18:45 20 Oktyabr 2020 397
Ana səhifə Xəbərlər

TBMM Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.

APA TV-nin yerli bürosunun məlumatına görə, səfərin məqsədi cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış olmaqdır.

Nümayəndə heyətinin üzvləri hadisə baş verən əraziyə baş çəkib, sakinlərlə görüşüblər.

Mustafa Şentopa Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumat verilib.

TBMM sədri jurnalistlərə açıqlamasında bildirib ki, Gəncə bu müharibənin zərərini ən çox görən, mülki şəxslərlə bağlı itkiləri olan, Azərbaycanın ikinci ən böyük şəhəridir: “AK Parti, CHP, MHP, İYİ Partiyadan millət vəkilləri, İnsan Haqları Komissiyası rəhbəri, Dostluq Qrupu rəhbərimiz, baş katibimiz burdadır. Hamımız bura bu acı səhnəni yerində görmək üçün gəldik. Bura diqqət çəkmək istəyirik. Türkiyə olaraq 1990-cı illərdən etibarən Azərbaycanın yanında yer aldıq, Azərbaycanı işğal olunmuş torpaqlarını azad etməsi üçün daim dəstəkləmişik. Prezident Rəcəb Tayyip Ərdoğanın bütün Azərbaycan xalqına salamları var. Biz dost və qardaş Azərbaycanın haqlı davasını hər zaman, hər şərt altında dəstəkləmişik".

TBMM sədrinin sözlərinə görə, Gəncəyə edilən hücumlar göstərir ki, Azərbaycan haqlıdır, mülki şəxslərə qarşı bombalar atan Ermənistan müharibə cinayəti törədir: "Bu haqlı mübarizəni dəstəkləmək baxımından səsimizi daha da yüksəldərək bütün dünyaya baş verənləri göstərməkdə qərarlıyıq. Qarabağ Azərbaycan torpağıdır. Tarix boyunca belə olub. Bugünkü beynəlxalq hüquqda da Qarabağın Azərbaycan torpağı olduğu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi göstərilib. Bu barədə 1993-cü il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin qərarları var. Bütün dünya Ermənistanı işğalçı kimi tanıyıb. Ermənistan Azərbaycan torpaqlarını şərtsiz olaraq tərk etməyə məcburdur. Bundan başqa, mülki şəxslərə qarşı edilən hücumlar Cenevrə Konvensiyasına görə də müharibə cinayəti sayılır”.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və nümayəndə heyəti daha sonra Gəncənin “İmamzadə ziyarətgah” kompleksini ziyarət ediblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın