12:40 09 Avqust 2019 72
Ana səhifə Xəbərlər

Tanınmış şəxslər Xəzərin sahilini tullantılardan təmizlədi - AKSİYA

“Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə iməcilik keçirilib”. APA TV-nin məlumatına görə, ETSN əməkdaşları, YAP nümayəndələri, millət vəkilləri, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin müxtəlif şirkətlərin nümayəndələrinin iştirakı ilə “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında keçirilən aksiyada 10 hektar ərazi tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb. YAP icra katibinin müavini Siyavuş Novruzov gələcəkdə belə layihələrin daha çox keçiriləcəyini bildirərək, təmizlik aksiyasının əhəmiyyətindən danışıb: “Xəzər xalqındır, cəmiyyətindir, bunun ərazisi təmiz olmalıdır. Biz nümunə göstəririk ki, heç kəs bunu eləməsin. Avropada plastik butulkaları yığışdırmağa başlayıblar. Biz bunun nümunəsini Azərbaycanda canlı şəkildə göstəririk”. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib ki, tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir: “Böyük bir ərazi təmizlənəcək və bura istirahətə gələnlər də, təbiətin təmizliyini görəcəklər. Bu aksiya həm də cəmiyyətə bir mesajdır. Bu aksiyada iştirak edən vətəndaşlar, inanmıram ki, sabaha bura gələndə zibil atmış olsunlar. Ən azından bu zibili özləri yığdı. Xəzərin Azərbaycan sahillərində uzunluğu 955 km-ə yaxındır. Bizim də əsas məqsədimiz odur ki, Xəzərimizi təmiz saxlayaq, məişət tullantılarını təmizləyək ki, bütövlükdə millətimiz sağlam ətraf mühitdə yaşamalı olsun. Çünki bura gələn istirahətə gəlir”. Nazir müavini dəniz ətrafındakı iaşə obyektlərinin sahiblərinə də müraciət edərək təmizləyici qurğuların qurulmasının vacib olduğunu vurğulayıb. O, həmçinin, bu cür aksiyaların mütəmadi olaraq davam edəcəyini bildirib. AMEA Çoğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib ki, Xəzər dənizi öz faydasını həmişə onun ətrafındakı insana verib, həmişə onun köməyinə çatıb: “Ən böyük nailiyyətlərdən biri isə Xəzər dənizinin statusu üzrə beş Xəzərətrafı ölkələrin razılığıdır. Bu da Xəzər dənizinin ətraf mühitin canlılığı üçün vacib amildir. Ən gözəl sahillər Azərbaycana məxsusdur, ən zəngin torpaqlarımız Xəzər dənizinin sahillərində yerləşir. Bu baxımdan deyirəm ki, Xəzərə dənizi ilk növbədə Azərbaycanındır”. “ASAN FM” radiosunun rəhbəri Emin Musavi deyib ki, bu aksiyanın keçirilməsi çox faydalıdır: “Mən əminəm ki, təmizlik həm də mədəniyyət deməkdir. Dənizimizə, küçələrimizə, şəhərimizə, qəsəbələrə, kəndlərə, ümumiyyətlə Azərbaycana qarşı biz daha diqqətli olmalıyıq. Bəzi hallarda biz hesab edirik ki, evimiz təmiz olsa, başqa yerlər vacib deyil. Amma bu belə deyil. Hər kəs təmizlik işində fəal iştirak etsə, ən azından zibili zibilxanaya atsa, hər şey daha yaxşı olar”. Aksiyanın fəal iştirakçılarından olan tələbə Ağahüseyn Abdullayev artıq bu cür aksiyalarda üçüncü dəfədir iştirak etdiyini və ən çox tullantının plastik qablar olduğunu deyib: “Bura gəlməyimin əsas məqsədi o idi ki, Xəzər dənizi sahilinə atılan çoxlu sayda plastikin sayını az da olsa azaldaq. Vətəndaşlar burda istirahətdən sonra çoxlu zibil qoyub gedir. Azərbaycanın sahilində olan zibillərin sayını azaldaq. Heç olmasa özümüzdən sonra zibili qoymayaq”. Xatırladaq ki, 12 avqust 2006-cı il tarixindən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın