10:43 15 Fevral 2021 153
Ana səhifə Xəbərlər

Türk filmləri Azərbaycan dilinə dublyaj olunmalıdırmı? – MÜTƏXƏSSİS RƏYLƏRİ

Artıq bir neçə ildir ki, yerli telekanallarda əcnəbi filmlər Azərbaycan dilinə dublyaj edilərək verilir. Təbii ki, bəzən dublyaj olunan filmlərin aşağı keyfiyyətdə tamaşaçıya təqdim olunmasını da müşahidə edirik ki, bu da onları çox zaman narazı salır.

Qeyd edək ki, fransız sözü olan “doublaje” nəyinsə surətini yaratmaq, üz şəklini çəkmək kimi tərcümə olunur. İlk dəfə Azərbaycan dilinə 1937-ci ildə “Çapayev” filmi dublyaj olunub. Azərbaycan Dövlət Televiziyasında dublyaj redaksiyası isə 1966-cı ildə yaradılıb.

Bu məlumatı sizinlə elə belə yerdən paylaşmadıq. Sözümüzün canı var. Təxminən yarım əsrlik yol keçən dublyaj təcrübəsi axı hansı səbəbdən bu günün tamaşaçısını razı sala bilmir?

Bir sıra tamaşaçılar filmlərin tərcümə-redaktəsindən, sinxron səslənmədəki uyğunsuzluqlardan, aktyor seçimində buraxılan səhvlərdən narazı qalır. Nəticədə Azərbaycan tamaşaçısı həmin filmləri yerli kanallarda deyil, Türkiyə kanallarında seyr etməyi üstün tutur. Bu zaman itirən yenə də yerli televiziya kanalları olur. Bir yandan böyük izləyici auditoriyasını itirir, digər tərəfdən də uğursuz alınan bir iş üçün günlərlə sərf etdiyi vaxtını. Bunun üzərinə maddiyyatı da gələndə, tablo tamamlanır.

Mütəxəssislər hesab edir ki, son zamanlar qardaş Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığı bir dönəmdə Türkiyə türkcəsində olan verilişlərin və ya filmlərin Azərbaycan türkcəsinə tərcümə edilməsi məsələsinə bir daha baxılmalıdır. Xüsusən Vətən Müharibəsi zamanı Türkiyə rəhbərliyinin və mediasının Azərbaycana verdiyi dəstək xarakterli çıxışların tərcümə olunmaması bu barədə müzakirələri yenidən aktuallaşdırıb.

Ömrünün yarıdan çoxunu televiziya sahəsinə həsr edən əməkdar jurnalist Qulu Məhərrəmli də deyir ki, Azərbaycan və Türkiyə türkcəsi eyni qoldan olduğundan, bu dillərdə anlaşılmayan sözlər demək olar ki, azdır. Bu səbəbdən Türkiyə türkcəsində olan sözlərin tərcümə edilməsi məqsədəuyğun deyil: “Biz xəbər süjetində və ya verilişdə türk dilində gedən çıxış əgər 10-20 dəqiqədirsə, o zaman onun tərcümə edilməsinə heç bir lüzum qalmır. Əgər Türkiyə Prezidenti öz çıxışında Qarabağ məsələsindən danışırsa və bütün fikir, kontekst bizə aydındırsa, bu çıxışı niyə dublyaj edib verək ki? Bu yolverilməzdir. Bizim özümüzdə olan bir sıra fellər var ki, onlar hər iki dildə anlaşılır. Amma bəzi sözlər var ki, onları anlamaq yaşlı nəsil üçün çətinlik yaradır, o zaman filmlərdə tərcümə alt yazı ilə verilməlidir. O insanlar subtitrlər vasitəsilə həmin filmi daha yaxşı anlaya bilər”.

O ki qaldı ortaq dilin yaradılması məsələsinə, Qulu Məhərrəmli hesab edir ki, yeni dil yaratmaq mümkünsüzdür. Eyni zamanda yeni əlifba yaratmaq da əsrlərlə başa gələn təbii prosesdir: “Mən hesab edirəm ki, ən yaxşı ortaq dil Azərbaycan dili ola bilər. Bunun qrammatikası, dilin semantikası, fel sistemi, yad sözlərə müqaviməti daha çoxdur. Hətta intonasiya baxımından da Azərbaycan dili daha münasibdir. Amma işləklik baxımından Türkiyə türkcəsi daha işləkdir. Bura həm siyasi sferada işlənməsi, həm də texnologiyalarda türk dili artıq öz yerini tutub. Hesab edirəm ki, keçmiş SSR-də rus dili ortaq işlək dil olduğu kimi, Türkiyə türkcəsi də ümumtürk işlək dili olsun”.

AMEA-nın Dilçilik İnstitutunun direktor müavin Baba Məhərəmmli isə bir qədər fərqli düşünür: “Artıq yeni nəsillər Türkiyə türkcəsində danışmağa başlayıb. Məsələn, “filan” sözünü “falan” kimi tələffüz edirlər, eləcə də dilimizdə olmayan “söz konusu” sözündən istifadə olunur. Bu yolverilməzdir. Türkiyə türkcəsində olan sözlərin olduğu kimi dilimizdə tələffüz edilməsi hesab edirəm ki, düzgün deyil. Amma filmlər dublyaj edilməməlidir”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu deyir ki, imzalanmış Anlaşma Memorandumu strateji bir qərardır, hər iki ölkənin milli maraqları və milli hədəfləri baxımından olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, Azərbaycan mediası Türkiyə mediası ilə ortaq platformada çıxış etməklə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli rol oynayacaq. Ortaq media platformasının yarandığı bir zamanda türkcə çıxışların tərcümə edilərək verilməsi və anlaşılması mümkün olan ortaq dilin olması da vacibdir: “Müstəqilliyimizi əldə etdikdən sonra ötən 30 il müddətində Anadolu türkcəsindən bizim dilimizə çoxsaylı sözlər daxil olub. Bəzən biz bunun fərqində olmadan o sözləri sinonim kimi işlədirik. Bunlar yeniliklərdir. Mən yaxşı xatırlayıram ki, sovet dövründə o sözlərin nəinki mənasını, heç tələffüz formasını düzgün bilmirdik. Sərhədlər açıldıqdan sonra ölkəmizə daxil olan Türkiyə televiziyaları, mediası əslində bizim dildə olub lakin arxaikləşən, istifadədən çıxan və ya məhəlli sözlər kimi işlənən o sözləri Azərbaycan dilinə qaytarmış olmaqla yeni bir dil mühiti formalaşdırdı. Mən ortaq dil deyəndə bunu nəzərdə tuturam”.

Hikmət Babaoğlunun sözlərinə görə, hələ ötən əsrin əvvəllərində böyük Mirzə Ələkbər Sabir də buna etiraz edərək, “türkcədən türkcəyə tərcümə də nə demək?” - deyə fikrini açıqlamışdı: “Türk dilində olan filmlərin yenidən tərcümə edilərək Azərbaycan ictimai auditoriyasına təqdim edilməsi ortaq media platformasında edəcəyimiz əməkdaşlıqla uzlaşmır. Çünki imzalanan sənəddə “qarşılıqlı anlaşma” ifadəsi yer alır ki, bu deyilənlərdə öz əksini tapmır. Hesab edirəm ki, türklərin çəkdiyi tarixi filmlər bizim ortaq tariximizi əks etdirdiyindən, biz bu filmləri elə dublyaj olunmadan verməliyik. Hazırda Səlcuqlarla bağlı filim nümayiş olunur. Bu filimdə göstərilən xaşxaşilər, batinilər, Həsən Səbbahlar bu gün də var və biz ona “5-ci kalon” deyirik. Bu tip düşmənlər ölkəmiz üçün hər zaman ideoloji terror edir. Filmə baxan hər kəs onu bu günlə əlaqələndirib alt qatını dərk etməlidir”.

“Bəzi hallarda qardaş Türkiyə Cümhuriyyətinin adını Türkiyə Respublikası kimi tələffüz edirik. Bu, əsla yolverilməzdir. Bu ölkəni quran böyük Mustafa Kamal Atatürk onun adını Türkiyə Cümhuriyyəti qoyub. Yaxud “Zeytun dalı” əməliyyatını “Zeytun budağı”, “Barış Pınarı” əməliyyatını “Sülh bulağı” kimi yanlış tərcümələr edilir. Adlarsa tərcümə edilmir” – deyə deputat bildirib.

İlahə Vəliyeva

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın