11:20 09 May 2020 396
Ana səhifə Xəbərlər

Veteran Fatma Səttarova: “Rumıniyada səngərdə eşitdim ki, kimsə azərbaycanca “ana” deyir”

Gülər üzlü, həyat dolu, səmimi və olduqca mehriban Fatma xanımla görüşümüz yaşadığı mənzildə baş tutdu. Onu vəhşət, müsibət dolu müharibənin bitməsindən nə az, nə çox - 75 illik zaman ayırır. 100 yaşını haqlayan Fatma xanımı siz də tanıyırsınız. Böyük Vətən müharibəsinin azərbaycanlı şəfqət bacısı Fatma Səttarovanı bu dəfə bizim obyektivdən, daha yaxından tanıyın.

“Yaxşıyam qızım. Şükürlər olsun, yaşıma görə səhhətimdən razıyam. Siz yaxşı olun”. Əhvalının yerində olduğunu görüb, ondan 75 illik tarixi vərəqləməyi xahiş etdik: “Müharibəni çox ağır xatırlayıram. Çünki mənim gəncliyim, cavanlığım müharibədə keçib. Ömrümün ən gözəl vaxtı da demək olar buna. Yeni ailə qurmuşdum, beş ayın gəlini idim”.

Həyatının müharibə kəsimini xatırladıqca, 4 il ərzində gördüyü dəhşətləri, ölümləri, ağrı-acını, zilləti, səfaləti yenidən iliyinə kimi yaşayır sanki. Amma keçdiyi şərəfli ömür yoluna baxıb qürur duyur həm də...

1937-ci ildə Bakıdakı Tibb Texnikumuna daxil olur. 1940-cı ildə texnikumu bitirəndə artıq nişanlanır. Həyat yoldaşı Məhəmməd Səttarov Montin adına Maşınqayırma Zavodunun direktoru olub. Qonşu olublar. Fatma xanımı da elə ordan tanıyırmış. Ailələr razılığa gələndən sonra qıza da “hə” deməkdən başqa bir əlac qalmır. 1941-ci ilin yanvarında toyları olur. 5 aydan sonra isə müharibə başlayır. Və Fatma şəxsi həyatını büküb ürəyinin dərinliyinə qoymalı olur: “Texnikum bitirmişdim 3 illik. 1940-cı ildən danışıram mən. Beş ay idi ailə qurmuşdum, zabit idim, hərbi biletim də vardı. Müharibə başladı. Yoldaşım da Montin adına Maşınqayırma zavodunun direktoru idi. İkimiz də Qoşa Qala qapısının yanında hərbi komissarlığa getdik. Ayrı-ayrı cəbhələrə göndərildik. Bir aydan sonra onu qaytardılar. Leytenant Şmidt adına zavoda qaytardılar onu, top-tüfəng istehsalı üçün”.

Texnikumu eyni ildə 27 qız bitirmişdi. O qızların hamısı həmin gün komissarlığa gəlir və onlara iki gün vaxt verilir. İyunun 24-də əşyalarını götürüb döyüşə yollananırlar: “Mən getdim Moskva ətrafı döyüşlərə, 1941-ci ilin əvvəlləri idi. Orada yaralılara xidmət elədim. Hər an Moskvanın da faşistlər tərəfindən işğalı gözlənilirdi. Tramvaylar bombardman nəticəsində dağılmışdılar. Biz də yaralı əsgərlərə xidmət etmək üçün kiçik bir məntəqə düzəltmişdik. General Panfilov adlı bir şəxs o dövrdə bir ordu yaratdı. Bütün Moskva ətrafı və şəhərin özündə olanların daxil olduğu həmin ordu tərəfindən Moskva faşizm işğalına tabe olmadı”.

Beləliklə, 21 yaşlı gənc xanımın döyüş yolu başlayır. Rəngarəng, çeşidli donlarını əsgər formasına, hündürdaban ayaqqabılarını ağır əsgər çəkmələrinə dəyişib, görmədiyi, bilmədiyi, dəhşət dolu, ölüm saçan yeni həyata atılır: “Biz də məktəblərdə yaradılan hospitallarda yaralılara xidmət etdikdən sonra məni göndərdilər Leninqrad cəbhəsinə. Biz beş şəfqət bacısı - 3 rus qızı, mən, bir də adını çəkmək istəmədiyim millətdən olan bir şəfqət bacısı ilə birlikdə getdik Leninqrada. Şəhərə yenicə çatmışdıq ki, faşistlər tərəfindən mühasirəyə alındıq. Biz blokadada qaldıq. Düz 4 ay 15 gün Leninqradın blokadasında qaldım. Çox əziyyət çəkdik. Bütün yollar bağlanmışdı”.

Yaralıları qayıqlarla şəhərdən çıxarırlar. Bəzən gölə də bomba atırmışlar. Dəhşətli günləri indi də həmin ağrı ilə yaşayan Fatma xanım deyir ki, ölənləri meşələrdə, ağacların altında basdırır və havaya atəş açırdılar: “Göydən bomba tökülürdü, elə qayıqlar var, salamat çıxa bilirdi, eləsi də vardı əsgərlərlə dolu batırdı. Dörd ay yarım aclıq çəkdik. Hospitalda yaralılar var idi. Hərəmiz bir hospitalda idik. Yaralılara biz 5 şəfqət bacısı qulluq edirdik. Dörd aydan sonra Sovet ordusu blokadanı yardı. Bizi xilas etdilər. 150 qram jmıx, 150 qram da qara çörək verirdilər ki, biz qidalanaq və mədəmiz qurumasın. Qara çörəyi də yeməyib yaralılara verirdik. Dava-dərman yox idi, suları bulanıq edib verirdik onlara ki, ruhən onlara kömək olsun, elə bilsinlər dərmandır”.

"Aclıqdan bir dəri, bir sümük qalmışdım” - deyir Fatma xanım. Qeyd edir ki, müharibədə əsgərlər təkcə bombardmandan deyil, həm də aclıqdan ölürdülər. Dəhşətli aclıq, səfalət hökm sürürdü. Günlərlə ac qalır, yeməyə bir tikə çörək də tapmırdılar: “Küçədə getdikləri yerdə insanlar ölürdü. Küçədə it-pişik belə tapmırdın. Çünki insanlar onları belə kəsib yeyirdilər. Dəhşət idi, müsibət idi, qızım. Bununla bağlı fransız jurnalına müsahibəmdə də danışmışam. Axı mən iki ay da Fransada hospitalda işləmişəm. Oranın fəxri vətəndaşıyam”.

Fatma Səttarova bir müddət Stalinqrad döyüşündə tibb bacısı kimi iştirak edir. Bu döyüşdə də almanlara qalib gəlirlər. Ardınca Baltikyanı ölkələrdə, Rumıniya və Macarıstanda gərgin döyüşlərdə iştirak edir. Fatma xanım Macarıstanda döyüş zamanı ayağından və qolundan qəlpə yarası alır. Ayağındakı qəlpəni çıxarsalar da, qolundakını indiyə kimi xatirə "saxlayır”. Yaralı olduğuna və çox zəiflədiyinə görə 1945-ci ilin fevralında Fatma Səttarovanı Bakıya göndərirlər. 3 ay sonra, mayın 9-da isə sovet ordusu faşizm üzərində qələbə çalır: “Qələbə sevincini Sovet İttifaqı vətəndaşları böyük sevinclə yaşadı. Bakı isə bu sevincini göz yaşları ilə. Ona görə ki, gedənləri gəlməmişdi. Çoxundan qara kağız gəlmişdı. Elə adam vardı tək balasını göndərib ondan qara kağız almışdı. Amma bu göz yaşında belə sevinc var idi. Bilmirdik sevinək, yoxsa ağlayaq… Mən də göz yaşı ilə yaşadım, çünki bir dayım vardı, ondan da qara xəbər almışdıq. Mənim də qolumda indiyə kimi qəlpə qalıb. Çox ağır keçirmişəm mən o günləri”.

O, dörd ilin iki ağır gününü heç bir zaman unutmadığını deyir: “Səngərdə idim. Yaralının başını sarıyırdım. Gördüm uzaqdan kimsə “ana, ana” deyə inildəyir. Azərbaycan dilində. Dəqiq yadımda deyil, amma deyəsən, Rumıniya tərəfdə idi. Əlimdəki yaralıya “siz gözləyin, mən indi qayıdacam” dedim. Səngərdən ayrılıb 50 metr irəli getdim ki, çuxurun içində ağır yaralı var. Dedim haradansan, “Bakıdanam” deyə cavab verdi. Bombardman nəticəsində ağır yaralanmışdı, al-qan içərisində idi. Onun yarasını bağlayıb yenidən səngərə qayıtdım. O vaxt amerikan maşınları vardı, cəbhədə xərəkdə yaralıları daşıyırdı. Onu göndərdim. Gördüm faşistlərin tankı olduğumuz səngərə yaxınlaşır. Yaralı əsgərlə birlikdə yerə yatdıq, alman tankı səngərin üstündən keçdi. Daşları başımıza tökə-tökə…”

Beləcə, Berlinə qədər döyüş yolu keçir 100 yaşlı qəhrəmanımız. 1945-ci ilin fevralında onlar Berlin cəbhəsinə ayaq basır. Mart ayında Sovet əsgərləri, yaralılar da daxil olmaq şərti ilə 12 qatar hazırlanır. Hər üç qatardan bir isə bir şəfqət bacısı təyin olunur. Martın sonunda Fatma xanım Bakıya qayıdır. Həmin dövrdə Bakıdakı bütün məktəblərin hospital olduğunu deyən Fatma ananın sözlərinə görə, yaralılara burda da qulluq edir və baş şəfqət bacısı təyin olunur.

Bundan sonra isə cəbhəyə şəfqət bacısı kimi yollanan qızlar ali təhsil almaq üçün Mircəfər Bağırova müraciət edirlər və imtahansız ali məktəbə qəbul olunmaq istədiklərini dilə gətirirlər. Beləliklə, şəfqət bacılarını Mircəfər Bağırov qəbul edib, onlardan hansı ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istədiklərini soruşur. Qızlardan üç nəfəri Tibb Universitetini seçir, Fatma xanım qanlı-qadalı illərdə yaralılarla işlədiyi üçün həkim olmaq arzusundan daşınır. Yaşadığı o ağır illəri xatırlamamaq üçün…

Azərbaycan Dövlət Universitetini seçib, iqtisadçı kimi ali təhsil alır. İkinci ali təhsilini isə Moskvada almağa qərar verir. Yeni həyatı başlayır, ailəsinə qovuşur. Dekabr ayında ilk övladı Ramizi dünyaya gətirir. Sonra isə Rakiz və Pərviz dünyaya gəlir. 4-cü övladı Dilarə doğulanda artıq 28 yaşı olur.

Həyat yoldaşını sevgi ilə anır. “O mənə, mən də ona dayaq oldum” deyir. Onun ölümündən sonra isə övladlarını boya-başa çatdırmaq üçün çox çətinlik çəkir. 4 uşağı tək böyüdür, təhsil verir. Həyatın daşlı-kəsəkli yollarını keçir.

Ulu öndər Heydər Əliyevlə bir dövrdə ali təhsil aldığını deyir Fatma xanım. Sonra Heydər Əliyevi 1969-cu ildə respublikaya yenicə birinci katib seçilən vaxt indiki Şəhriyar adına klubda görür. Onda Nərimanov rayon İaşə İdarəsinin rəhbəri imiş Fatma ana: “Heydər Əliyev Azərbaycana ikinci dəfə rəhbər gələndən sonra veteranlara qiymət verilməyə başladı. Hər il mayın 9-da bizimlə - müharibə iştirakçıları ilə görüşürdü. Hər dəfə görüşəndə universitet xatirələrimizdən danışardıq. Mənə hörmətlə yanaşırdı. Allah ona qəni-qəni rəhmət eləsin. O gəldi, peyğəmbərlik etdi”.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısından da danışır qəhrəman şəfqət bacısı: “Beş il bundan öncə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qarşısında çıxış elədim. Veteranlar Şurasının açılışında dedim ki, Heydər Əliyev olmasa, Azərbaycan məhv olardı”.

Bu, İkinci Dünya müharibəsinin iştirakçısı, Azərbaycanın bir əsrlik tarixinin canlı şahidi Fatma Səttarovanın şərəfli həyat yoluna qısa nəzər idi. Onun ömür payına müharibə, ölüm, qan-qada ilə rastlaşmaq, aclıq düşüb. Amma sevgi də görüb, xoşbəxtlik də, firavan günlər də yaşayıb. Çəkdiyi bütün ağrılara, çətinliklərə, itkilərə baxmayaraq, bəxtindən şikayət etməyib. Ana, nənə zirvəsinə yüksəlib. "Taleyimdən çox razıyam”, - deyir. 11 nəvəsi, 22 nəticəsi var. Bundan sonrasına isə həyatdan iki istəyi var - kötükcəsini görmək və Qarabağ torpağında becərilən taxıldan çörək yemək, pambığından libas geymək: “Qarabağın torpağı qaytarılsın! Şuşada, Ağdamda çox olmuşam. Mən bu yaşımda Ağdama getmək istəyirəm. Bir də Azərbaycanın gənclərini allah qorusun!”

Arzularınızın çin olması diləyi ilə...

Sevinc Vaqifqızı,

Əli Ələkbər

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın