14:02 25 Sentyabr 2020 209
Ana səhifə Xəbərlər

Türkiyədə azərbaycanlıların da qatıldığı texnologiya festivalı keçirilir

“Biz Azərbaycanı özümüzdən ayırmırıq. Sənaye və Texnologiya Nazirliyi Azərbaycanla elm və texnologiya sahəsində əməkdaşlıq etmək istəyir”.

Bunu APA TV-nin Türkiyə bürosuna Türkiyənin Qaziantep şəhərində keçirilən Havaçılıq, Kosmos və Texnologiyalar Festivalında (TEKNOFEST) bu ölkənin Sənaye və Texnologiya Naziri Mustafa Varank deyib.

Nazir bildirib ki, Türkiyədə keçirilən festivala Azərbaycan da dəstək verir. Onun sözlərinə görə, TEKNOFEST təkcə Türkiyə üçün deyil, dost və qardaş ölkələr üçün də nəzərdə tutulub: “Bizim burda məqsədimiz texnologiyanın nə qədər önəmli olduğunu göstərməkdir, elmi, yeni texnologiyaları yaymaqdır. Təbii ki, dost və qardaş ölkələrdən də heyətlər qəbul edirik, məlumat mübadiləsi aparırıq. Keçən il İstanbulda keçirilən TEKNOFEST-ə 120 ölkə qatılmışdı. Azərbaycandan da yarışmalara qatılanlar oldu”.

Nazir bildirib ki, iştirakçılar arasında azərbaycanlılar olsa da, festivalda onlardan finala çıxan olmayıb.

TEKNOFEST-ə tələbin günü-gündən artdığını deyən nazir İstanbuldan başqa, Türkiyənin başqa şəhərlərində də bu festivalın təşkilinə qərar verildiyini vurğulayıb.

Türkiyədə “Baykar” Şirkətinin rəhbəri və T3 Vəqfinin İdarə Heyətinin sədri Selçuk Bayraktar isə ümumilikdə bu il yarışda 84 ölkədən 21 fərqli sahə üzrə 100 mindən çox iştirakçının qeydiyyatdan keçdiyini bildirib.

Onun sözlərinə görə, TEKNOFEST yarışlarından sonra Türkiyədə texnologiyalar sahəsində yerli istehsalda sürətli artım var:

Qaziantep Bələdiyyə Sədri Fatma Şahin isə deyib ki, festivalın Türkiyənin 6-cı böyük şəhəri və bir milyondan çox gənci olan Qaziantepdə keçirilməsindən məmnundur.

Qeyd edək ki, keçən il 1 milyon 700 min ziyarətçinin iştirakı ilə keçirilən TEKNOFEST bu il yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar ziyarətçi iştirakçı olmadan baş tutub.

Sentyabrın 24-dən 27-dək davam edəcək tədbirdəki finala çıxan ilk 3 qrupa ümumilikdə 3 milyon TL mükafat veriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın