01:20 25 Aprel 2018 2757
Ana səhifə Xəbərlər

Uşaq bağçaları deyir ki, yerimiz yoxdur" - SIĞINACAQDAN REPORTAJ

Onların sayı 27-dir. Kimisi valideyni, kimisi isə tək-tənha yaşayır burda. Müxtəlif yaş qruplarında olsalar da, eyni süfrəni, eyni mətbəxi və eyni yataqları paylaşdıqlarından, artıq doğmalaşıblar.

Onlara dil öyrətməyə gələn müəllimlər, bilik xeyriyyəçiləri var. Əslində bu çox gözəldir, bəlkə daha önəmlidir.

Birlikdə oyanıb, birlikdə oynayırlar. Özlərindən yaşca kiçik olanlarla hərdən küsüb-dalaşsalar da, müdafiəsiz olduqlarını, valideyn himayəsindən kənar qaldıqlarını dərk edib daha həssas yanaşırlar.

Bizi görüb çox sevindilər. Ümumiyyətlə, günün 24 saatı bura sığınan körpələrin, uşaqların heç biri nəzarətsiz, nəvazişsiz qalmır. Yanlarına gələn ziyarətçilər də demək olar ki, çox olur. Elə ona görə də qonaqsevərdirlər. Kamera qarşısına çıxmağı, şeir söyləməyi sevirlər.

Aminin 6 yaşı var. Sənədləri olmadığı üçün hələ məktəbə getməsə də, sərbəst saymağı bacarır, hərfləri tanıyır.

Məktəb saatı olduğundan, 14-17 yaşlı uşaqlarla görüşə bilmədik. Öyrəndik ki, onlardan ikisi peşə öyrənir, digəri isə ali məktəbə hazırlaşır.

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, burda təhsilə xüsusi diqqət yetirilir: "Elə uşaqlar var ki, hər iki valideyndən məhrumdurlar. Onların sərəncamları hazırdır. Uşaq evlərinə veriləcək. Digərlərinin valideynləri isə hələ sənədləri təqdim etmədiyindən, onları uşaq evinə yerləşdirə bilməmişik. Amma valideynlərlə danışmışıq ki, sənədləri gətirsinlər".

Sığınacağa anaları ilə birgə sığınan uşaqlar da az deyil: "Məişət zorakılığına məruz qalıb uşaqları ilə bura gələn 15 nəfər qadın var. Bu günlərdə bir həmyerlimiz Rusiyanın Samara şəhərindən bizə pənah gətirib. Övladları ilə birgə bura gəlib, bir neçə gün qaldıqdan sonra öz rayonuna göndərəcəyik".

Uşaqlara rus və ingilis dilində dərslər və psixoloq məşğələsi keçirilir. Gündəlik gəzintilər təşkil edilir. Hər bir uşağın tibbi kartları var. Mehriban Zeynalova deyir ki, Səhiyyə və Təhsil nazirliklərinin dəstəyi ilə uşaqların sağlam və savadlı olmasına çalışırlar. Amma problemlər də az deyil: "Uşaq bağçaları ilə bağlı problemlərimiz var. Düzdür, Bakı Şəhər İcra Hakimiyyəti müraciətimizi geri çevirmir. Amma bağçalar yer məhdudiyyəti olduğunu bəhanə gətirir. Bu bizə çətinlik yaradır. Baxmayaraq ki, əvvəllər uşaqları yerləşdirmişik, indi isə yer olmadığını deyirlər".

Uşaqlar burda diqqət və qayğı ilə əhatə olunurlar. Bundan başqa, onlara geyim və yemək gətirənlər də olur. Amma bunların heç biri valideyn nəvazişini təbii ki, əvəz edə bilməz.

Sevginizi və dəstəyinizi əsirgəməyin!

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın