14:52 15 İyun 2018 1112
Ana səhifə Xəbərlər

Təzəpir məscidində bayram namazı - REPORTAJ

Bu gün Ramazan ayının sonuncu günüdür. Buna görə də Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə paytaxt sakinləri Təzəpir məscidinə yığışaraq bayram namazı qılırlar.

Səhər saatlarında məsciddə sıxlıq müşahidə olunsa da, ibadət mərasimi olduqca sakit şəraitdə keçib. Dindarlar Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin gəlişindən sonra bayram namazına başlayıblar.

Namazdan sonra isə dualar oxunub, müxtəlif hədislər dinlənilib.

Bayram namazından sonra jurnalistlərə açıqlama verən Allahşükür Paşazadə dindarlar üçün yaradılan şəraitə görə ölkə başçısına təşəkkür edib, gələcəkdə bayram namazının işğal altında olan torpaqlarımızda qılınacağına ümid etdiyini deyib: "Bu gün Quran çap edilir, məscid, kilsələr tikilir. Bütün dinlər üçün dövlət tərəfindən şərait yaradılıb".

Bu gün həm də Qurtuluş gününü qeyd etdiklərini qeyd edən Şeyxülislam buna görə Heydər Əliyevə minnətdar olduqlarını vurğulayıb. O, həmçinin bayram namazlarında dini ayrı-seçkilik məsələsinə də aydınlıq gətirib: "Mən deyə bilərəm ki, dünyada analoqu olmayan məzhəb ayrı-seçkiliyi Azərbaycanda yoxdur. Bu gün Hacı Salman yanımdadır. Biz iki məzhəb sahibi birlikdə namaz qılırıq, ibadət edirik. Bu şəraiti yaradan isə din-dövlət münasibətlərinin olmasıdır. Bu şəraitin yaradılmasına görə isə xalqımıza minnətdarıq ki, bizi başa düşür və qiymət verirlər. Bütün Azərbaycan xalqını təbrik edirəm. Allah-təala bizə gələcəkdə də xoşbəxtlik, xoş ruzi nəsib eləsin!"

Qeyd edək ki, məscidə gələn izdihamın çoxluğunu nəzərə alan QMİ bayram namazını iki növbədə təşkil edib ki, nəticədə dindarların ibadətində heç bir narahatlıq yaranmayıb.

Namazdan sonra bayramlaşma mərasimində bir-birini təbrik edən dindarlar təşkilatçılıqdan çox razı qaldıqlarını bildiriblər: "Bu gün ən əziz gündür, gözəl bayramlarımızdan biridir, həm də Qurtuluş günüdür. Bayram bayramı təqib edir. Bu bayram münasibətilə bütün xalqımızı təbrik edirəm. Onlara ruzi bərəkət, əmin-amanlıq arzu edirəm. Xuda bizim ölkəmizi, xalqımızı bəlalardan uzaq eləsin. İşləriniz Allah buyurduğu şəkildə davam etsin. Qaçqınlarımız öz torpaqlarında bayramlarını qeyd etsinlər. Bir daha təbrik edirəm".

Vətən uğrunda şücaətlə vuruşan müharibə veteranları da bu gün məscidə gələrək ibadət edirdilər: "Mən 86 ildir burda yaşayıram. Çox razıyam. Oruc, namaz öncə insanın özünə xeyirdir. Namazda hərəkət etmək insana çox xeyirdir. Əmin-amanlıq dövrüdür. Hər şey boldur".

Məsciddə ən çox diqqətimizi çəkən və sevindirici hal olan qadınların çoxluğu idi. Dindar xanımlarımız da bayram namazı üçün məscidə gəlir, fitrə və zəkat verir, dualar edirdilər: "Mən öncə xalqımızı, müsəlman dünyasını təbrik edirəm. Neçə belə illərə çıxaq inşAllah. Allah ibadətlərimizi qəbul etsin. Bu gözəl gün üçün min şükür İlahiyə. Əslində bütün gənclərə tövsiyə edirəm oruc tutmağı. Yaşlı nəsil bu günə qədər tutduqları orucları tutub, ibadətlərini ediblər. Nə qədər ki, cavanların canlarında can var, ibadət etsinlər".

Paytaxt sakinləri ilə yanaşı, xarici qonaqlar da bizlə birlikdə ibadət edirlər: "Mən bu gün bir şeyi qeyd etməliyəm ki, xalqınızın dinə hörməti olduqca yüksəkdir. İnsanlar öz istəkləri və qəlblərinin təmizliyi ilə ibadət edirlər. Onları heç kim məcbur etmir, içlərindəki Allah sevgisindən başqa. Atmosfer mənim ölkəmdən bir qədər fərqlidir, daha müasirdir. İnsanlar çox mehribandır. Bu, mənim üçün gözəl təcrübə idi".

Bayramınız mübarək, əziz müsəlmanlar!

Müəllif | Apa.Tv

Hikmət Zeynallı

Kodu kopyalayın