19:10 22 Oktyabr 2020 127
Ana səhifə Xəbərlər

Türkiyənin Baş Ombudsmanı: "Gəncədə törədilənlər vəhşilikdir"

Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gəncəyə səfər ediblər.

APA TV-nin yerli bürosu xəbər verir ki, onlar Ermənistan ordusu tərəfindən Gəncədə törədilmiş terror nəticəsində dağılan əraziyə baş çəkiblər. Qonaqlara hadisə haqqında ətraflı məlumat verilib.

Ermənistanın Gəncədə törətdiyi terror nəticəsində dağılan əraziyə baş çəkən Şərəf Malkoç törədilənləri vəhşilik adlandırıb: “Soyqırım nəticəsində günahsız insanlara, sivil insanlara, uşaqlara gecə saatlarında atılan bombalar var. Savaş dünya qurulduğundan bəri həmişə var, kaş ki, olmayaydı. Amma savaşın yeri bəllidir, savaş ərazilərində. Mülki əhalinin üzərinə bomba atmaq, onları gecə qaranlığında öldürmək cinayətdir, vəhşilikdir. Bu, heç vaxt bağışlanılmayıb. Bu səhvləri edənlər, günahsız insanları öldürənlər hüquq qarşısında hesab verəcəklər. Bu gün olmasa da, sabah cavab verəcəklər. Tarix bunun şahididir. Biz Türkiyə ombudsmanları olaraq Azərbaycan ombudsmanlığı ilə həmrəyik".

Şərəf Malkoç bildirib ki, Gəncədə keçirilən monitorinqlərdən sonra hazırlanacaq hesabat Türkiyədəki insan haqları qurumlarına, daha sonra dünyadakı insan haqları qurumlarına, bütün ombudsmanlara göndəriləcək: “Bu işğal 30 ildir davam edir. BMT və digər beynəlxalq qurumlar bu sahədə iclasdan başqa heç nə etməyiblər. Məsələnin həlli üçün ciddi bir addım atmayıblar. 30 il davam edən bu münaqişənin daha 30 il davam etməsi mümkün deyil. Bu baxımdan Azərbaycanın beynəlxalq hüquqlara uyğun olaraq öz torpaqlarını müdafiə etməsini insan haqları qurumu olaraq ürəkdən dəstəkləyirik”.

Ombudsman qeyd edib ki, BMT və digər ölkələrin bu münaqişəni sülh yolu ilə həll etməsini arzu edir: “Biz də bunu dəstəkləyirik. Çünki sülh yolu ilə olarsa, qan tökülməz. İşğal sülh yolu ilə sona çatdırılmış olar. Amma bu olmursa, Ermənistandan qanuni mübarizə ilə vətənini müdafiə etmə haqqı anasının ağ südü kimi Azərbaycana halaldır. Dünya da bunu dəstəkləməlidir. Azərbaycanın özünü müdafiəsi qanunidir".

Ombudsman Səbinə Əliyeva isə bildirib ki, Ermənistan silahlı qüvələri tərəfindən intensiv şəkildə bombalanan Gəncədə birlikdə monitorinq keçiriləcək: “Birlikdə faktoloji materiallar, sübutlar toplayacaq və bunun nəticəsi olaraq xüsusi hesabat hazırlayacağıq. Bunu beynəlxalq təşkilatlara göndərəcəyik. Qeyd etmək istərdim ki, Azərbaycan Ombudsmanı təcrübəsində bu, bir ilkdir. İlk dəfə olaraq digər ölkənin Ombudsmanı ilə birlikdə monitorinq keçirəcəyik. Şərəf Malkoç ilk gündən etibarən mənimlə əlaqə saxlayıb, öz dəstəyini ifadə edib. Fürsətdən istifadə edərək bütün türk xalqına, Türk dövlətinə öz dərin təşəkkürümü bildirirəm. Şərəf Malkoç bura həm də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti qismində təşrif buyurub".

Xatırladaq ki, ermənilərin Gəncəyə oktyabrın 17-də atdığı ikinci raket zərbəsi nəticəsində 14 nəfər həlak olub, 50-dən artıq şəxs yaralanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın