11:40 02 Noyabr 2020 129
Ana səhifə Xəbərlər

Xanım veteranın zəfər arzusu - REPORTAJ

Uzun illərdir mən onu neftçi qadın kimi tanıyıram. Zəhmətkeş, gülərüz və qayğılı Gülpəri Sərkərova. O, həm də Qarabağ müharibəsi veteranıdır. 1963-cü il fevralın 13-də Şamaxı rayonunun Nərimankənd kəndində anadan olub. Şamaxı Pedoqoji məktəbinə sənədlərini versə də, qəbul ola bilməyib. Sonra rayonun mərkəzi əmanət bankında işə düzəlir, zamanla böyük xəzinədar vəzifəsinədək yüksəlir: “Yaxşı işim vardı. Buna baxmayaraq, Qarabağ müharibəsi başlayanda biganə qala bilmədim. Düşündüm ki, mən də orada olmalıyam”.

O, 1988-ci ildə başlayan Meydan hərəkatının fəallarındandır. Qarabağ müharibəsində iştirakını da məhz bu fəallığı ilə əlaqələndirir. Könüllü döyüşmək üçün hərbi komissarlığa müraciət edən ilk Azərbaycanlı qadın döyüşçülərdəndir: “Bir-iki gün keçdikdən sonra gördüm ki, bütün rayon, televiziya, radio belə məndən danışır. Hətta adımı yanlış səsləndirib Xanpəri deyirdilər. Çox qəribədir mən müharibədə iştirak üçün müraciət etdikdən sonra elə bil kəndimizdə bütün hamı yatmış idi, oyandı”.

Bundan sonra rayon mərkəzindən tutmuş kəndlərə kimi hər kəs öz təşəbbüsü ilə cəbhəyə yardım göstərməyə başladı. Gülpəri xanımın çalışdığı bank işçilərinin də daxil olduğu bu sıraya 1992-ci il fevralın 20-də Qobustan rayonunun bütün təşkilatları da qoşulur. Cəbhə bölgəsinə yardım aparmaq qərarına gəlirlər: “Bir söz də deyim, mənim valideynlərimin cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət etməyimdən xəbərləri yox idi. Elə ona görə də cəbhə bölgəsinə yardım aparacaq rayon vəzifəliləri mənimlə birlikdə bizə getdilər”.

Rayonun sayılıb-seçilmiş insanlarına etibar edib, valideynləri Gülpəri xanıma cəbhəyə yardım aparmağa icazə verirlər. Amma döyüşlərə qatılacağından son anadək xəbərsiz olurlar. Rayon yetkililəri nə qədər dilə tutsa da Gülpəri geri qayıtmır. Ağdam rayon İcra Hakimiyyətindən onu özünümüdafiə batalyonuna yönəldirlər: “Şirin Mirzəyevin özünümüdafiə dəstəsinə göndərildim. Şirin Mirzəyev məni rabitəçi kimi qəbul etdi. Onda avtomat nədir bilməzdim. 28 yaşım var idi. Rabitəçi kimi qəbul olunsam da ürəyimcə olmadı”.

Gülpəri xanım Milli Qəhrəman Şirin Mirzəyevin qadınların döyüşə qatılmasına qarşı çıxdığını deyir. Gülpəri xanımı inadından döndərə bilməyən Şirin Mirzəyev onu Ağdamda Ədalət Zeynalovun batalyonuna göndərir: “Beləliklə, özünümüdafiə dəstəsinin tərkibində 5-ci motoatıcı “Dəmiryeyeənlər” batalyonu vardı, məni ora göndərdilər. 84 nəfərlik dəstənin 85-ci üzvü mən oldum”.

İlk öncə ona silahla davranmağı öyrədiblər: “Mənə silahla davranışı öyrətdilər, müharibə sirlərini öyrənməkdə kömək elədilər. İlk döyüşüm may ayının 10-da Naxçıvanik kəndində oldu. İlk şəhidi də, ilk yaralını da orada gördüm”.

Gülpəri xanım Ağdamın kəndləri uğrunda gedən döyüşlərə qoşulur, Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə isə onlar mühasirəyə düşür: “Bir gün mühasirədə qaldıq. Komandirimiz Əli Zeynalovun köməkliyi ilə mühasirədən itkisiz çıxdıq. Təsəvvür edin ki, yağış necə yağır, güllə başımızdan elə tökülürdü. Oradan necə salamat qurtardıq deyə düşündük hamımız”.

Müsahibimiz dəstələrində 16 yaşlı yeniyetmənin olduğunu deyir: “O da Qobustandan idi. Bizi mühasirədən qurtarmaq üçün qaçanda onun əlindən tutmuşdum, gəldik Ağdama əlimizi bir-birindən həkimlər ayırdı, o qədər həyəcanlı idik”.

Mühasirədən çıxan döyüşçülər Şahbulağa gəlib Şirin Mirzəyevlə görüşüb təlimat alırlar: “Ertəsi gün 10 nəfər döyüşçü yoldaşlarımla birlikdə Şirin Mirzəyevin təlimatı ilə Sırxavəndə kəşfiyyata yollandıq. Çox təəssüflər olsun ki, orda eşitdik ki, Şirin Mirzəyevin maşını minaya düşüb. Biz təlimatı yerinə yetirib qayıtdıq. Daha sonra Canyataq-Gülyataq uğrunda döyüşlərə qatıldıq. Bizdən bir neçə gün öncə də orda döyüşlərimiz olmuşdu, əsgərlərimizin nəşi orada qalmışdı, onları gətirdik”.

3 illik xidmət zamanı müharibənin dəhşətli üzünü görən Gülpəri Sərkərova 1994-cü il dekabrında təxris olunur. Səbəb isə müharibənin yaratdığı xof yox, məzuniyyətdə evlərinə gələrkən ayağından aldığı ağır, bu günədək onu sızladan yanıq yarası olur. Ciddi yanıq xəsarətləri səbəbindən döyüşlərə qayıda bilmir. Valideynlərinin, el-obasının, ən əsas da qardaşlarının fəxri olan döyüşçü qız yenidən iş həyatına geri dönür, bu dəfə isə Çilov adasına… “ARDNŞ-nin Çilov adasında, 28 May Neft Qaz çıxarma idarəsində işə başladım. Təsadüf elə gətirdi ki, həyat yoldaşımla orada tanış oldum. O dedi ki, mən sizi bundan öncə də tanıyırdım. Sən demə eyni illərdə döyüşmüşük, o Lənkəran batalyonunda döyüşüb”.

Gülpəri xanımın hər iki övladı hazırda ali təhsil alır. Özü də, ailəsi də bu dəfə könüllü olaraq döyüşlərə qatılmaq üçün yenidən müraciət edib: “Bu dəfə də könüllü olaraq yazılmışıq. Mən o vaxt tək getmişdim. İndi iki vətənpərvər övlad böyüdürəm. Bir vətənpərvər həyat yoldaşım var. Ehtiyac duyulduğu gün biz söz vermişik, ailəmizlə dördümüz də birlikdə gedəcəyik”.

Ağdam mənim üçün doğulduğum yerdən daha əzizdir. Orada döyüşçü yoldaşlarımın qanı axıdılıb: “Hərdən fikirləşirəm ki, Ağdamın azadlıq xəbərini necə yaşayaram? Yəqin televizorun qarşısında var gücümlə qışqıraraq deyə cavab tapıram. Bir də qələbə xəbərinə ürəkdən hönkürtü ilə ağlayaram”.

Arzuların AĞ-damına bu dəfə birlikdə çatmaq diləyi ilə…

Sevinc Vaqifqızı,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın