11:27 19 Noyabr 2020 121
Ana səhifə Xəbərlər

Tarixi abidələri təmir olunur, yollar çəkilir, küçələr yenilənir – ƏMİRCANDAN REPORTAJ

Balaxanıdan sonra Bakının digər bir qəsəbəsi, Əmircanda da geniş miqyaslı təmir-bərpa və abadlıq işlərinə başlanılıb. Buradakı tarixi abidələr və qədim məhəllələr memarlıq xüsusiyyətləri qorunmaqla yenidən bərpa edilir.

APA TV-nin məlumatına görə, ilkin mərhələdə qədim məhəllələrin memarlıq plan-strukturu nəzərə alınaraq buradakı küçələrdə yenilənmə prosesi həyata keçiriləcək.

Qəsəbədə görülən işlərin davamı kimi əsas küçələrin daxili yollarına tamet daşlar döşəniləcək. Hazırda evlərin fasad hissəsində bərpa işləri aparılır. Bütün işlər yekunlaşandan sonra əraziyə çoxlu sayda bəzək bitkiləri əkiləcək.

Bununla yanaşı, Əmircan qəsəbəsinin mərkəzi yolları standartlara uyğun olaraq yenidən çəkilir. Yenidənqurma və abadlıq işləri başa çatdıqda sonra bura böyük ölçülü turist axını gözlənilir.

Kənd sakini Fərhad Muradov deyir ki, qəsəbədə aparılan abadlıq işləri bütün sakinlərin ürəyincədir: “Bütün su və kanalizasiya xətlərinin yenilənməsinə başlanılıb. 40 il bundan qabaq, 1980-ci illərdə çəkilmiş xətlərin bərpası və yolların abadlaşdırılması nəzərdə tutulub. Məhəllələrin, küçələrin abadlaşdırılması, qaz, işıq, su və telefon xətlərinin bərpası həyata keçirilir. Qəsəbədə aparılan bütün bu abadlıq işləri insanların yaxşı yaşamasına, daha da ruhlanmasına gətirib çıxarır”.

Əmircanın qədimliyini sübut edən tarixi abidlərdir. Kənd ağsaqqalları deyir ki, Əmircanda 4 tarixi məscid olub. Onlardan biri repressiya illərində dağıdılıb. Kəndin ən qədim məscidi XIV əsrə aid olan Nizaməddin məscididir. Bu tikilinin daş kitabəsində onun 1329-1330-cu illərdə kəndin adlı-sanlı adamlarından olan Əmir Nizaməddinin təşəbbüsü ilə inşa edildiyi yazılıb.

Kəndin mərkəzində yerləşən Binyədin məscidi isə 1904-cü ildə inşa olunub. Məscidin yanında Binyədli nəslinin qəbiristanlığı olub ki, hazırda onun yerində park var. 1908-ci ildə Murtuza Muxtarovun vəsaiti hesabına inşa olunan qoşa minarəli məscid XX əsrin əvvəllərində dünyanın ən hündür məscidi hesab olunurdu. Fərhad Muradov deyir ki, məscidin həyətində Murtuza Muxtarov məzarı var: “Hazırda Nizaməddin məscidində təmir-bərpa işlərinə başlanılıb. Həmçinin Binyədin məscidində restovrasiya işləri aparılır. Növbəti mərhələdə kənddəki Murtuza Muxtarov məscidində də təmir-bərpa işlərinə başlanılacaq. Bunlar tarixi abidə olduğundan burada bərpa işləri aparan mütəxəssislərin üzərinə böyük məsuliyyət düşür. Qəsəbə ərazisindəki işlər tez bir zamanda yekunlaşacaq”.

Əmircan həm də görkəmli ziyalıları, elm və incəsənət xadimləri, neft milyonçuları ilə öyünə bilər. Təsadüfi deyil ki, görkəmli tarixçi Abbasqulu ağa Bakıxanov, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi neftxudalar, eləcə də Tofiq Bakıxanov, Səttar Bəhlulzadə, Ağaxan Abdullayev, Tofiq Bayram, Ramiz Rövşən kimi elm və incəsənət xadimləri bu kənddə dünyaya göz açıb.

Abadlıq işləri çərçivəsində görkəmli rəssam Səttar Bəhlulzadənin ev muzeyində və qəsəbənin klubu kimi fəaliyyət göstərən Murtuza Muxtarovun malikanəsində yenidənqurma işləri aparılacaq. Fərhad Muradovun sözlərinə görə, təmir olunacaq yerlərdən biri də Bakı xanlarının nəslindən olan, Azərbaycan tarix elminin banisi Abbasqulu Ağa Bakıxanovun doğulduğu evdir: “Turistlərin bura çox böyük marağı olacaq. Gələn turistlər həm Bakıxanov muzeyini, xanlıqlar dövründən bu günə kimi gəlib çatdığını görəcəklər, həm də qədim Nizaməddin məscidi ilə tanış olacaqlar. Bu baxımdan Prezidentimizin verdiyi sərəncam kəndimizin abadlığı, bərpası və quruculuq işlərinin yüksək səviyyədə aparılması, əhalinin böyük sevincinə səbəb olub”.

Yaşlı sakinlər kəndin adını Əmircan yox, “Xilə” deyə səsləndirirlər. Kənd sakini Fərhad Muradov deyir ki, Hillə sözü zaman-zaman təhrif olunaraq Xilə formasını alıb. Hillə isə o vaxt kənddə hazırlanan qızıl-zinət əşyasına verilən addır: “Hillə - yəni Əmircanda hazırlanan hill şəkilli girdə qızıl muncuq idi. O vaxtki dövrdə bütün qadınların boynunda həmin zinət əşyası var idi. Bəlkə indi kimdəsə qalıb. Burdan həmin o boyunbağılar daşındığı zaman soruşurdular bunlar hardandır. Deyirdilər ki, Hillə kəndindən. Hillə sözü bu mənanı daşıyır”.

Qəsəbənin icra nümayəndəsi Əlixan Əliyev deyir ki, abadlıq və təmir-bərpa işləri qısa bir zamanda yekunlaşacaq və yenilənən Əmircan turistlərin ən çox üz tutduğu məkanlardan birinə çevriləcək: “Əmircan kəndinin tarixində ilk dəfədir ki, genişmiqyaslı abadlıq işləri aparılır. Abadlıq işləri “Bakı Abadlıq Xidməti” MMC-də daxil olmaqla 6 şirkət tərəfindən həyata keçirilir. Siz təsəvvür edin xalqın sevincinin həddi-hüdudu yoxdur. Nə qədər evlərin dam örtüyü yenilənib, evlərin qapıları, pəncərələri dəyişdirilib, küçələrin divarları abadlaşdırılıb. İlin bu vaxtında bundan yaxşı hadisə ola bilməz. Dövlətimiz sağ olsun ki, belə gündə kömək edib onun əlindən tutur”.

Məlumat üçün bildirək ki, sentyabrın 14-də Prezident İlham Əliyev Əmircan qəsəbəsində yenilən və abadlaşdırılan Murtuza Muxtarovun adını daşıyan parkın açılışında iştirak edib.

Həmidağa Məcidov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın