14:39 21 Yanvar 2021 80
Ana səhifə Xəbərlər

Türkiyədən gələn psixoloq heyəti Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib

Türkiyədən Azərbaycana gələn 20 nəfər psixoloq heyəti Fəxri xiyaban və Şəhidlər Xiyabanında olub.

APA TV-nin verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi general-mayor Elşad Hüseynov, Tibbi və Psixoloji Yardımın Təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva və Türkiyədən gələn psixoloq nümayəndə heyəti ilk olaraq Ümum Milli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra Şəhidlər Xiyabanına gələn nümayəndə heyəti Türk şəhidlərinin xatirəsini əbədiləşdirən abidəni və torpaqlarımızın bütövlüyü uğurunda canından keçən, 20 Yanvar şəhidlərinin məzarını ziyarət edib, gül dəstələri qoyublar.

Jurnalistlərə açıqlama verən Fövqəladə Hallar Nazirliyinin Tibbi və Psixoloji Yardımın Təşkili şöbəsinin rəisi, Tibb Xidmət Mayoru Xanım Sofiyeva müharibədə xəsarət alan insanlara tibbi yardımla yanaşı psixoloji yardım göstərilməsinin vacib olduğunu bildirib: “Qardaş Türkiyə Respublikası bütün sahələrdə bizə dəstək olduqları kimi, bu sahədə də bizə dəstəklərini əsirgəmədilər və könüllü olaraq bizə köməyə gəliblər. Heyət Müharibə iştirakçıları, qazilər, yaşlılar, terrordan əziyyət çəkən insanlar psixoloji problemlər yaşayanlara kömək olmaq, dəstək olmaq, onların müalicəsini təşkil etmək məqsədi ilə buraya gəliblər”.

Türkiyədən gələn nümayəndə heyətinin sədri Selcuk Demirtaş ehtiyacı olan insanlara psixoloji yardım etməklə yanaşı, Azərbaycanda olan psixoloq həmkarlarla da müştərək işlər görüləcəyini qeyd edib: “Biz qrup olaraq Türkiyənin fərqli bölgələrindən gəlmişik. Samsundan, Elazığdan, Ankaradan, İstanbuldan gələn həmkarlarımız var. Birlikdə həm burda, həm rayonlarda qazilərimizə, şəhid ailələrinə burdakı həmkarlarımızla birgə psixoloji yardım edəcəyik. İndiki səfərimiz 1 ay müddəti əhatə edəcək. Təbii ki bu müddət ərzində burda olan həmkarlarla fikir mübadilələri aparacağıq”.

Psixoloqlardan ibarət heyət hələlik paytaxtda yerləşən tibbi müəssisələrdə fəaliyyət göstərəcək. Yaxın günlərdə isə müharibədən daha çox zərər görmüş Gəncə, Bərdə və digər rayonlara səfər edəcəyi gözlənilir.

Xələf Xələfov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın