gəlirliyini təmin edir, onlara imkan yaradır ki, taksi parkını yeniləsin. Eyni zamanda, həmin tariflər müştərilər üçün də optimal olmalıdır. Hazırda tətbiq olunacaq strategiyada hansı tariflərin və ya qaydalar ilə bağlı hər hansı məlumat yoxdur. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, taksi xidmətlərinin fəaliyyətini tənzimləyən strategiyanın işlənib hazırlanmasına ehtiyac var”.

Vüqar Bayramov deyir ki, vahid tarif qəbul edilən zaman optimal tarifin müəyyənləşməsi vacib şərtlərdən biri olmalıdır. Bunun üçün də hazırlanacaq strategiya geniş müzakirə edilməli, bir sözlə, yüz ölçülüb bir biçilməlidir: “Qonşu Türkiyədə olduğu kimi vahid tariflərin müəyyənləşdirilsə də belə bu, şirkətlərin sektorda işinin davam etdirilməsinə imkan verməlidir. Türkiyə təcrübəsi göstərir ki, tariflərin müəyyənləşdirilməsi heç də monopoliyanın yaranması anlamına gəlmir. Vahid tariflər çoxlu sayda şirkətlərin də həmin qaydalar və tariflər çərçivəsində fəaliyyət göstərməsinə imkan verir. Hesab edirəm ki, optimal tariflər nəticədə bu sektorun canlanması baxımından vacibdir. Eyni zamanda tariflərin optimal olması müştərilərin taksi xidmətindən mütəmadi istifadəsi üçündə vacib hesab olunur”.

Paytaxt sakinləri arasında apardığımız sorğu zamanı isə taksi xidmətlərinin qiymət və keyfiyyətləri ilə bağlı fikirlər birmənalı olmadı:

- Taksidən istifadə edirəm. Hazırda qiymətlər və komfort məni qane edir. Düzdü çatışmayan tərəflər var. Hesab edirəm ki, bir sistemə cəmləşərsə o zaman xidmətə və keyfiyyətə nəzarət etmək daha mümkün olar.

- Taksinin qiymətləri əvvəl qane edirdi amma son zamanlar bir balaca bahalaşdırıblar. Xidmətləri daha yaxşı – elit və komfortlu olsa, kondisioneri olan avtomobillərdən istifadə etsələr o zaman, keyfiyyət bizi qane edər. Taksiyə minirik deyirəm kondisioneri qoş deyir əlavə 1 manat da ödəniş edin. Belə olmamalıdır, bir standart qiymət olmalıdır.

- Qiymətlər biz müştəriləri qane edir amma sürücüləri qane etmir. Dost tanışlardan taksidə işləyənlər var onlar hazırkı qiymətlərdən narazıdırlar.

20 ildən artıqdır fərdi taksi fəaliyyəti ilə məşğul olan Ələddin Babayev deyir ki, xüsusi şirkətlər tərəfindən fəaliyyət göstərən taksilərin ən böyük mənfi xüsusiyyəti həm sürücülərin, həm də avtomobillərin xidmət keyfiyyətinin aşağı olmasıdır: “Mən şirkət taksisi kimi fəaliyyət göstərmirəm. Fərdi taksi sürücüsüyəm. Məsələ ondadır ki, şirkət taksiləri o qədər ucuz aparır ki, biz pis günə qalırıq. Bizim 7 manatlıq yolu onlar 2 manata aparır. Burda qazanan sürücülər deyil bir şirkətlərdir, bir də müştərilər. Şirkətdə işləyən taksi sürücüləri gün ərzində 300 km yol gedir, maşın dağılır. Onlara qəpik quruş qalır”.

Digər sürücülər də bu tarifin onlar üçün xeyir etmədiyini deyirlər:

- Şirkət taksilərinin qiymətləri ancaq şirkətə və müştəriyə sərf edir. Şirkət əvvəlcədən faizini alır, müştəri də yolu ucuz gedir, amma sürücü qəpik qazanır. Standart qiymət olsa biz də fərdi yox, gedib elə şirkətlə müqavilə bağlayıb işləyərik.

Qeyd edək ki, paytaxt Bakıda hazırda 50-dən çox taksi şirkəti fəaliyyət göstərir ki, bunlardan da yalnız beşinin avtomobil parkı mövcuddur.

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın