18:40 31 Mart 2018 1714
Ana səhifə Xəbərlər

Toy evini yas evinə çevirən şəhadət xəbəri - REPORTAJ

“Hərənin öz imzası olmalıdır” deyərdi. Qələm kolleksiyası toplamağı sevirdi. Yəqin elə buna görədir ki, özündən sonra imza qoymağı bacardı. APA TV-nin məlumatına görə, onun adı Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə yazıldı - şəhid Fəxrəddin Qurbanlı kimi...

Anası Həzimə Qurbanovanın yaddaşında Fəxrəddin belə qalıb: “Fəxrəddin elə uşaq idi ki, hamımız ondan məsləhət alırdıq. Düzgün məsləhət verirdi. 2 il olacaq... Fikirləşirəm ki, bəlkə bir dəfə məni incidib, ya yorub. Vallah, tapa bilmirəm. Mən elə bilirdim hamı elədi. Deyirdi ki, sual verəndə sualdan çox cavabını düşünün ki, sözünüz yerə düşməsin. Onda olan ağıla, zəkaya heyran idim”.

Fəxrəddin məktəbdə də, universitetdə də nizam-intizamı ilə fərqlənirdi. O, adını tam doğrultmuşdu, hər kəsin fəxri idi: “22 yaşı var idi. Sosial işdə oxudu. Seçimi özü etmişdi. Atasının verdiyi pulla uşaq evlərində olan uşaqlara hədiyyələr alardı, ya da qocalar evinə gedərdi. Çox fəal idi. Universitetdə oxuyanda elə birinci ili Vergilər Nazirliyinə işə götürmüşdülər”.

Atası Seyfəddin Qurbanovun sözlərinə görə, Fəxrəddin universitet tarixində ən yüksək təqaüd alan uşaq olub. Bakıda, Sumqayıtda olan əksər uşaqlar və qocalar evlərində olub.

Bacısı Fəxriyyə Əsədova isə deyir ki, qardaşı səbri ilə başqalarından seçilirmiş: “Yorucu söhbət olsa belə, heç kimin sözünü kəsməzdi. Sona qədər dinləyərdi. Başa düşən idi. Deyirdi ki, qadağalar həmişə insanı səhv etməyə yönləndirir. Həyat insanı həmişə eyni istiqamətə yönəltmir. Bəzən pis olur, bəzən yaxşı. Enişi-yoxuşu... Əsgərliyə gedəndən sonra çox dəyişdi. Bir dəfə söhbət edəndə dedi ki, heç vaxt görünüşə aldanmayın”.

Bacısı deyir ki, Fəxrəddini cəmi iki dəfə qayğılı görüb. Birinci dəfə universitetin cavablarını gözləyəndə, bir də anasının əməliyyatı ilə bağlı xəbər gələndə. Amma dəyanətli idi. Reallığı olduğu kimi qəbul etməyi bacarırdı. Gələcəkdə baş verə biləcək hadisələrə də hazırlıqlı idi.

2016-cı ilin yanvarın 13-də Fəxrəddinin 22 yaşı tamam olur. Anası övladını sonuncu dəfə elə ad günündə görür: “Bilmədim son görüşümüzdür. Yola salırdım. Birdən qayıtdı ki, “gedib də gəlməmək var, gəlib də görməmək var”. Özündən də soruşdum ki, Fəxrəddin, gəlib görməmək necə olur ki?”

Mart ayında ailəsi Fəxrəddinin yanına getmək istəyirmiş, amma o, icazə verməyib. Aprel döyüşləri başlayanda hər bir əsgər anası kimi, Həzimə xanım da narahat olub. Oğlunun qulluq etdiyi hərbi hissəyə zəng etsə də, cavab ala bilməyib. Ayın 6-na qədər gözləyiblər. Narahatlığa son qoymaq üçün Fəxrəddinin atası və dayısı yola düşüblər. O ərəfədə Fəxrəddinin digər dayısının evində toya hazırlıq gedirdi - dayısı qızının toyu olmalı imiş. Lakin bu sevinci yaşamaq ailəyə nəsib olmur - Fəxrəddinin şəhadət xəbəri gəlir. Həzimə xanımın bu xəbərdən sarsılan qardaşı elə həmin gün ürəktutmasından vəfat edir: “Qardaşım qızına toy edirdi ayın 9-u. Dəvətnamələr paylanmışdı. Yola düşən qardaşım zəng elədi ki, xəbər öyrənsin. Birinci dedilər ki, axtarırıq. Zəng bitən kimi yanımızda olan qardaşım dedi ki, durun qırmızıları bağlayın, sabah toydur. Heç 15 dəqiqə keçməmişdi ki, bir də zəng elədi. Bu dəfə telefon bağlı idi. Dedi ki, “durun, qırmızıları açın, Fəxrəddini gətirirlər”. Kresloda oturduğu yerdə ürəyi yatdı”.

Fəxrəddinin meyiti Seysulan istiqamətində gedən döyüşlərdə neytral zonada qalmışdı. Bir gün sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə geri alınan şəhidlərdən biri də Fəxrəddin idi: “Aprel döyüşləri Azərbaycan tarixinin şanlı səhifəsidir. Ermənilərin yaratdığı mif dağıldı. Keçilməz hesab olunan Ohanyan səddini bu uşaqlar 40 dəqiqəyə keçmişdilər. O ərəfədə bütün Azərbaycan ayağa qalxmışdı. Onlar milli ruhu qaldırdılar”.

Fəxrəddin Qurbanlı ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub. Atası övladının adının əbədiləşdirilməsini arzulayır. Elə yaşadıqları Binəqədi rayonu ərazisində oğlunun adına küçə verilməsini təklif edir. Çünki Fəxrəddin adı kimi fəxarətli ömür yaşayıb. Ruhu şad olsun!

Müəllif | Apa.Tv

Nigar Həsənli

Kodu kopyalayın