02:00 14 Noyabr 2019 38
Ana səhifə Xəbərlər

Telekanallarda olmayan arxiv bu evdə qorunur - LƏNKƏRANDA

“Sonuncu dəfə nə vaxt val görmüsünüz, ya da səsini eşitmisiniz?” sualını versək, yəqin ki, xatırlamaqda çətinlik çəkərsiniz. Amma inanın, müasir musiqi sənayesində, xüsusən də hip-hop janrında vallardan çox istifadə olunur. DJ-lərin tez-tez istifadə etdiyi skreç effekti… (fonda effektin səsi gəlir) Bu effekt məhz valların köməyi ilə daha təbii alınır. Odur ki, dəb keçmişə qayıtmağı sevir”.

Zaman maşınımız olmadığına görə keçmişə qayıtmağın ən rahat yolu retro musiqi dinləməkdir. Rəqəmsal texnologiya bu gün musiqini bizə kompakt disk, MP3 şəklində versə də, valın təbii, daha aydın səsini əvəz edə bilmir. Mədəniyyət işçisi Əli Əkbərov Lənkəranın Cil kəndində yaşayır və yaşadığı evdə 30 ildən çoxdur ki, vallardan ibarət kolleksiya yığır: "Ümumiyyətlə, Azərbaycan musiqisinə, kino sənətinə, teatr sənətinə uşaqlıqdan mənim meylim, məhəbbətim var idi. Həmişə arzum olub ki, özüm üçün şəxsi fond toplayım. 1989-cu ildən - artıq 30 ilə yaxındır ki, gördüyünüz bu fondu əldə eləmişəm. Fondumda hazırda 1200-ə qədər Azərbaycanın qeyri-maddi mənəvi irsi olan, sayılan bu unudulmaz ifaları, bu yadigar səsləri mən qoruyub saxlayıram".

Kolleksiyada kimlər var, kimlər? Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Bülbül, Zeynəb Xanlarova, Rəşid Behbudov, İslam Rzayev, Nəzakət Məmmədova, Lütfiyar İmanov kimi Azərbaycanın görkəmli sənətkarlarının musiqi albomları adamı möcüzəvi aləmə aparır: "Muğam dəstgahları ilə yanaşı, xalq mahnıları, təsniflər, instrumental muğamlar, o cümlədən də muğam operalarının tamaşaları, "Leyli və Məcnun", "Aşıq Qərib", "Əsli və Kərəm", "Babək" və başqa operaları, "Vaqif" operası, o cümlədən musiqili komediyalardan da nümunələr var. Akademik Dram Teatrının tamaşaları varımdır, aktyorların ifasında qiraətlər varımdır. Azərbaycan milli musiqisinə xas olan bütün plastinkalar arxivimdə öz yerini tutur".

Bu zəngin arxivdəki unudulmaz səslər sırasında cənub bölgəsinin xanəndələri də yer alır. Kolleksiyada Münəvvər Kələntərli, Cahan Talışınskaya, Rəsmiyyə Sadıqova, Gülağa Məmmədov, Həqiqət Rzayeva, Yalçın Rzazadə kimi sənətkarların valları qorunub saxlanılır: "O cümlədən də mən Rac Kapurun hind kinofilmlərinə yazdığı mahnılar, Tacikistan və Azərbaycan SSR-in xalq artisti Leyla xanım Şərifovanın mahnıları, Özbəkistan artistlərinin valları, Alla Puqaçovanın, Sofiya Rotarunun və digər ölkələrin - fransız, italyan musiqiçilərinin vallarını da qoruyub saxlayıram".

Kolleksiyada o qədər val var ki, hətta bəziləri döşəməyə qədər gəlib çıxıb. Mənim əlimdə indi hazırda məşhur, əfsanəvi "The Beatles" qrupunun albomu var və qeyd etmək istərdim ki, "The Beatles"in "Yesterday" mahnısı ən çox satılan albomlar sırasında 1-ci yeri tutur.

Min bir çətinliklə yaratdığı səslər muzeyinin hər valını göz bəbəyi kimi qoruyan Əli müəllimin bu balaca otaqda bizim hərəkətlərimizi diqqətlə izləməsi də gözümüzdən qaçmadı. Niyə? Çünki hansısa valı istəmədən cıza, ya da qıra bilərdik: "O kolleksiyanı böyük əzab-əziyyətlə toplamışam. Elə vaxt olub ki, cibimin son qəpiyini də vala verib, həftələrlə ac qalmışam. O val mənə o qədər əziz, doğma olub ki, nəinki valın özü, o valda ifa edən sənətkarın sanki mənəvi aclığını hiss eləmişəm. Sanki o plastinkaya, o plastinkada ifa olunan mahnıya, ifaçıya, o yadigar səsə bağlı olmuşam, vurğunu olmuşam. Ona görə də mən harada, hansı dükanda, yolüstü mağazalarda, hətta küçədən keçəndə yerin üstündə bir val görəndə də avtobusdan düşüb, ayaq saxlayıb onu tozun-torpağın silib əldə eləmişəm".

Əli Əkbərov hazırda Lənkəranın Şağlaser kənd sənətkarlıq evində işləyir və arxivindəki valların sayını daha da çoxaltmaq üçün axtarışlarını davam edir. Kolleksiyadakı 1000-dən yuxarı valdan ən çətin tapılanı isə Azərbaycanın xalq artisti Rübabə Muradovanın albomu olub: "İlk valım 1960-cı ildə işıq üzü görmüş Zeynəb Xanlarovanın "Cahargah" muğamı və Ələkbər Tağıyevin "Qonşu qız" mahnısı ilə əldə eləmişəm".

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın