15:13 11 Mart 2021 119
Ana səhifə Xəbərlər

Tikinti şirkəti vətəndaşın evinin hasarını niyə söküb? - ARAŞDIRMA

Bakıda vətəndaşa məxsus, uşaq bağçası kimi fəaliyyət göstərən obyektin hasarı mülkiyyətçiyə heç bir xəbərdarlıq edilmədən gecə yarısı sökülüb.

APA TV-nin xəbərinə görə, binaya məxsus kameralara ciddi zərər dəyib. Uşaq bağçasının həyəti tanınmaz hala salınıb.

Məlum olub ki, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 74 (54) ünvanda yerləşən körpələr evi və uşaq bağçasının hasarı ətrafda tikinti işləri aparan “Gloria Palace” MTK şirkəti tərəfindən sökülüb.

Bağça İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında məktəbəqədər tədris müəssisəsi kimi fəaliyyət göstərir. Bu ərazinin torpağı təqaüdçü Qasımzadə Şahin Məhərrəm oğluna məxsusdur və özəlləşdirilib.

Bağçanın yerləşdiyi bina cəmi 13 il əvvəl Bakı ŞİH-nin sərəncamı ilə tikilib, Şahin Qasımzadənin şəxsi mülkiyyətidir və hazırda o, sözügedən bağçanın təsisçisi, həyat yoldaşı İradə İbrahimova isə direktorudur:

Bağçanin təsisçisi Şahin Qasımov deyir ki, evin hasarını yanvarın 20-də gecə saatlarında söküblər: “20 yanvar 2021-ci ildə gecə saat 3-də evimizin hasarını quldurcasına söküblər. Bilirsiz niyə quldurcasına deyirəm? Çünki heç kimin zəhmətinə acımırlar. Kamera görüntüləri bunu deməyə imkan verir. “Gloria Palace” MTK-nın Bəxtiyar adlı rəsmisi ilə danışdım, cavabında dedi ki, biz bu ərazini almışıq. Sual edirəm ki, şəxsi mülkiyyətimi necə, kimdən və nə vaxt aldınız? Axı mənim xəbərim niyə yoxdur? Dedilər ki, ümumilikdə bu ərazilər bizim şirkətə məxsusdur. İnanın, onlara söz çatdırmaq mümkün deyil”.

Şahin Qasımov hadisə ilə bağlı ilk Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə şikayət edib. Bundan sonra vətəndaşın döymədiyi qapı, məktub ünvanlamadığı qurum qalmayıb.

Şikayətə məhəl qoymayan “Gloria Palace” MTK nəinki sökdüyü hasarı bərpa etməyib, bu azmış kimi, ərazini “təhlükəsizlik tədbirləri” adı altında hasarlayıb və bağçanın giriş-çıxışını bağlayıb: “Bura xüsusi mülkiyyətdir. Qarşı tərəfə izah etməyə çalışıram ki, xüsusi mülkiyyət o deməkdir ki, torpaq da öz mülkiyyətimə daxildir, ev də. Siz axı mənim evimin qarşısını bağlamaq üçün icazə almalısınız. Artıq 13 ilin evidir bu evdir. Xüsusi icazə ilə tikilib, adını qoyurlar ki, bura qəzalı vəziyyətdədir. Nə gələn olub, nə baxan olub, nə çəkən olub, onda hansı əsasla bu ev qəzalı vəziyyətdə hesab oluna bilər?”.

Baş Prokurorluğa müraciət etdikdən sonra Şahin Qasımzadə üz tutur Nəsimi Rayon İcra Hakimiyyətinə: “Bəli, müraciət etdim. Ərizəni yazdım. Məni heç kim qəbul edib problemimi dinləmədi. Heç kim də gəlmədi. Bütün məktubları ümumiləşdirib Azərbaycan Prezidenti İlham Əliyevə və bütün səlahiyyətli qurumlara göndərdim. Yalnız bundan sonra Nəsimi RİH-ə dəvət olundum, icra başçısı Asif Əsgərovla görüşdüm”.

Təsisçi iddia edir ki, görüş keçirilməsinə baxmayaraq, İH tərəfindən əhəmiyyətli heç bir tədbir görməyib.

Problemin həllinə aydınlıq gətirmək məqsədilə üz tutduq Nəsimi Rayon İcra Hakimiyyətinə. İcra Hakimiyyətinin sözçüsü Elvin Bağırov məsələdən xəbərdar olduqlarını dedi. Onun sözlərinə görə, tikinti planlaşdırma sənədləri 12.10.2016-cı il tarixli 1482 saylı qeydiyyatla Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq qaydada razılaşdırılıb. Layihələndirmə işlərinə yeni şəhərsalma prinsiplərinə uyğun yenidən baxılıb və eyni qurumun 08.11.2019-cu il tarixli 6456 saylı məktubu ilə razılaşdırılıb. 21.08. 2020-ci il tarixli 338 saylı məktuba əsasən “Gloria Palace ”MTK tərəfindən tikintisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilib.

Layihənin əhatə etdiyi ərazi üzrə 91 mülkiyyətçidən 55 mənzil sahibləri ilə şirkət arasında mənzillərin boşaldılması, kirayə mənzillərdə yerləşdirilməsi və yeni təmirli mənzillərə qaytarılması barədə qarşılıqlı razılaşma müqaviləsi bağlanıb, qalan mülkiyyətçilərin əksəriyyəti ilə şifahi razılaşmalar əldə olunub və bu istiqamətdə işlər davam etdirilir.

Vətəndaş Şahin Qasımzadənin şikayətinə gəlincə, layihə ərazisində qonşuların boşaldılmış mənzillərinin söküntüsü zamanı həmin mənzillərin divarının vətəndaş İradə İbrahimovaya məxsus fərdi yaşayış evinin həyətinə baxan hissəsi uçulub. Sökülmüş hissə artıq bərpa olunub.

Şahin Qasımzadənin digər şikayəti, yəni ona məxsus mülkiyyətin ərazisində icazəsiz hasar quraşdırılmasına gəlincə, qeyd olunub ki, “Gloria Palase” Mənzil Tikinti Kooperativinə həvalə edilmiş layihə ərazisi tikintidə təhlükəsizliyin təmin olunması üçün yüngük konstruksiyalı dəmir karkaslar üzərində dikt lövhələrlə hasarlanıb və hasarlar fərdi yaşayış evinin giriş-çıxışını bağlamır.

RİH-dən bildirilib ki, hazırda bir neçə sakin pilot layihə ilə bağlı müqavilə bağlamaqdan imtina edir, bu səbəbdən şirkət tərəfindən pilot layihənin həyata keçirilməsi ləngiyir. Hazırda şirkət tərəfindən layihənin mərhələli həyata keçirilməsi üçün ərazidəki mülkiyyətçilərlə iş, o cümlədən vətəndaş Şahin Qasımzadə ilə danışıqlar aparılır.

Baş verənlərə “Gloria Palase” MTK-dan münasibət öyrənmək cəhdimiz isə baş tutmadı. Şirkət rəhbərliyi şifahi olaraq bildirdi ki, mübahisəli məsələ məhkəmə müstəvisindədir.

Tərəflər arasında məhkəmə prosesin keçiriləcəyi tarixi dəqiqləşdirdikdən sonra çəkiliş qrupumuzla Nəsimi Rayon Məhkəməsinə də baş çəkdik. Öyrəndik ki, vətəndaş Şahin Qasımzadənin şikayəti ilə bağlı məhkəmə iclası martın 9-a təyin olunmasına baxmayaraq, prosesin vaxtın aprelin 7-nə dəyişdirilib. “Gloria Palase” MTK isə Şahin Qasımzadənin dikt lövhələrdən ibarət hasarın sökülməsi ilə bağlı şikayətindən apellyasiya şikayəti verib.

Sevinc Vaqifqızı

Musa Qulammirzəyev,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın