03:20 03 Aprel 2020 1129
Ana səhifə Xəbərlər

Vətəndaşlar yaşayış yerini hansı hallarda tərk edə bilər? - RƏSMİ AÇIQLAMA

Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinq sistemi təqdim olunub.

APA TV-nin məlumatına görə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyi birgə “Xüsusi karantin rejiminin tətbiqi zamanı İcazələrin Alınması və Monitorinq Sistemi”nin şərtlərini açıqlayıb.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib ki, icazələrin alınması qaydası 2 formada həyata keçiriləcək. O bildirib ki, zəruri işlərdə çalışan əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən sistem üzərindən müraciət göndərilməlidir: “Hazırlanmış sistem icaze.e-gov.az saytı üzərindən həyata keçirilir. Bu portal üzərindən həm dövlət qurumlarının, həm də şirkətlərin əməkdaşlarının iş fəaliyyətləri ilə bağlı, onların rahat şəkildə hərəkəti üçün onların qeydiyyata alınması nəzərdə tutulub”.

Agentlik rəsmisi deyib ki, saytın bazasına ötürülən məlumatlar həmçinin DİN-in müvafiq sistemində də öz əksini tapacaq: “Şirkətlər və dövlət qurumları sözügedən portala daxil olduqdan sonra məlumatları daxil edirlər. Sonrakı mərhələdə bu məlumatlar Daxili İşlər Nazirliyinin aidiyyəti sisteminə ötürülür. Məlumatlar DİN-in aidiyyatı sisteminə ötürüldükdən sonra karantin rejimi ilə bağlı müəyyən edilmiş aidiyyəti qurumların əməkdaşları həmin bazada təsdiqlənir və polis əməkdaşları əllərində olan texniki avadanlıqlar vasitəsilə həmin şəxslərin icazəsinin olub-olmadığını yoxlaya biləcəklər”.

Ceyhun Salmanov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara uyğun olaraq dövlət qurumları və özəl şirkətlər yalnız zəruri işçilərini bu saytda qeydiyyatdan keçirə bilərlər: “Dövlət qurumları və özəl təşkilatların sistemə daxil olması Elektron Hökumət İnformasiya Mərkəzi tərəfindən yaradılmış xüsusi ASAN Login (ASAN Qeydiyyat) üzərindən həyata keçirilir. ASAN qeydiyyat sistemində şirkətlər və dövlət qurumları həm “ASAN İmza”, həm də elektron imza vasitəsilə sistemə daxil ola bilərlər. Sistemə daxil olduqdan sonra yeni “İcazə yarat” düyməsini sıxırlar və yeni bir forma açılır. Həmin formaya aidiyyəti əməkdaşların adlarını və məlumatlarını daxil edə bilirlər”.

Vətəndaşlara gəlincə, qurum rəsmisi deyib ki, vətəndaşların evdən çölə çıxmasına yalnız 3 halda icazə veriləcək və bu proses SMS sistemi ilə həyata keçiriləcək: “Sistem SMS məlumatlandırma, bildiriş vasitəsilə işləyir. Bunun üçün vətəndaşlar 8103 nömrəsinə qısa göndərməlidirlər. Burada icazələr 1, 2 və 3 nömrəli kodlar əsasında müəyyənləşəcək. Əgər vətəndaşlar 1 nömrəli kod altında 8103 nömrəsinə SMS göndərərlərsə, onlar təxirəsalınmaz tibbi zərurətlə və hər hansı qrafik üzrə müalicə almaq məqsədilə öz yaşayış yerlərini tərk edə bilərlər. 2 nömrəli kod altında ərzaq və digər gündəlik tələbat malları, dərman vasitələri, bank və poçt xidmətləri və digər bu tipli zəruri xidmətlərin təmin olunması ilə bağlı yaşayış yerini tərk etməyi nəzərdə tutur. 3 nömrəli kod altında isə yaxın qohumun dünyasını dəyişməsi hallarında vətəndaşlarımız həmin dəfn mərasimində iştirakla bağlı öz yaşadıqları ərazini tərk edə bilərlər”.

Vətəndaşın SMS-inə müsbət cavab gəldikdən sonra o, 2 saat ərzində qeyd etdiyi işləri həyata keçirib evinə qayıtmalıdır: “Onu da qeyd edim ki, burada müəyyən edilmiş 2 saat məhdudiyyəti SMS-in göndərildiyi müddətdən deyil, icazə ilə bağlı SMS-in vətəndaşın mobil qurğusuna, telefonuna gəldiyi müddətdən hesablanır”.

Ceyhun Salmanov deyir ki, vətəndaşın SMS-inə cavab almadıqda evdən çıxması qəti qadağandır: “Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və eyni zamanda müvafiq kodlardan biri mesaja əlavə edilir. Yəni vətəndaş öz şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və kodlardan birini daxil etdikdən sonra qısa bir müddət ərzində öz icazə SMS-ni almış olacaq”.

Daxili işlər nazirliyinin əməkdaşları və digər səlahiyyətli şəxslər yaşadığı yeri tərk edən vətəndaşlara yaxınlaşdıqda həmin şəxs 8103 nömrəsindən aldığı cavab SMS-ni polis əməkdaşlarına göstərməlidir: “Vətəndaş müraciəti göndərdikdən sonra məlumatlar elektron icazələr sisteminə daxil edilir. Bundan sonra vətəndaşın müraciətinə 1 saat ərzində baxılır və icazə verildikdən sonra həmin icazə DİN-in aidiyyəti sistemində də əks olunur. Vətəndaş öz yaşayış yerini tərk etdikdə, ondan icazə ilə bağlı məlumat tələb edildikdə, öz SMS-ni və şəxsiyyət vəsiqəsini göstərməklə rahat şəkildə öz işlərini görüb geriyə qayıda bilərlər”.

Qeyd edək ki, vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar “ASAN xidmətin” 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın