15:20 19 Fevral 2020 1045
Ana səhifə Xəbərlər

Xaricdən könüllü qayıdan Azərbaycan vətəndaşlarına avtomobil verilir? - ARAŞDIRMA

2019-cu ildə 831 Azərbaycan vətəndaşının ölkəmizə könüllü geriqayıdışı təmin edilib.

Bunu APA TV-yə müsahibəsində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan ofisinin Könüllü geriqayıdış və Reinteqrasiya üzrə əlaqələndirici şəxsi İlyas Nəbiyev deyib.

Onun sözlərinə görə, Beynəlxalq Miqrasiya Təşkilatı minlərlə ailənin geri qayıtmasını maliyyələşdirir və onların cəmiyyətə reinteqrasiya olunmasını təmin edir: “Bunlar Azərbaycana könüllük prinsipi əsasında 3 ölkədən gətirilib. Niderland Krallığı, Almaniya və Latviyadan söhbət gedir. Almaniyadan Azərbaycana geri qayıdanlara mənzil təminatı ilə bağlı yardımların verilməsi təmin olunub. Niderlanddan geri qayıdan şəxslərə isə bizneslərin qurulması yardım paketləri təqdim olunub”.

Təşkilat rəsmisi deyir ki, layihə çərçivəsində geri qayıtmış şəxslərə vəsait ayrılır. Bundan başqa, yardım vasitəsilə geri qayıtmış şəxslərə bəzi bizneslərin qurulması təmin edilir. Bizneslər əsasən həmin şəxslərin mənsub olduqları peşə sahələrini əhatə edir. Amma sosial mediada bəzən bu istiqamətdəki informasiyalar təhrif olunur: “Həmin şəxslərə bahalı hədiyyələr verilir və yaxud yardımlar verilir başlıqlı informasiyalar verilir, yazılar dərc olunur. Bunlar mediada təhrif olunmuş məlumatlardır. Çünki Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən ayrılmış yardımlar sırf Avropada və yaxud digər ölkələrdə sığınacaq hüququna müraciət etmiş şəxslərə verilir. Onlar müraciət etdikləri təqdirdə, könüllülük və məlumatlılıq qərarı prinsipləri çərçivəsində həll olunur”.

Geri qayıtdıqda Beynəlxalq Miqrasiya Təşkilatının Avropa ölkələrindəki ofisləri həmin şəxsə öz layihələri çərçivəsində kiçik biznesin qurulması, eləcə də mövcud biznesə qoşulmaq üçün yardım, həmçinin təhsilin artırılması, müvəqqəti mənzil probleminin yaxşılaşdırması üçün yardım ayırır. “Kimlər geri qayıda bilər?” sualına gəlincə…

“Azərbaycan vətəndaşlığından imtina etməmiş şəxslərin öz ölkələrinə könüllü geriqayıdışı təmin oluna bilər. Əgər şəxs Azərbaycan vətəndaşı olub sonra digər ölkənin vətəndaşlığını qəbul edibsə, onun könüllü qayıdış proqramı layihəsi çərçivəsində Azərbaycana qayıdışı qeyri-mümkündür. Gedən şəxslər, məsələn, Almaniyada müvəqqəti sığınacaq üçün müraciət edib status ala bilər. Proses onların sənədlərinə baxılması müddətində də həyata keçirilə bilər. Əgər Azərbaycan vətəndaşı qərar verirsə ki, könüllü olaraq öz ölkəsinə qayıtsın, bununla bağlı öz fikrini bizim ofisə bildirir. Azərbaycan ofisində şəxsin məlumatlı qərar verməsi araşdırılır. BMqT-nin əməkdaşları həmin şəxslə görüş zamanı iki prinsipə əmin olduqdan sonra geri qayıdışı təmin edir”.

Yalnız könüllük prinsipi əsasında həyata keçirilən qayıdış layihəsi çərçivəsində vətəndaşın ölkəsinə qayıtması üçün bütün xərcləri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan ofisi çəkir: “Hətta bu layihədən ilkin status almış şəxslər də faydalana bilər. Burda insanlar fikirlərinə və baxışlarına görə fərqləndirilmir. İstənilən Azərbaycan vətəndaşı öz ölkəsinə BMqT-nin bu layihəsi çərçivəsində qayıda bilər. Lakin həmin şəxslə ilkin müsahibələr aparılır və araşdırılaraq qərar verilir”.

Geriqayıdış layihəsi çərçivəsində müraciət edən şəxslərin konfidensiallığı qorunur. Ümumiyyətlə, Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçirilən layihələr çərçivəsində deport olunmuş və yaxud məcburi şəkildə ölkəyə qayıdılmış şəxslərə heç bir yardımların verilməsi nəzərdə tutulmur. İnsan sosial və iqtisadi problemlərini həll etmək üçün ölkəsini tərk edir, buna görə də biz həmin vətəndaşlara yardım edirik ki, digər ölkələrə qaçqın kimi yox, məhz turist kimi səfər etsinlər. Tərəfimizdən yayılan bəzi məlumatlar təhrif olunur. BMqT geri qayıtmış şəxslərə avtomobil almır və yaxud taksi almasına yardım etmir. Ancaq ailələrə ayrılmış yardımlar içərisində şəxslərin seçdiyi biznes fəaliyyətinə yardım olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın