16:06 11 Sentyabr 2020 445
Ana səhifə Xəbərlər

Türkiyəli nazir: “Naxçıvan Azərbaycanın bizə əmanətidir”

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. Bu, Milli Məclisin Sədri Sahibə Qafarovanın parlament sədri kimi ilk xarici səfəridir.

Milli Məclisdən APA TV-yə verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Ankaranın Esenboğa hava limanında nümayəndə heyətimizi Türkiyə Böyük Millət Məclisinin Sədr müavini Süreyya Sadi Bilgiç və digər rəsmi şəxslər qarşılayıblar.

Həmin gün Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyənin ticarət naziri Ruhsar Pekcan ilə görüşüb.

Türkiyəli nazir bildirib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,4 milyard dollar olub. Lakin bu rəqəm iki ölkənin gerçək potensialını əks etdirmir və məqsədimiz ticarət dövriyyəmizi daha da artırmaqdır.

Naazir həmçinin qeyd edib ki, hədəfimiz Azərbaycanla Sərbəst Ticarət Anlaşması imzalamaqdır. Ruhsar Pekcan pandemiya səbəbindən Türkiyənin Orta Asiyaya İran üzərindən daşımalarda çətinlik yarandığını və bu səbəbdən Gürcüstan-Azərbaycan-Xəzər istiqamətinin daha da önəm qazandığını diqqətə çatdırıb.

Türkiyənin Naxçıvanla əlaqələrinə də toxunan Ruhsar Pekcan qeyd edib ki, Naxçıvan Azərbaycanın bizə əmanətidir və Naxçıvanla ticarət əlaqələrinin inkişafına xüsusi önəm veririk.

Milli Məclisin Sədri Sahibə Qafarova isə vurğulayıb ki, Türkiyə və Azərbaycan bu gün region üçün çox böyük işlər görür. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri buna misal ola bilər. Hazırda iqtisadi münasibətlərimizin yüksək səviyyədə olduğunu qeyd edən Sahibə Qafarova pandemiya şəraiti olmasına baxmayaraq, bu ilin 6 ayı ərzində qarşılıqlı ticarət dövriyyəmizin 2 milyard dolları keçdiyini diqqətə çatdırıb.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın