11:12 05 Avqust 2020 377
Ana səhifə Xəbərlər

Üç əsrlik tarixi hamam və daşından məktəb tikilən məscid – ARAŞDIRMA

Cəmiyyətimizdə hamam mədəniyyətinin özünəməxsus yeri var. Hamam gigiyenik, təmizlik, paklıq, eyni zamanda istirahət yeri sayılıb. Xırdalan şəhərində üç əsrin şahidi olan, el arasında İmambaxış hamamı kimi tanınan tarixi abidə də bərpa olunaraq təyinatı üzrə fəaliyyət göstərir.

APA TV xəbər verir ki, özündə Şərq memarlıq üslubunu əks etdirən hamamın yarıdan çoxu torpağın tərkibindədir. Döşəmədən qızdırılan hamam 1887-ci ildə kənd sakini Məşədi İmambaxış tərəfindən tikdirilib.

Hamamın sahibi Məşədi İmambaxış repressiya olunaraq 1937-ci ildə sürgün edilib, ondan sonra hamam Xırdalan kolxozunun balasına keçirilib və ötən əsrin 60-cı illərinin sonuna kimi işləyib.

Tarixçi Qaim Cəfərovun sözlərinə görə, sonralar fəaliyyətini dayandıran hamam dağılsa da son vaxtlar təmir olunub və təyinatı üzrə yenidən işləyir: “Xırdalan kəndinin bu günə gəlib çıxmış tarixi abidələrindən biri Xırdalan kənd Məscididir, bir də qarşısında dayandığımız kənd hamamıdır. Hamam bu gün də fəaliyyətdədir. Tarixi abidə kimi dövlət tərəfindən qorunur və bu gün də öz fəaliyyətini davam elətdirir. Bu kənd hamamının özəlliyi ondan ibarətdir ki, günbəzlərinə fikir vermiş olsanız görərsiniz ki, 3 tərəfə işıq düşməyə pəncərələr qoyulub. Amma xəzri tərəfdən pəncərə yoxdur ki, bu da hamamın qış vaxtı isti olmasını təmin etməkdən ötrü bu formada tikilib”.

Qaim Cəfərov deyir ki, vaxtı ilə hamam ətrafında kükürdlü su axıb. Bu su da bəzi yel xəstəliklərinin, eləcə də dəri-zöhrəvi xəstəliklərin dərmanı olub: “Bu hamamın yaxınlığında bir bulaq da mövcud olub bir vaxt. O bulağın suyu kükürdlü su olduğuna görə el arasında buna “iylənmiş bulaq” deyərdilər və o dövrdə Bakı şəhərindən, başqa yerlərdən xırdalanlılara həmişə saxta qızıl satmağa çəkinərdilər. Nəyə görə, çünki həmin o qızılın saflığını kükürdlü su vasitəsilə yoxlayıb təyin eləmək mümkün idi”.

Xırdalan şəhərində daha bir tarixi abidə "Xırdalan Cümə" məscididir. 1884-cü ildə Axund Hacı Molla Qafur Molla Ələskər oğlunun təşəbbüsü və kəndin imkanlı adamlarının maddi yardımı ilə tikilib. Dörd metr diametrində olan günbəz daxildən 4 tağlı sütunlar üzərində dayanıb. Bakı-Abşeron memarlığı üçün ənənəvi üslubda tikilmiş məscidin günbəzinin 4 vitraj pəncərəsi var. Tarixçi deyir ki, minarəsinin hündürlüyü isə 32 metrdir. 1937-ci ildə minarəsi dağıdılan məsciddə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təmir-bərpa işləri aparılıb və yeni minarə ucaldılıb: “Xırdalan Məscidinin minarəsi indi gördüyümüz yerdən bir qədər sol tərəfdə olub. 1937-ci il repressiyası dövründə həmin məscidin minarəsi sökülmüşdür və onun daşlarından Xırdalan kənd məktəbinin tikintisində istifadə olunmuşdur”.

Tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində pandemiya dövrü ilə əlaqədar olaraq Abşeron rayon Mədəniyyət Mərkəzi rayon ərazisindəki tarixi abidələrə və muzeylərə sosial şəbəkələrdə virtual səyahət təşkil edir.

Mədəniyyət Mərkəzinin direktoru Arif Vəliyev bunda məqsəd gəncləri maarifləndirməkdir: “Biz Mədəniyyət Mərkəzi olaraq çalışırıq ki, Abşeron rayon ərazisində olan, kənd və qəsəbələrdə olan tarixi abidələr haqqında məlumatları mütəmadi olaraq gənclərimizə, yeniyetmələrimizə onlayn şəkildə də olsa çatdıraq. Məqsəd bizim tarixi irsimizi gələcək nəsillərə olduğu kimi ötürmək, təbliğ etmək, gələcək nəsillərdə onları yaşatmaqdır”.

Tarixi abidələr hər bir xalqın ən böyük sərvəti, tarixi, keçmişinin xatirəsi, ölümsüzlüyüdür. Ona görə də tariximizi qorumaq bütün vətəndaşların mühüm vəzifəsi, mənəvi borcu olmalıdır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın