14:00 03 Mart 2021 170
Ana səhifə Xəbərlər

Tarixin silinməyən yaddaşı: koronavirussuz illərin su köşkləri – REPORTAJ

Keçmiş hər zaman maraqlı olur. Yəqin ki, sovet dövründə avtomat su köşklərini yaşlı nəsil yaxşı xatırlayır. Mineral, qazlı su təklif edən möcüzəli köşk...

APA TV xəbər verir ki, 1932-ci ildə Leninqradda kəşf edilən bu köşklər elə o vaxtdan sovetlərdə geniş yayılmağa başlamışdı.

Dözülməz istilərdə bir daş stəkan su üçün möcüzəli köşkün qarşısında uzun növbəyə dayananları çox görmək olardı. Su insan müdaxiləsi olmadan avtomat vasitəsilə satılırdı. 1 və ya 3 qəpiyə sirop, qazlı və adi su ala bilərdiniz.

Azərbaycanda da şəhərlərin əksəriyyətində bu köşklərə rast gəlmək olardı. SSRİ dağılandan sonra bu köşklər də tarixə çevrildi. Amma Sumqayıtda sovet dövrünün yadigarı olan, insanlarda nostalji hisslər oyadan avtomat su köşklərindən birinə hələ də rast gəlmək olar:

Sumqayıt yeganə şəhərdir ki, burada sovetlərin qalığı olan avtomat su köşklərinə rast gəlmək olar. Bu köşk 1972-ci ildə Sumqayıt şəhəri 8-ci mikrorayonunda qoyulub. Yay aylarında insanların susuzluğunu yatırmaq üçün bəzən bu köşklərin qarşısında uzun növbələr yaranardı. İnsanlar köşkə yaxınlaşaraq təmas olmadan burada göstərilən yerə 1 qəpik və yaxud 3 qəpik salaraq, suyun növünü, qazlı və yaxud rəngli su seçərək sifariş edərdilər. Və stəkana su süzülərək buradan götürülüb içilirdi, sonra isə stəkan yerinə qoyulurdu. Hazırda isə bu köşk yararsız vəziyyətdədir.

O vaxtlar koromnavirus kimi xəstəliklər yox idi, ona görə gün ərzində bir stəkandan onlarla adamın istifadə etməsi onların səhhətində heç bir fəsad yaratmırdı. Keçmişdən qalan xatirələri oyadan, insanı o dövrlərə aparan bu su köşkü Sumqayıt sakinlərində də nostalji hisslər oyadır:

- İçmişəm, o qədər içmişəm ki, bu köşkdən. O qədər içmişəm. Qalıb indi yiyəsiz. Heç nə.

- Hər mikrorayonda bir dejurnı qastronomlar var idi. Onlardan da biri Sumqayıt şəhərində, 8-ci mikrorayonda yerləşən mağazalar idi. Biri Promtovarnı idi, biri ərzaq mağazası idi, biri də sənaye mağazası. İki mağaza idi. Bütün zavodda işləyənlər fəhlələr, gənclər, hamısı bu mağazadan istifadə edirdi. Bu avtomat qazirovınnı su Sovet dövründə 3 qəpik idi. 3 qəpik salıb. Oradan hamı su içirdi, özü də yüksək keyfiyyətdə. Genetik qaydalara da riayət olunurdu. Stəkanlar vaxtlı-vaxtında təmiz yuma yerləri var idi. Hamımız ondan istifadə edirdik. Heç bir xəstəlik olmurdu.

Bu da bir tarixdir. Hər dövr isə bir çox xatirələrlə yadda qalır. Elə sumqayıtlıların yaddaşından unudulmaz izlər buraxan bu avtomat su köşkü kimi…

Ramil Zeynallı,

Əli Əliyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın