12:00 05 Dekabr 2017 609
Ana səhifə Xəbərlər

Üç illik nağılın sonu - YENİDƏN AYAQYOLUNA QAYITDILAR

Əgər xatırlayırsınızsa, üç il əvvəl ayaqyolunu özlərinə yaşayış yeri seçən bu ailəni çəkib sizə göstərmişdik. Həmin vaxt adının çəkilməsini istəməyən şəxs onları bu şəraitdən xilas edərək, kirayə evə köçürmüşdü. Təəssüf ki, Fəridə Məmmədova ilə uşaqlarının bu sevinci çox çəkməyib.

Hazırda həmin xeyirxah şəxsin maddi vəziyyəti yaxşı olmadığından, kirayə pulunu ödəyə bilməyib. Ailə yenidən köhnə məkana qayıtmağa və yenidən ayaqyolunda yaşamağa məcbur qalıb: "Əvvəl mənə köməklik olundu. Həmin insan çox sağ olsun, adını çəkmirəm, elə özünə təşəkkür edirəm. Çox sağ olsun indiyə kimi, 3 il ərzində mənim uşaqlarım ən azından bayramlarını geniş yerdə qeyd edib. Mən ona ömür boyu borcluyam. İndidən sonra da o insan mənə yardım etsə etməsə də, mən ona həmişə borcluyam. Üç il mənim övladlarım normal bir həyat yaşadı. İmkanı olmadığına görə indi yardım edə bilmir. Zəng etdim danışdım, dedi Fəridə, sənə köməklik edə bilmirəm. Bəlkə haçansa imkanım yaxşı olar, yenə də köməklik edərəm, indi edə bilmirəm. Kirayə pulu da iki aydır ki, yığılıb qalıb, sənədlərim orada qalıb, sənədlərimi də götürə bilmirəm. Pula görə qalmışam belə".

İki uşaq anası olan Fəridə Məmmədova deyir ki, artıq bu vəziyyət onu çox yorub. Qohum-qonşuda qalmağa da utanır, deyir ki, adam nə qədər özgə qapısında qalar. Həyat yoldaşı və balaca qızı xəstədir: "Bura bir otaqlıdır. Kənarda ayaqyoludur. Ümumi ayaqyoludur. Buranı tək mən istifadə etmirəm. Bütün yoldan keçən, həyətdə qalan insanların hər biri bura gəlir. Mən bu ümumi tualeti kəsmişəm, bir otaqlı ev etmişəm. Bu evində ki, görünüşü budur. Yaşayışım yoxdur. Uşağım xəstədir, kağızları da var. Yoldaşım da başından travma alıb əsgərlikdə. O da işləyə bilmir. Fəhlə işləyir, o da ancaq yeməyimizə yetir. Bütün günü burda ümumi ayaqyolu, giriş-çıxış, ətrafdan adam gələndə övladlarım gecə qorxurlar. Məcburam bu həyatı yaşayım. Başqa çıxış yolum yoxdur. Çox soyuqdur, hər yer açıqdır. Bir peç qoymağa belə yer yoxdur. Odun peçi qoymuşdum, buranı yandırdı. Boğuluruq, hava yeri yox, pəncərə yox. Həyatım çox pisdir".

Fəridə xanım "əvvəl uşaqlar balaca idi, çox şeyi başa düşmürdülər" deyir, indi isə onlar normal şəraitdə yaşamaq istəyirlər. Əminə ikinci sinfə gedir, dərslərini bu balaca stolda oxumağa məcbur olur: "Ağlayıram uşaqların yanında, deyir mama, ağlama, bəlkə mən oxuyaram, yaxşı olar. Amma onu da oxutmağa imkanım yoxdur elə. Sinifdə 10 uşaqdan bir əskiyi Əminədir. O qızı da bağçaya apardım, pul istədilər, ona görə qoya bilmədim".

Müsahibimizin yalnız bir arzusu var - artıq kirayələrdə də qalmaq istəmir, özünə isti bir yuva istəyir: "Üzümü tuturam bütün imkanlı şəxslərə, deyirəm ki, onların övladlarından əgər imkan daxilində nəsə artıq 5 manatı belə qalırsa, onun mənim övladlarıma bircə sot torpaq, çox istəmirəm, özümə məxsus olsun. Gedib belə kiminsə qapısında kirayə qalmaq istəmirəm. O yük də mənim boynumdadır. Bir sot olsun, amma özümə məxsus olsun. Bilirəm ki, gedib taxtadan orada ev qurub yaşayaram, amma özümün olsun".

Balacalara nə sual verdiksə, ancaq dillərindən bir söz eşitdik: "Ev istəyirik".

Gələcəyimiz olan bu fidanların havasız şəraitdə yaşamasına imkan verməyək. İmkanı olan şəxslər bu ailəyə yardım etsin. Onların istəyi nə paltar, nə də yemək deyil, isti bir yuvadır.

Müəllif | Apa.Tv

Almaz Qasımova

Kodu kopyalayın