17:52 27 Yanvar 2021 195
Ana səhifə Xəbərlər

Vətən Müharibəsində düşmən istehkamlarını dağıdan Mühəndis Qoşunları - REPORTAJ

Yanvarın 26-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Füzuli rayonunun işğaldan azad olunan ərazilərinə media-tur təşkil edilib.

APA TV-nin məlumatına görə, səfər zamanı jurnalistlər Azərbaycan Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının hissə və bölmələrinin işğaldan azad olunan ərazilərdə hazırda gördüyü işlərlə tanış olublar.

Düşmənin keçilməsini mümkünsüz hesab etdiyi maneələr sistemi Mühəndis Qoşunlarının yüksək döyüş hazırlığı və müasir silahlandırma vasitələri ilə komplektləşməsi sayəsində peşəkarlıqla dəf edilib.

“Hazırda Füzuli rayonunun Horadiz kəndi istiqamətindəyik. Burada düşmənin uzun illərdən bəri yaratdığı müdafiə səddinin önündəyik. Bu, həmin müdafiə səddidir ki, 27 sentyabrda əks-həmlə hücumları zamanı düşmənin uzun illər boyu qurduğu müdafiə səddi bir andaca dağıldı və qoşunlarımız irəliyə doğru hücum etdi”.

Ötən il sentyabrın 27-də mühəndis bölmələrinin tərkibində maneə ləğvetmə qrupları yaradılaraq xüsusi təyinatlı bölmələr daxil olmaqla əks-hücumda iştirak edən bütün bölmələrin tərkibinə verilib. Bunun sayəsində bölmələrin maneəsiz hərəkəti təmin olunub.

“Ərazi sentyabrın 27-də müharibə başlayandan bəri və indi də Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən minalardan, partlamamış qurğulardan təmizlənir. Gördüyünüz kimi, hazırda belə bir ərazinin önündəyik. Ərazi qırmızı lentlə haşiyələnib və orada parlamamış qurğu – mina yerləşir”.

“Ərazidə dağıdılmış yolların bərpa edilməsi, yeni yolların çəkilməsi və minalardan, digər maneələrdən təmizlənməsi üçün Mühəndis Qoşunları əlindən gələn səyləri göstərir. Qeyd edim ki, Vətən Müharibəsi dövründə qoşunlarımızın irəliləməsi üçün bizim mühəndislər, istehkamçılar ordumuzun qələbəyə aparan yolunu minalardan və digər maneələrdən təmizləyib və yeni yollar çəkib qoşunlarımızın, eyni qaydada da digər qüvvələrimizin irəliləməsini təmin ediblər”.

İlkin mərhələdə partlayış və əl üsulu ilə bölmələrin və texnikaların maneəsiz irəliləməsi məqsədilə düşmənin mina partlayışlı maneələrindən keçidlər açılıb, maneə və dağıntılardan qoşunların keçidi təmin edilib.

“44 günlük Vətən Müharibəsi başladığı andan Mühəndis Qoşunlarının hissə və bölmələri ərazilərin keçilməsini, qoşunların hərəkətinin təmin edilməsini, düşmənin ön xətt qarşısında uzun illər ərzində yaratdığı maneələr sisteminin keçilməsi və dərinliyə doğru partlayan və partlamayan maneələrlə kombinə edilmiş bir neçə yaruslu müdafiə xəttinin yarılması və qoşunların hərəkətinin təmin olunması tapşırığını yerinə yetirilib”.

44 günlük Vətən Müharibəsi ərzində döyüş əməliyyatları aparılan bütün istiqamətlərdə mühəndis təminatı tapşırıqları uğurla icra olunub. Əməliyyatların gedişatı zamanı qoşunların irəliləməsinin təmin olunması məqsədilə mövcud yolların bərpası və yeni yolların çəkilməsi tapşırığı da yüksək peşəkarlıqla icra edilib. Xüsusilə qeyd edək ki, Böyüktaqlar-Çanaqçı-Sığınaq-Daşaltı-Şuşa istiqamətlərində əks-hücum edən bölmələrin irəliləməsini təmin etmək, eləcə də artilleriya, Hava Hücumundan Müdafiə, tank və Maddi-Texniki Təchizat bölmələrinin bu istiqamətlərdə hərəkət etməsi məqsədilə qısa müddət ərzində meşəlik-dağlıq ərazilərdən kalon yolu salınıb, mövcud olan Daşaltı-Şuşa yolu qısa müddət ərzində minalardan təmizlənib, bununla da Şuşa şəhərinin işğaldan azad olunmasında mühəndis təminatı icra olunub.

Vətən Müharibəsi zamanı mühəndis qoşunlarının hissə və bölmələrinin hərbi qulluqçuları çiyinlərinə düşən vəzifənin öhdəsindən böyük qətiyyətlə gəlib, həyatlarını təhlükəyə ataraq ən çətin tapşırıqları mətanətlə yerinə yetiriblər: “Döyüşlərin gedişatı zamanı Mühəndis-İstehkam Qoşunlarının 27 hərbi qulluqçusu şəhid olub, 143 hərbi qulluqçumuz isə yaralanıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün yaralılara şəfa diləyirik”.

İşğaldan azad olunmuş ərazilərdə Müdafiə nazirinin müvafiq əmrinə əsasən mühəndis qoşunlarının hissə və bölmələri mina və partlamamış döyüş sursatlarının təmizlənməsi, o cümlədən yolların bərpası, yeni yolların çəkilməsi və azad edilmiş rayonlarda hədlər boyu tərtiblənməsi üzrə mühəndis təminatı tapşırıqlarını yerinə yetirirlər. Ümumilikdə 135,5 kilometr yol bərpa edilib və 80 kilometr yeni yol çəkilib.

“İndi hazırda dayandığımız ərazidə mina və döyüş sursatlarından təmizlənmə işləri davam etdirilir və gördüyünüz kimi istehkamçı hissələr öz işlərini yerinə yetirirlər”.

İşğaldan azad olunan ərazilərdə mövcud yolların mina və hərbi sursatlarından təmizlənərək bərpası və yeni yolların çəkilməsi işləri aparılır. Paralel olaraq digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə kommunikasiya xətlərinin çəkilməsi üçün həmin xətlərin keçdiyi ərazilərə ayrılan qruplar tərəfindən mina təmizlənmə tapşırıqları yerinə yetirilir.

“Bizə ayrılan bu zolaq əkin sahəsidir. Zolaqboyu axtara-axtara gedirik və ərazini partlamamış mərmilərdən, döyüş sursatlarından, minalardan təmizləyirik. Minaları əlimdə gördüyünüz bu aparatla axtarırıq. Mina olanda bu aparat səs verir. Əlimdə gördüyünüz digər qurğu ilə isə torpağın altını yoxlayırıq. Əgər həmin ərazidə həqiqətən də mina varsa, bununla bağlı dərhal qrup komandirinə məlumat verilir və onun tərəfindən qərar qəbul olunur. Əgər zərərsizlləşdirilməsi mümkündürsə, mina yerindəcə zərərsizləşdirilir. Zərərsizləşdirilməsi mümkün deyilsə, yerindəcə partladılaraq məhv edilir”.

Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsində mexaniki vasitələrdən də istifadə olunur:

“Hazırda biz Füzulinin mərkəzinə yaxın bir yerdəyik. Gördüyünüz ərazi mexaniki üsulla minalardan təmizlənir. O tankın qabağına bağlanan tral adlı qurğu vasitəsilə ərazi minalardan təmizlənir. Aşkar olduqda isə tanka zərər vermədən mina partlayır”.

Ərazilərin mina və partlamamış döyüş sursatlarından tam təmizlənməsi zamanı 1453 ədəd tank əleyhinə, 5420 ədəd piyada əleyhinə minalar və 17 500 ədəd müxtəlif çaplı döyüş sursatları aşkarlanaraq zərərsizləşdirilib. Hazırda mina təmizləmə qrupları tərəfindən təhlükəsizlik qaydalarına riayət etməklə ərazilərin təmizlənmə tapşırıqları yerinə yetirilir. Təlimata əsasən, axtarış zamanı aşkarlanan döyüş sursatlarının zərərsizləşdirilməsi aparılır, zərərsizləşdirilməsi mümkün olmayan sursatlar yerində partlayış üsulu ilə məhv edilir. Bu “məhvedilmə” səhnələrindən birinə biz də şahidlik etdik.

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri ilə yanaşı, azad olunan ərazilərin mina və partlamamış hərbi sursatlarından tam təmizlənməsi tapşırıqlarına Türkiyədən gələn mina təmizləmə qrupları da cəlb edilib. Ali Baş Komandanın göstərişinə əsasən, bu tapşırıqların yerinə yetirilməsinin sürətləndirilməsi və effektivliyinin artırılması məqsədilə müasir tipli minaaxtaran cihazları alınaraq bölmələrin istifadəsinə verilib. Bundan başqa, müasir mina təmizlənmə maşınları da alınıb, onların da yaxın günlərdə Azərbaycana gətirilməsi gözlənilir.

Biz Füzuliyə səfərimizi yekunlaşdırıb geri qayıdırıq. Lakin işğaldan azad olunmuş bölgələrimizdə Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən mina və partlamamış hərbi sursatlarından təmizlənmə işləri tam gücü ilə davam etməkdədir. Bu torpaqlar qısa zamanda mina və partlamamış hərbi sursatlarından tamamilə təmizlənəcək, müvafiq infrastruktur yaradılacaq və doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımız təhlükəsiz şəkildə öz evlərinə qayıdacaqlar.

Mirmehdi Ağaoğlu,

Üzeyir Ağayev,

APA TV,

Füzuli

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın