10:40 05 Aprel 2018 3062
Ana səhifə Xəbərlər

Tikinti şirkətinin qanlı dələduzluğu: ölən və tutulan var - ARAŞDIRMA

İnsanların ödəməli olduqları zəruri ehtiyaclarından biri də mənzildir. Amma son vaxtlar bu məsələ ətrafında kifayət qədər qalmaqal yaşanır. Çünki bu gün Bakıda tikinti işləri ilə məşğul olan bəzi şirkətlər tamamilə fərqli yol seçib.

Bakı sakini Rəhilə Əsədullazadə 2005-ci ildə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində şirkətinə məxsus iki hektar torpağın 40 sotunda 4 bloklu 16 mərtəbəli yaşayış binasının tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətindən sərəncam alıb. Elə həmin il onun rəhbəri olduğu "A.R.&Ko" MMC-nin MMC-nin MMC bina tikmək istəyindən vaz keçir və "BADU-KUBƏ" adlı MTK ilə müqavilə imzalayır. Bütün problemlər də bundan sonra başlayır: "2005-ci ilin iyul ayında "BADU-KUBƏ" MTK ilə müqavilə imzaladıq ki, sözügedən ərazidə bizim MMC-yə məxsus müxtəlif yaşayış obyektləri, saunalar, mağazalar və tikiş sexi kimi sökülən obyektlərimizin yerində bizə 8000 kvadratmetr yaşayış və qeyri-yaşayış sahəsi verilməlidir. Bu belə qət olundu".

Beləliklə, MTK-lar arasında sxem tərtib olunur: "Sxemlərdə tərtib olundu ki, mənzillərdən bir neçəsi "A.R.&Ko" MMC-yə məxsusdur. Hətta hansı blokda hansı saylı mənzillər belə o sxemdə açıq göstərildi. Yerdə qalanlar isə "BADU-KUBƏ"yə məxsusdur".

2007-ci ildə MTK-lar arasında münasibətlər normal məcrada davam edir və Rəhilə xanım payına düşən 31 mənzili ayrı-ayrı sakinlərə satır: "Mənim hazırda təsisçisi olduğum MMC-nin rəhbəri həyat yoldaşım Asif Əsədullazadə idi. Bir müddət sonra mənzil satdığımız insanlar bizə müraciət etdilər ki, sizin bizə satdığınız mənzilləri "BADU-KUBƏ" digərlərinə də satıb".

Bir mənzilin bir neçə nəfərə satılması prosesini həyata keçirən "BADU-KUBƏ" MTK ilə münasibətlər bundan sonra gərginləşir. Sözügedən MTK-nın təsisçiləri 2005-ci ildən bu yana həmtəsisçilərini dəyişdikcə, tərəflər arasında vəziyyət alovlanır və sonuncu sədr Ədalət Qəmbərov adlı şəxs olur. Rəhilə xanım deyir ki, həmtəsisçilərin dəyişməsi problemin daha da dərinləşməsi ilə nəticələnir.

Bundan sonra "A.R.&Ko" MMC əvvəlcə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, sonra isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edir. Tərəflər Baş İdarəyə dəvət olunur.

Ədalət Qəmbərov ifadəsində "A.R.&Ko" MMC ilə bağladığı müqaviləni birtərəfli qaydada ləğv etdiyini deyir. Baxmayaraq ki, müqavilə yalnız məhkəmə qərarından sonra ləğv oluna bilər.

Rəhilə xanım iddia edir ki, onun hüquq-mühafizə orqanlarına şikayətindən sonra Ədalət Qəmbərov və onun yaxınları onların ofisinə basqım edir, tərəflər arasında yaranan münaqişə qanlı sonluqla nəticələnir. Rəhilə xanımın oğlu Ədalət Qəmbərovun yaxın qohumunu öldürür, Ədalət Qəmbərovu isə yaralayır. Hadisədən sonra Rəhilə xanımın oğlu və həyat yoldaşı həbs olunur. Həyat yoldaşına 1 il 3 aydan sonra məhkəmənin hökmü ilə bəraət verilir.

Rəhilə Əsədullazadə "BADU-KUBƏ" ilə imzaladığı müqavilə əsasında mənzil satdığı 31 zərərçəkmişə 860 min manat pul ödəyir. İşə yenidən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılır və tərəflər burda yenidən bir araya gəlir. Rəhilə xanıma təklif olunur ki, onun şirkətinin balansında qalan 26 mənzil "BADU-KUBƏ" verilsin ki, zərərçəkmiş vətəndaşlara qaytarılsın, çardaq tikilsin və "BADU-KUBƏ" MTK "A.R.&Ko" MMC-yə olan borcunu ödəmiş olsun. "A.R.&Ko" MMC razılaşır. Buna baxmayaraq, "BADU-KUBƏ" MTK müqavilə imzaladığı şirkətə heç bir maddi və mənəvi təzminat ödəmir. Bu azmış kimi, bir mənzili bir neçə sakinə satmaq bu günə qədər də davam edir.

Zərərçəkən Azər Məmmədov deyir ki, 2007-ci ilin mart ayında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində "BADU-KUBƏ" MTK-ya 48720 ABŞ dolları ödəyərək anasına və qardaşına ayrı-ayrılıqda iki ədəd bir otaqlı mənzil alır. 2010-cu ildə məlum olur ki, sözügedən mənzillər MTK tərəfindən digər şəxslərə satılıb: "Hazırda həm pulsuz qalmışam, həm canım gedib, həm də evsiz qalmışam. Tələbim budur ki, ya evimi, ya da pulumu qaytarsınlar. Çünki Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən zərərçəkmiş kimi tanınmışam".

Yusif Sultanov da zərərçəkmişlər sırasındadır: "119 nəfər kooperativ üzvü bu binanın tikilməsində bilavasitə iştirak edib. Hər mərtəbə tikildikcə, gəlib maraqlanırdıq. 2010-cu ildə gəldik ki, burda 3 mühafizə xidməti dayanıb, bizi binaya buraxmırlar ki, sənədləriniz saxtadır. Bütün instansiyalara müraciət etdik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi açıldı. Hazırda evsizəm, mənzili 3 başqa adama satıb".

Rafiq Sadıqov da MTK qurbanlarındandır: "Bir il öncə ev götürmüşəm. Təmirə başlamaq istəyirdim ki, digər şəxslər gəldi ki, mənzil bizə satılıb. Gəlib mənzilimin qapısını sındırıblar".

Mübahisəli məsələyə aydınlıq gətirmək üçün "BADU-KUBƏ" MTK-nın təsisçisi Ədalət Qəmbərovla görüşmək istədik. Soyuq aprel günündə qapısında təxminən 40 dəqiqə gözlədikdən sonra bizi ərazidən uzaqlaşdırmaq üçün sahə müvəkkilini ofisinə dəvət etdi. Danışmayacağını desə də, çətinliklə olsa belə səsini eşitməyə müvəffəq olduq: "İş məhkəmə müstəvisində həll olunacaq. Onda kimin ədalətli olduğu bəlli olacaq. Sakinlər də gəlmişdi, onlara da demişəm. Sizə də deyirəm, məhkəməni gözləyin".

Beləliklə, son söz məhkəmənindir. Zərərçəkmişlər ədalətli qərar çıxarılacağına ümid edirlər.

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın