11:28 22 Sentyabr 2020 239
Ana səhifə Xəbərlər

Tarixi abidələrin izi ilə... - NARDARANDAN REPORTAJ

Ölkəmizin torpağı, daşı hər biri ayrılıqda bir dövrü yaşadır özündə. Ölkəmizin qədimliyini sübut edən isə onun tarixi abidələrdir desək, yəqin ki, yanılmarıq.

APA TV xəbər verir ki, belə tarixi abidələrdən biri də 1301-ci ildə Abşeronda Şirvanşahların sifarişi inşa olunan Nardaran qalasıdır:

Nardaran qalası XIV əsrin əvvəlində Şirvanşahlar sülaləsinin sifarişi ilə memar Mahmud ibn Səd tərəfindən inşa olunub. Gördüyünüz bu istehkam qurğusu o dövrlərdə digər Abşeron qalaları kimi Şirvanşah ordusu üçün bir növ hərbi hissə funksiyasını yerinə yetirib.

Kənd sakini Yaşar Cahid deyir ki, Nardaran qalası monqolların hücumlarından sonra inşa olunub və o dövrlərdə, bu istehkam qurğusunda şirvanşahların 100 nəfərlik daimi qarnizonu olub: “XIII əsrdə monqolların Azərbaycana yürüşləri zamanı Bakını və ətraf kəndləri viran qoymuşdular. Ondan sonra Şirvanşahlar dövləti Abşeron ərazisində müdafiə qalalarının inşasına başladı. Bu qalalar həm müdafiə, həm də siqnal xarakteri daşıyırdı. Vaxtilə bu kəndlərin əhalisinin sayı az olub və basqın olan zaman onlar gəlib bu qalalarda müdafiə olunublar”.

Həmsöhbətimiz bildirir ki, digər Abşeron qalaları kimi Nardaran qalasından da Bakıdakı Şirvanşahlar sarayına və digər tikililəri yeraltı yollar olub. İndi isə onlar torpağın altında qalıb: “Bir rəvayətə görə, bu qaladan Şirvanşahlar sarayına qədər yeraltı yollar olub. Bu yeraltı yollardan biri yaxınlığımızdakı Rəhimə xanım ziyarətgahına, digəri də Şah bağına aparır. Həmin Şah bağını da XV əsrdə şirvanşahlar inşa etdirib. Buradakı tikililərin hər birindən əlaqəli gizli yollar olub”.

Nardaranda Şirvanşahlar dövrünə aid digər bir tarixi abidə isə Şirvanşahların yay iqamətgahıdır. Yerli əhalinin “Xan bağı” adlandırdığı bu tikilinin XV əsrin əvvəllərində inşa olunduğu iddia olunur.

İddia olunur ki, yerli əhalinin Şirvanşahların Nardarandakı yay iqamətgahına “Xan bağı” deməsi Bakı xanlığının adı ilə bağlıdır. Yəni Şirvanşahlardan sonrakı dönəmlərdə Bakı xanları da buranı istirahət məkanı kimi istifadə ediblər.

Dəniz sahilindən 2 km məsafədə yerləşən tarixi abidə Nardaran kəndinin şimali-şərq hissəsində yüksək qumsallıqda yerləşir. Monumental tikilinin memarlıq-plan quruluşu kvadrat əsaslı olmaqla, tərəflərinin ölçüləri 14 metrə bərabərdir. Binanın mərkəzində isə böyük hovuz var.

Tarixi abidənin pəncərələri Bakı-Abşeron memarlıq üslubuna xas olan xüsusi ornamentlərlə bəzədilib. Kənd sakini İslaməli Əliyev deyir ki, “Xan bağı” şirvanşah I İbrahim Xəlilullahın sifarişi ilə inşa olunub: “Nardaran ərazisi hökmdarlar üçün maraqlı bir ərazi olub. Yəni kəndin torpağının münbit olması, ərazinin təmiz havası əksər hökmdarları zaman-zaman bura cəlb edib. Bu gördüyünüz bina ki var, bu tikiliyə “qənədxuna”, yəni “yan ev” ev də deyirlər. Bu binanı şirvanşah I İbrahim Xəlilullah tikdirib. O vaxt buranı bağ kimi istifadə ediblər. Yay aylarında şah ailəsi ilə bura köçüb dincələrmiş. Nardaran kəndində ilk zeytun ağacını da ilk dəfə onlar gətirib əkiblər. O ağaca elə “baba zeytun” deyirlər. Bu ağacın bir tarixçəsi var. Baba zeytun bura elə “Xan bağı” inşa olunan ildə əkilib”.

İslaməli Əliyevin sözlərinə görə, qədimdə “Xan bağı”nın ətrafında eynən İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində olduğu kimi yaşayış binaları, hamamlar və yeraltı yollar olub: “I İbrahim gəlib Nardaranda dəfn olunmuş peyğəmbər övladlarının məzarları üstündə 2 məqbərə tikdirib. Bu məqbərələr indi də qalıb və Nardaran pirinin aşağı hissəsində yerləşir. Burada şirvanşahların başqa yaşayış binaları da olub. Onlardan yeraltı tağlar elə indi də qalıb. Onların burada hamamları və digər məişət otaqları mövcud olub. Burada qədimdə indiki İçərişəhər kimi böyük bir yaşayış kompleksi olub. Sonra qaldı camaatın ümidinə, baxanı olmadı. Sovet dövründə isə bu ərazi kolxozlaşdırdılar. O dövrdə isə bu abidələrin heç baxanı olmadı. Son 30-40 ildə köhnə abidələrlə maraqlanırlar. Gəlib buraları çəkib göstərirlər, yaşlı insanları danışdırırlar”.

Kəndin mərkəzində isə Rəhimə xanım ziyarətgahı yerləşir ki, onun da tarixi VIII əsrə qədər uzanır. Burada İmam Museyi-Kazımın qızı, İmam Rzanın bacısı Rəhimə xanımın və onun ailə üzvlərinin məzarları var. Rəhimə xanım Harun ər-Rəşid və Xəlifə Məmunun xilafəti dövründə Azərbaycana pənah gətirən Peyğəmbər nəslinin nümayəndələrindən biridir:

Kənd sakini Yaşar Cahid deyir ki, Rəhimə xanım ziyarətgahının ən qədim türbəsi miladi təqvimlə 701-ci ildə inşa olunub: “Amma indi gördüyünüz bu möhtəşəm tikili 1994-cü il avqust ayının 10-da Məhəmməd peyğəmbərin mövlud günündə buranın özülü atılıb və gördüyünüz bu məscid, memarlıq abidəsi tikilib”.

Təbiət hadisələri ilə əlaqədar qəzalı vəziyyətə düşən ziyarətgahın qalıqları XX əsrin ortalarında kənddə aparılan qazıntılar zamanı aşkar olunub. Yaşar Cahidin sözlərinə görə, qazıntı zamanı Rəhimə xanımın evi, eləcə də 3 bulaq aşkarlanıb: “Tarixi mənbələrdə məlumatlar var ki, XIV əsrdə Nardaran kəndində dəhşətli qum qasırğası olub. Qasırğa zamanı Nardaran kəndinin bir hissəsi, dayandığımız bu yer qum altında qalıb. Sonra Şeyx Yunis adlı bir şəxs türbəni yuxusunda görüb və beləcə bura aşkar edilib. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində kənd camaatı tikilinin köhnə binasının yerini tapıb və qum təpələrindən təmizləyib aşkara çıxarıblar. Daha sonra bura böyük bir ziyarətgaha çevrilib”.

Nardaran pirinin yaxınlığında tarixi Hacı Baxış məscidi yerləşir ki, bu tarixi abidə 1663-cü ildə səfəvi şahı II Şah Abbasın sifarişi ilə memar ustad Murad Əli tərəfindən inşa olunub. İnşaata kənd sakini sərkər Hacı Baxış rəhbərlik edib. Bu tikili öz unikallığı ilə Azərbaycandakı digər məscidlərdən xeyli fərqlənir. Belə ki, məscidə bitişik üstüaçıq bir məscid də var ki, dünyada belə memarlıq komplekslərinin sayı cəmi 4 ədəddir: “Bu məscidə bitişik üstüaçıq məscid də vardır ki, dünyada cəmi 4 belə memarlıq abidəsi var. Belə üstü açıq məscidlər yalnız Misir, Əfqanıstan və Livanda mövcuddur. Belə məscidlərdən biri də Azərbaycanda, Bakının Nardaran kəndindədir ki, o da Hacı Baxış məscidinə bitişik haldadır”.

Hacı Baxış məscidi ilə üzbəüz qədim karvansaray da yerləşir ki, bu da 1681-ci ildə səfəvilər sülaləsinin sifarişi ilə inşa olunub. XVII əsrdə burada karvansarayın mövcudluğu Nardaran kəndinin o dövrlərdə iri ticarət yollarının üzərində yerləşdiyindən xəbər verir.

Qəsəbədə yerləşən tarixi abidələrin vəziyyətini öyrənmək məqsədi ilə Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət komitəsi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Nardaran Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir sıra ölkə və yerli əhəmiyyətli tarixi abidələr var ki, onların hər birinin qorunmasına ciddi şəkildə nəzarət olunur.

Qeyd edək ki, bu tarixi abidələrlə yanaşı, Nardaran qəsəbəsində qədim su ovdanları, Nardaran mayakı, tarixi məscidlər, türbələr və köhnə qəbiristanlıqlar da daxil olmaqla 20-dən çox tarixi abidə var.

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın