17:59 06 Mart 2021 191
Ana səhifə Xəbərlər

Ucarda örüş sahələrini kim zəbt edib?

Ucarda örüş sahələri yerli sakinlər tərəfindən zəbt olunub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Məlikballı kəndinin bir neçə sakini onlara məxsus örüş sahələrinin zəbt olunduğunu iddia edirlər.

Kənd sakini Muğdət Mayılov deyir ki, neçə illərdir örüş yerlərində mal-qaranı otarmaıq istəsələr də, buna imkan verilmir: “Məcbur olub qoyun-quzuya həyətdə baxırıq. Əvvəllər mal-qaranı qonşu rayonun ərazisində otarırdıq. İndi onlar da qoymurlar, deyirlər, öz sahələriniz var, gedin ora. Məcbur olub gəlirik öz torpaqlarımıza, oranı da zəbt ediblər. Kəndçi adamlarıq, heyvanla dolanırıq. Dərdimizi dövlət orqanlarına deyirik, onlar da baxmır”.

Təbriz Mayılovun sözlərinə görə, kənddə yaşayan adamlar mal-qara ilə dolanır, amma onu da otarmağa yer tapa bilmirlər: “Müvafiq orqanlara dəfələrlə müraciət etmişik, gəliblər, dağıdıblar, deyiblər gətirin otarın. Onlar gedəndən sonra yenə də bizi örüş yerlərinə qoymayıblar”.

Kənd sakini Xoşgül Həsənova isə bildirir ki, bu günə kimi mövcud problemlə bağlı döymədiyi qapı, üz tutmadığı qurum qalmayıb: “Taxıl, yonca əkirlər, mal gələn kimi qaytarırlar dala, deyirlər, buranı mənə bələdiyyə verib. 7 dənə ərizə yazmışam. Gəlib baxırlar, gedirlər, işimizi həll eləmirlər. Bu haqda tədbir görülsə, yaxşı olar. Kəndçilər də bir az rahat yaşayar”.

Qazıqumlaq kənd nümayəndəliyinin tərkibində olan Məlikballı kənd bələdiyyəsinin sədri Fuad Qədirov sakinlərin şikayətinə münasibət bildirib: “Məlikballı kəndində 84 hektar örüş sahəsi var. Ötən illərdə həmin ərazilərin təxminən 30 hektarı vətəndaşlar tərəfindən zəbt olunmuşdu. Sahələri zəbt edən vətəndaşlara torpaqların boşadılması ilə bağlı bildirişlər göndərildi və onlar könüllü olaraq həmin ərazidən çıxdılar. Hazırda Məlikballı kəndində zəbt olunmuş örüş sahələri yoxdur. 84 hektar örüş sahəsi yerli sakinlərin ixtiyarındadır”.

Qeyd edək ki, Ucar rayonunun Bərgüşad, Qazıqumlaq, Lək və Qarabörk kəndlərində də analoji vəziyyət yaşanır. Sakinlər dəfələrlə rayon rəhbərliyinə şikayət etsələr də, heç bir müsbət nəticəsi olmayıb.

Zahid Abışov

Devran Əsgərov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın