06:40 27 Yanvar 2020 584
Ana səhifə Xəbərlər

Turistləri aparan avtobus qəzaya düşüb, bir ailənin 3 üzvü ölüb – 15 YARALI

İsmayıllı rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

APA Tv-nin yerli bürosunun xəbərinə görə, hadisə Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən hər iki avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı “VAZ 2106” markalı minik avtomobilinin sürücüsü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva dünyasını dəyişib.

Ailənin digər üzvü, 11 yaşlı Elcan Quliyev isə qəza zamanı xəsarət alıb.

Qəza zamanı avtobusda olan 15-ə yaxın şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyalarının işçiləri cəlb olunub. Xəsarət alan şəxslər, Bakı sakinləri-1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2009-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər yaralıların təcili tibbi yardım stansiyalarının avtomobilləri ilə ətraf rayonların xəstəxanalarına və Bakı şəhərinə aparıldığı bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın