03:20 23 Noyabr 2019 230
Ana səhifə Xəbərlər

Tərtərdə otlaq qalmaqalı - İCRA BAŞÇISI APA TV-YƏ DANIŞDI

Tərtərin Əskipara kəndində torpaq qalmaqalı yaranıb. Əslində problemin kökü 1996-cı ilə dayanır.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, həmin illərdə kəndin kolxozdan qalma torpaqlarında islahatlar aparılan zaman kənd sakinlərinin heyvanlarını otarması üçün 150 hektardan çox torpaq otlaq sahəsi kimi ayrılıb.

Bu gün isə kənd sakinləri həmin torpaqların zəbt və ya satıldığını iddia edirlər. Elmir Səfərov deyir ki, örüş üçün artıq bir sot da yer qalmayıb: “Bölgü gedəndə bizim otlaq sahəmizin bir hissəsi satılmışdı, yəni əvvəl zəbt olunmuşdu, amma bir hissəsində heyvan otarırdıq. Son günlər hardasa 4-5 ay əvvəl qalan ərazilər də zəbt olunub, bir sot yer qalmayıb. Əvvəl yenə 20-30 hektar var idi, indi o da yoxdur”.

Süleyman Qasımovun sözlərinə görə, Tərtər rayonunda birinci torpaq islahatı Əskipara kəndində aparılıb: “Yəni o islahat gedəndə pay torpaqları da nəzərdə tutulmuşdu, bələdiyyə torpağı da, örüş torpağı da. Yəni 150 hektar örüş sahəsi sənədi yazıldı, akt yazıldı. Sonradan məlum oldu ki, kimlərsə tərəfindən bu örüş sahəsinin bir hissəsi satılıb. Uzunmüddətli şikayətlərin heç biri nəticə vermədi. Camaatın etirazı da bir nəticə vermədi. Son illərdə demək olar ki, Əskipara kəndinin 1 metr belə örüş sahəsi qalmayıb”.

Kənd sakinlərinin sözlərinə görə, həmin torpaqların bir hissəsində 20 il ərzində məcburi köçkünlər məskunlaşıb. Son illər həmin ailələr dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra ərazini boşaldıblar. Lakin kənd sakinlərinin problemi bundan sonra da öz həllini tapmayıb. Çingiz Sadıqovun iddiasına görə, məcburi köçkünlər ərazini tərk etməmişdən əvvəl torpaqlar satılıb: “Orda az yer idi, amma heyvanları saxlamağa örüş sahəsi çox idi. Onlar gedəndən sonra təzədən oranı zəbt etdilər, bizi də qoymadılar ora. 116 hektar torpağımızı aldılar. Hər yerə müraciət eləmişik, heç bir nəticə yoxdur”.

Əskiparalıların bu iddialarına aydınlıq gətirməsi üçün yollandıq Tərtər rayon İcra hakimiyyətinə. İcra başçısı Müstəqim Məmmədov özü şəxsən məsələyə açıqlama verdi: “Orda bir vətəndaş sakinlərin 103 hektar pay torpaq sahəsini alıb. Həmin torpaqlar əkinə yararsız torpaqlar olub. 1996-cı ildə islahatlar aparılarkən və 1998-ci ildə islahatlar yekunlaşanda torpaqların ilkin sahibləri müraciət etməyiblər. İndi həmin sahibkar deyir ki, mənim torpağım bələdiyyə torpağı ilə dəyişdirilsin. Lakin bu da İcra Hakimiyyətinin səlahiyyəti daxilində deyil. Örüş torpaqları satışa, hərraca çıxarıla bilmir. Örüş torpaqları əslində heç kimə verilməyib. Orda bir neçə vətəndaş qanunsuz olaraq örüş torpaqlarında zəbt edib əkin aparıb, onlar da Əmlak Komitəsi tərəfindən cərimə olunub və cinayət işi açılıb”.

İcra başçısı onu da bildirdi ki, ən qısa zamanda Əskipara kəndinə gedəcək və yerli sakinlərlə görüşüb problemin qanuni həlli üçün yerindəcə tapşırıqlarını verəcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın