16:00 11 Sentyabr 2019 21
Ana səhifə Xəbərlər

Təhsil işçilərinin respublika konfransı keçirilib

Sentyabrın 11-də təhsil işçilərinin respublika konfransı keçirilib.


APA TV-nin məlumatına görə, konfrans dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə “Təhsil” televiziyasının 2018-2019-cu tədris ili ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.

“Konfransda Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, təhsil ekspertləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər”.

Hesabat məruzəsi ilə çıxış edən nazir Ceyhun Bayramov son illərdə ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir. Ceyhun Bayramov çıxışının sonunda yeni tədris ilinin başlaması münasibətilə təhsil işçilərini təbrik edib, uğurlar arzulayıb.

Nazir jurnalistlərə açıqlamasında, konfransın ilk on günlükdə bütün şəhər və rayonları əhatə etməklə, 20 zonada keçirildiyini bildirib: “Sentyabr ayının ilk on günlüyündə ölkəmizin bütün şəhərləri və rayonları əhatə edilməklə, 20 zona konfransları keçirilib. Bu konfranslarda həm ötən ilin yekunlarının müzakirəsi, eyni zamanda həmin rayonlarla bağlı hədəflərin müəyyən edilməsi müzakirə edilmişdir. Təhsil nazirliyinin rəhbər şəxsləri bütün zona konfranslarında iştirak edib. Nəhayət bu gün yekun konfrans təşkil edilib”.

Nazir bildirib ki, bu gün şagirdlərin meyl və maraqları hesabına təmayül siniflərinin yaradılması imkanları var: “Burada bu gün də qeyd edildi. Artıq təmayül siniflərinin genişlənməsi ilə ötən tədris ilində 2140 sinifdən 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib. Həmin şəbəkənin genişlənməsi növbəti tədris ilində də davam etdiriləcək. Təmayül sinifləri o deməkdir ki, şagirdlərin meyl və maraqlarına uyğun olaraq, onların gələcək akademik fəaliyyətlərini davam etmək istiqamətinə uyğun olaraq, bir sıra fənn və saatların ayrılmasına imkan verir”.

Daha sonra konfransda çıxış edən təhsil ictimaiyyətinin nümayəndələri, konfransın əhəmiyyətinə toxunaraq, uğurla həyata keçirilən təhsil siyasətdən və əldə edilən nailiyyətlərdən danışıblar: “Mən 2019-cu ildə mərkəzləşdirilmiş qaydada keçirilən işə qəbul imtahanında maksimum 60 baldan 58 bal topladım. Və 216 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimliyi üzrə peşə fəaliyyətimə başlayacağam”.

Plenar iclasdan sonra konfrans öz işini panel sessiyalarla davam etdirib”.

Panel müzakirələr başa çatdıqdan sonra konfrans öz işini yekunlaşdırıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın