13:15 01 İyul 2020 354
Ana səhifə Xəbərlər

Turist üzünə həsrət qalan Nabran – QİYMƏTLƏR AŞAĞI DÜŞÜB

Ötən illərə nisbətən bu il Nabrana gələn turistlərin sayı kəskin azalıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, xüsusi karantin rejiminin tətbiq edilməsi səbəbindən turistlər paytaxtdan bölgələrə gedə bilmir. Bu səbəbdən də hazırda Nabranda dincələn turistlərin əksəriyyəti elə şimal bölgəsindən olanlardır.

İstirahət mərkəzlərindən birinin rəhbəri Şahlar Nəsirov deyir ki, bu il turist axınının bol olacağını gözləsələr də tam əksi ilə üzləşiblər: “Ümumiyyətlə biz bu il turist axını gözləyirdik. Bu il əvvəlki illərə nisbətən hava şəraiti də çox əlverişli idi. İkinci aya keçid alırıq, amma turizm çox bərbad bir vəziyyətdədir. İşçi heyəti azaldılıb. Həmişə 20-30 nəfər olan işçilərimizin sayı hazırda 5-6 nəfərdir. Çox çətinlik çəkirik, həftədə bir müştəri gələr ya da gəlməz”.

Başqa bir obyektin sahibi Ayaz Rəşidov isə deyir ki, koronavirusun yayılma təhlükəsinə qarşı istirahət mərkəzlərində vaxtaşırı dezinfeksiya işləri də aparılır və masalarda ara məsafəsi gözlənilir: “Məlum məsələ ilə bağlı turizm sahəsi heç də yaxşı gündə deyil. Hovuzlar dezinfeksiya olunur və sosial məsafə saxlanılır. Bir o qalır ki, qonaqlar gəlsin. Bu il havalar da xoş keçir, oksigen də boldur”.

Turizm sahəsindəki durğunluq qiymətlərə də öz təsirini göstərib. Nabrandakı əksər istirahət mərkəzlərində qiymətlər yarıbayarı aşağı düşüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın