00:40 20 Sentyabr 2019 50
Ana səhifə Xəbərlər

VÖEN verilmə sistemində yenilik - “BİZNESƏ BAŞLAMA” TƏLİMİ

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Biznesə başlama” mövzusunda təlim keçirilib.

APA TV-nin məlumatına görə, Vergilər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir zamanı “Biznesə başlama” sahəsində aparılan islahatlar, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə daha da təkmilləşdirilmiş elektron sistem və ondan istifadə qaydaları ilə bağlı suallar cavablandırılıb.

İcraçı direktor Vüsal Qasımlı “Biznesə başlama” müddətinin 3,5 gündən 0,5 günə qədər endirildiyini nəzərə çatdırıb: “Ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 70 faizə yaxınlaşır. Dünya Bankının dünən yaydığı məlumatda göstərilir ki, bu il Azərbaycanda 2,8 faiz iqtisadi artım gözlənilir. Bunun da 3 faizdən artığını qeyri-neft sektoru təmin edəcək”.

Daha sonra Vergilər Nazirliyinin müşaviri Ələkbər Məmmədov təkmilləşdirilmiş elektron müraciət, yeni onlayn qeydiyyat sistemi barədə məlumat verib. Bildirilib ki, bu islahatlar nəticəsində hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb: “Sentyabr ayının 1-in statistikasına əsasən ölkədə vergi uçotuna duran şəxslərin sayı 1 milyon 31 min 164 olub. Bura həm fiziki, həm də hüquqi şəxslər daxildir. Bu şəxslərin 13,1 %-i , başqa sözlə isə 135 minə yaxını hüquqi şəxs və təşkilatlar qismində uçota alınıb.”

Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kodla indentifikasiyadan keçəcək. Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil ediləcək və bir prosedurla sənədlər təsdiqlənməklə VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) verilmə prosesi yekunlaşacaqdır.

Qeyd edək ki, bu xidmətdən istifadə edənlərə yardım məqsədilə “İnternet Vergi İdarəsi”ndə “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı” Təlimatı yerləşdirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın