19:20 18 Oktyabr 2019 24
Ana səhifə Xəbərlər

Tullantıların arasından 19-cu əsrə aid kitab tapıldı - BAKIDA

Gümüş, mis qılınclar, müxtəlif heyvan fiqurları, heykəllər, bəzək əşyaları, hətta maraqlı kitablar... Və təsəvvür edin, bütün bunlar tullantı kimi atılıb. Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda isə həmin əşyalar tullanmır. Burda hətta onlardan mini sərgi düzəldilib.

Bəli, düz eşitdiniz. Bütün bu əşyalar il ərzində 200 min tondan artıq tullantının çeşidləndiyi zaman zavoddan tapılan əşyalardır. “Təmiz Şəhər” ASC-nin mətbuat katibi Elmar Məlikov deyir ki, çeşidləmə prosesi zamanı daha çox şəxsiyyət və sürücülük vəsiqələri, nəqliyyat vasitələrinin dövlət nömrə nişanları da aşkar edilir. Sənədlər müxtəlif formalarda sahiblərinə çatdırılır. Əşyalar isə zavodun “Qeyri-adi tapıntılar” guşəsində saxlanılaraq ziyarətçilərə nümayiş etdirilir. Bu yaxınlarda tapılan tarixi bir kitab zavod əməkdaşlarının diqqətini cəlb edib: "Bu kitab filosof və alim Abdurrəhman Caminin XII əsrdə yaşamış Misir alimi İbn Hacibin “El-Kafiye” əsərinə şərhi barədə olan kitabdır. 1892-ci ildə ərəb dilində İstanbulda nəşr olunub. Hazırda kitaba hər hansı ziyan dəyməməsi üçün xüsusi qutuya yerləşdirərək burda sərgilənir”.

Elmar Məlikov deyir ki, sözü gedən kitabı gələcəkdə Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyinə göndərilməsi və orada nümayiş edilməsi planlaşdırılır. Lakin kitab XIX əsrə aid tarixi nüsxə olduğundan onun elm sahəsinə töhfə verə biləcəyi ehtimalı nəzərə alınıb. Bu səbəbdən də kitab qədim əlyazmaların qorunduğu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun arxivinə verilə bilər. O halda ki, institut əlyazmanın verilməsi barədə onlara müraciət etsin: “Nadir tapıntılar guşəsində müxtəlif ölçüdə və çeşiddə sürahilər, mis və gümüş vazalar, gümüş qəhvə qabları toplanıb. Eyni zamanda burda müxtəlif dövlətlərin köhnə və yeni pul vahidləri də sərgilənir”.

“Fikrimiz var ki, bir gün antik əşyaların tarixinin dəqiqləşdirilməsi və əşyalar haqqında məlumatın dəqiq verilməsi üçün xüsusi mütəxəssis dəvət edək. Həmin mütəxəssis burada toplanan əşyaların hansı dövrə aid olmasını dəqiqləşdirsin. Və biz bu məlumatları həmin əşyaların üzərinə qeyd edək”.

Tarixi kitabın önəmi ilə bağlı AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutu ilə də əlaqə saxladıq. İnstitutun direktor müavini Paşa Kərimov bildirdi ki, sözü gedən kitab XIX əsrə aid olsa da əlyazma deyil. Yəni həmin kitabdan İnstitutun arxivində bir neçə nüsxə var. İstənilən halda, Əlyazmalar İnstitutunda nüsxələri saxlanılan kitabı tullantı kimi tapılması acı həqiqətdir. Və ümumiyyətlə, istər kitab olsun, istərsə başqa bir əşya. Yaddan çıxarmayaq ki, kimlərinsə köhnə bilib atdığı əşyalara kimlərinsə ehtiyacı ola bilər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın