13:03 17 İyul 2020 260
Ana səhifə Xəbərlər

Tovuzun Vahidli kənd sakinləri: “Qarabağda döyüşə getməyə hazırıq” - REPORTAJ

Son günlər atəşkəs rejimini kobud şəkildə pozan düşmən ordusu layiq olduğu cavabı almasına rəğmən, yenə də bölmələrimizi atəşə tutmağa davam edir.

APA TV xəbər verir ki, bu dəfə də düşmən silahlarını dinc sakinlərin yaşayış ərazilərinə yönəltdir.

Sərhəddən bir qədər aralıda yerləşən Tovuz rayonun Vahidli kəndini özünə hədəf seçən namərd qonşular kənd istiqamətini ötən gün səhər saatlarından etibarən dəfələrlə atəşə tutmağa başlayıb.

Təxminən saat 18:00 radələrində düşmənin atdığı iriçaplı silahlardan gördüyünüz bu əraziyə mərmi düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ev sahibinə məxsus ot tayası yanıb.

Bir neçə saat aramsız davam edən atəş zamanı kənd sakini Arif Məmmədova məxsus evi kənarına mərmi düşüb. Nəticədə evin pəncələrinin şüşələri və evə yaxın olan yarım tikili zərər görüb. Ot bağlamasına mərmi düşməsi nəticəsində yanğın baş verib. Dərhal hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

Kənddə baş verənlər hadisələr izləmək üçün Vahidliyə yol alan əməkdaşlarımız burada insanların əhval-ruhiyyəsinin yerində olduğunun şahidi olublar. Kənd sakinləri düşməndən qorxmadıqlarını bildiriblər. Lakin gün boyu aramsız davam edən atəş nəticəsində insanların təsərrüfatlarına ciddi ziyan dəyib.

Orduya güvənən sakinlər bildiriblər ki, kənddə həyat axarı ilə davam edir. Hər kəs öz işi ilə məşğuldur. Elə Dürrə Seyidova kimi. 65 yaşlı müsahibimiz, vətən anlayışının müqəddəsliyini, bu kəndin onlar üçün nə qədər doğma olduğunu və hər daim ordumuza güvəndiyini bildirib.

Dürrə xanımın gəlini bildirib ki, kəndimizin əhalisi kişili, qadınlı hər zaman düşmənlə döyüşməyə hazırdır.

Öz məğrurluğu ilə düşmənə göz dağı olan, 1200 yaxın vətəndaşın məskunlaşdığı Vahidli kəndi bu gün mərd şəkildə, ordumuzun gücünə inanaraq həyatlarına hər zamankı kimi davam edirlər.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın