17:30 22 Fevral 2021 47
Ana səhifə Xəbərlər

Vətən Müharibəsi Qəhrəmanı: “Döyüşçülərimizin hər biri yüksəkliklərə bayraq sancmağa can atırdı”

Vətən Müharibəsi Qəhrəmanı polkovnik, Nizami Mövlanov doğulub boya-başa çatdığı Qubada coşqu ilə qarşılanıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək “Vətən Müharibəsi Qəhrəmanı”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Polkovnik Nizami Mövlanov Qubada Şəhidlər Xiyabanını ziyarət edib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxunub.

Polkovnik Nizami Mövlanov deyir ki, bu, Vətən Müharibəsindən sonra Qubaya ilk gəlişidir: “Bütün şəhidlərimizə allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirəm. Bu gün Qubaya qalib ölkənin, qalib zabiti kimi gəlmişəm. Çox qürurvericidir. İşğalda olan torpaqlarımızı azad etmişik. Bizim ən böyük mükafatımız odur. Hamı Azərbaycan Ordusunun gücünü gördü. Biz bu müharibədə Ali Baş Komandanımızın rəhbərliyi ilə çox fərqli döyüş üslubu göstərdik. Bizim düşməni darmadağın etdiyimiz döyüş nümunəsi indi xarici ölkələr tərəfindən müasir dövrün savaşı kimi öyrənilir. Bizim döyüşçülərimizin hər biri şəxsi qəhrəmanlıq nümunəsi göstərdi. Döyüşçülərimizin hər biri işğalçını məhv edib, yüksəkliklərə bayraq sancmağa can atırdı”.

Müharibənin ilk günündən hərbi birləşmə komandiri kimi döyüşlərə qatılan Nizami Mövlanov yaralansa da son döyüşlərədək cəbhədə vuruşub. Qorxmaz komandirin qardaşı polkovnik-leytenant Tərlan Mövlanov və qardaşı oğlu baş leytenant Laçın Mövlanov da torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda mərdliklə döyüşüb. Tərlan Mövlanov “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın