10:31 17 Mart 2021 181
Ana səhifə Xəbərlər

Vətən Müharibəsinin ilk günündə şəhid olan pilot - REPORTAJ

Ömürlərinin bahar çağında hər qarış vətən torpağı uğrunda canlarını qurban verən igidlər azad etdikləri torpaqlarımızı öz qanları ilə əbədi laləzara çevirdilər. Ən uca zirvəni fəth edən şəhidlərimiz Azərbaycanımızı mənfur düşmənin işğalçılıq siyasətinə son qoyaraq tarixin şanlı səhifələrini öz qanları ilə yazdılar və adlarını tarixə qızıl hərflərlə yazdırdılar.

APA TV-nin xəbərinə görə, əbədiyaşar qəhrəmanlarımız içərisində 44 günlük Vətən Müharibəsinin 34 yaşlı şəhidi, mayor Abbas Rza oğlu Qasımov da var.

1986-cı il martın 17-də Zəngibasar elinin Masis rayonunda anadan olan Abbasın 3 yaşı olanda taleyinə didərginlik həyatı yazılır. Ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonundan deportasiya edilir. Bakıya üz tutan Qasımovlar ailəsi Binəqədi rayonunda məskunlaşır. Taleyin onlara verdiyi maddi və mənəvi zərbə sağalmamış Abbas 6 yaşında atasını itirir. Anası Kifayət xanım deyir ki, elə həmin gündən Abbas təkcə atasını deyil, uşaqlığını da itirir: “Abbas uşaq olanda 3 yaşına kimi “sudurqa”lı idi. Elə bil ki, Allah o vaxt onu məndən almadı, sanki dedi ki, böyüt və Vətənə ver. Mən də özüm üçün yox, bu Vətən, torpaq üçün böyütdüm Abbası. Atası 1988-ci illərdə meydan hərəkatına qoşulmuşdu. O vaxt Abbası da özü ilə aparırdı mitinqlərə. Orda öyrətmişdi ki, “Qarabağ Azərbaycandır!”

Binəqədi rayonundakı 157 saylı tam orta məktəbi bitirən Abbas 2003-2007-ci illərdə o zamankı Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alır. Burada o, Sərhəd Qoşunları fakültəsini seçir. Və beləcə, uşaqlıq arzusu olan pilot ixtisasına yiyələnir: “15 illik qüsursuz xidmətinə görə medallar almışdı. Adam nəfəslə necə yaşayar, bax, Abbas mənim nəfəsim idi. Oğlum idi, dostum idi, evimin kişisi idi. Yoldaşları deyir ki, “elə oğul böyütmüsən ki, ana ,sinəsini sipər elədi bizim üçün. Abbas qabaqda gedib hədəfləri vurmasaydı, biz hamımız ölə bilərdik. Abbas düşməni elə təşvişə salmışdı ki. Biz hədəfi vurub geri qayıtdıq, amma Abbas qayıtmadı...”

Dövlət Sərhəd Xidmətinin mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Bir neçə saat davam edən döyüşdən sonra qəhrəmancasına şəhid olub: “Sentyabrın 26-da uşaqları ilə görüşüb gedəndə dedim, ay bala, bəlkə getməyəsən, bir bəhanə elə, de ki, anam xəstədir. Dedi, ana, bu, mənim vəzifəmdir. Mən orda uşaqlarımı başsız qoya bilmərəm. Bəs mənim təyyarəmi kim sürər? Xalid tək qalar axı. Xalidlə bərabər getdilər döyüşə. Kaş ki, ikisindən biri sağ qalaydı. Gedib Xaliddən soruşardım Abbas şəhid olanda nə dedi. Ana dedi, Vətən dedi, bala dedi? Heç vaxt bilə bilməyəcəm balamın son sözünü”.

Şəhidin həyat yoldaşı Siddiqə Qasımova şəhid olma xəbərini belə alıb: “27-si günü gün ərzində ondan xəbər almadıq. Çox pis keçdi gün. Narahat idik ki, hər şey ola bilər. 28 sentyabrda gördüm bacısı gəldi, dedi, mama, qəzaya düşüb, hiss elədim ki, yalan deyir. Dedim, Abbasa nəsə olub, dedi yox. Amma elə o vaxt gördüm mamasıgil gəldi, artıq başa düşdüm ki, Abbas şəhid olub. Günortadan sonra özünü gətirdilər”.

Qəhərdən boğulan gözləri nəmli, taleyi qəmli Pünhanə xanımın da taleyinə şəhid bacısı olmaq yazılıbmış. Deyir, Abbasın ölümünə kimi mən təkcə onun bacısı idimsə, indi bütün döyüş yoldaşlarının, qəlbi yaralı hər kəsin bacısıyam: “Bizim uşaqlığımız olmayıb ki. Atamızı tez itirmişik. Mən Abbasdan böyük olsam da, elə bilirdim kiçiyəm. Çünki atamdan sonra evin böyüyü Abbas oldu. Abbasın 35 yaşı olsa da, başında bir dənə qara tük yox idi. Abbas bizim hər şeyimiz idi. Bilirsiz, bir söz var ki, biri vardı, biri yox. Bax, bizim həyatımızda əvvəldən biri var idi, biri yox”.

Abbas öz şəhidliyi ilə ölməzliyi qazandı, qəlblərə, ürəklərə köçdü, əbədiləşdi. Xalqımızın azadlıq rəmzi olan xalının ilmələrini al qırmızı qanı ilə bəzədi, rənglər ümmanına qarışdı. Mənim, Sənin, Bizim hamımızın, Vətənimizin sipər daşı oldu. İndi Abbasdan xatirə iki gül üzlü balası, bir də qucaq dolu xatirələri qaldı:

Şəhidin oğlu Rza Qasımov atası üçün darıxdığını deyir:

“- İstəyərəm atam yenidən qayıtsın. Mən onu bərk-bərk qucaqlayım. Onunla yenə əvvəlki kimi futbol oynayım.

- Atanın qəhrəman olduğunu bilirsən?

- Hə, atamın qəhrəmanlığını indi bütün hər kəs bilir”.

“Vətən! Daşına, torpağına qurban olum sənin. Uğrunda ölərəmsə, onda Vətənsən, Vətənimsən” deyən şəhid mayor Abbas Qasımov dostlarının, əzizlərinin, onu tanıyan və tanımayan insan selinin müşayiəti ilə sentyabrın 28-də II Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

İlahə Vəliyeva

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın