19:23 12 Avqust 2020 460
Ana səhifə Xəbərlər

TƏBİB: Gələn həftədən koronavirusla mübarizədə seroloji testlərin keçirilməsinə başlanılacaq

“Azərbaycanda koronovirus pandemiyası ilə mübarizə çərçivəsində seroloji testlərin keçirilməsinə başlanılacaq”.

APA TV xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru, TƏBİB Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib.

Onun sözlərinə görə, bununla bağlı əhali qrupları arasında təsadüfi seçim aparılacaq. Layihənin məqsədi insanlar arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir: “Vətəndaşlar könüllü olaraq çağrı mərkəzinə zəng etdikdən sonra, qeydiyyatda olduqları poliklinikanın tibbi heyəti qan nümunələri toplayacaq. Bu testlərin məqsədi odur ki, vətəndaşlar koronovirusu keçirib keçirmədiyi haqqında məlumat alacaqlar. Çünki bəzi insanlar koronovirusu asimptomatik, heç bir kliniki hal olmadan keçirir. Xəstənin xəbəri olmur ki, bu xəstəliyi keçirib ya keçirməyib. Layihənin keçirilməsinə gələn həftədən Bakı şəhərindən başlanılacaq. Tədqiqata 1500-ə yaxın şəxs daxil olacaq. Daha sonra isə Sumqayıt və Gəncə şəhərində də bu layihə tətbiq olunacaq. Analiz tam təmənnasızdır. Əgər vətəndaş istəyərsə bu analizlə yanaşı qanın ümumi analizini də verə bilər.”

Analiz venadan qan alınmaqla götürüləcək, loboratoriyaya göndərildikdən sonra 2-3 gün ərzində testin nəticələri haqqında vətəndaşa məlumat veriləcək. Seroloji testlər 18 -65 yaş arası vətəndaşlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu yaxınlarda COVID 19 üçün götürülən analiz cavablarının göndərilməsində texniki səhvlərə yol verilmişdi. Qumral Ələkbərova seroloji test nəticələrində bu kimi xətaların baş verməyəcəyini bildirir: “Amerikada “ FDA “ qurumu var ki, bu testlər həmin qurumun loboratoriyalarında təsdiq olunur. Bu testlərin yanlış şəkildə pozitiv və ya neqativ nəticə verməyi mümkün deyil. Spesifikliyi 100 faizdir. İstifadə olunan reaktivlər Almaniya istehsalıdır. Güvənli nəticələr əldə ediləcəkdir.”

Xatırladaq ki seroloji testlər Almaniyada Odendorf, Çində Uhan ,İsveçrədə Cenevrə və bu kimi bir sıra şəhərlərdə də keçirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın