21:20 22 Fevral 2020 167
Ana səhifə Xəbərlər

Vyanada Azərbaycan nümayəndə heyəti Ermənistana çağırış etdi

Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) Daimi Komitəsinin iclası keçirilib.

APA TV-nin xəbərinə görə, Ermənistan nümayəndə heyətinin rəhbəri Hayk Koncoryan çıxışında ATƏT PA-nın prezidentinin bu ölkəyə səfərindən bəhs edib, eyni zamanda, ATƏT-in təsisatlarının və digər beynəlxalq qurumların qondarma Dağlıq Qarabağda keçiriləcək seçkiləri müşahidə etməsinin arzuedilən olduğunu vurğulayıb.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili çıxışında qeyd edib ki, ATƏT-in iştirakçısı olduğu ölkələrdə seçkilərin müşahidəsini təşkilatın müvafiq qurumları həyata keçirir və bu proses ölkələrin beynəlxalq hüquqla təsbit olunmuş ərazi suverenliyinə hörmət əsasında baş tutur.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni mənşəli Azərbaycan vətəndaşları Mərkəzi Seçki Komissiyası, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tərəfindən parlament seçkilərində səsvermədə iştiraka dəvət olunublar. Lakin Ermənistanın işğalçı siyasəti həmin ərazidə yaşayan Azərbaycan vətəndaşlarının öz seçki hüquqlarından istifadə etmələrinə imkan vermir.

Tahir Mirkişili Ermənistan nümayəndə heyətinə çağırış edib: “İşğala son qoyun, işğalçı ordunuzu Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarın, sonra oradakı azərbaycanlı və erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasına və onların seçib-seçilmək hüququndan necə istifadə etmələrinə bütün dünya şahidlik etsin”.

Tahir Mirkişili bildirib ki, son iki gündə keçirilən müzakirələrdə Ermənistan nümayəndələrinin açıqlamaları onların Minsk qrupu həmsədrlərinin əhalini sülhə hazırlamaq çağırışlarını özlərinə sərf edən şəkildə başa düşdüklərini nümayiş etdirir: “Daha çox narahatedici məqam ondan ibarətdir ki, Ermənistan parlamentinin yeni üzvləri əvvəlki hökumətin köhnə fikirlərini təkrarlayırlar. Ermənistan nümayəndə heyətinə bir sualım var: bu siyasətin perspektivinin olmadığını başa düşmək üçün neçə inqilaba, neçə baş nazir və prezidentin həbsinə ehtiyacınız var və neçə hökuməti devirməlisiniz?”

ATƏT Parlament Assambleyasının (ATƏT PA) Vyanada keçirilən qış sessiyasında bu qurumun seçki müşahidə missiyalarının hesabatı da dinlənilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın