19:27 16 Sentyabr 2020 265
Ana səhifə Xəbərlər

Xələf Xələfov: "Ermənistan müstəqil deyil, üçüncü ölkələrin maraq və xarici siyasət alətidir”

“Azərbaycan Türk Şurasına sədrliyi dövründə türk dövlətləri birliyinin gücləndirilməsi üçün imkanlarını səfərbər edib”.

APA TV-nin xəbərinə görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tarixən Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində önəmli rol oynamış Türkiyənin bütün addımlarını birmənalı dəstəkləyir və gərginliyin tezliklə həllini tapacağına inanır. Azərbaycan bu mübarizədə daim Türkiyənin yanında olacaq: “Azərbaycan və Türkiyə münasibətləri indiki qədər heç vaxt belə yüksək səviyyədə olmayıb. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə Azərbaycan–Türkiyə münasibətlərinin inkişafı dönməz xarakter alıb. Biz “tək millət, iki dövlət” olaraq strateji məsələlərdə vahid mövqedən çıxış etmək imkanımız var”.

Azərbaycanın Xarici İşlər nazirinin müavini onu da vurğulayıb ki, Azərbaycan Türkiyə əlaqələri hərbi sahədə də ən yüksək səviyyədədir. Azərbaycan-Türkiyə münasibətləri üçüncü dövlətlərə qarşı yönəlməyib. Eyni zamanda, Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyini dəstəkləyir. Türkiyə beynəlxalq hüquqa uyğun olaraq bölgədə öz haqqını və hüquqlarını qoruyur.

Xələf Xələfov Azərbaycan və Türkiyə arasında viza rejimi məsələsinə də toxunub. Nazir müavini hesab edir ki, qardaş dövlətlər arasındakı münasibətlər elə bir səviyyədədir ki, ölkələrimiz arasında viza rejimi olmamalıdır: "Türkiyə artıq şəxsiyyət vəsiqəsi ilə bəzi ölkələrə səfərləri həyata keçirir. Niyə bu, Azərbaycanla da olmasın? Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri zamanı XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşdə müvafiq məsələ müzakirə olunub. İşçi qrupları səviyyəsində təmaslar quruldu. Texniki baxımından bu məsələnin həyata keçirilməsi üçün sənədləşdirmə işləri aparılır. İnanıram ki, yaxın zamanlarda bu məsələnin praktiki həllinə nail olacağıq. Çünki bunun üçün heç bir maneə və məhdudiyyət yoxdur".

Xələf Xələfov Ermənistanın müstəqil olmadığını, digər üçüncü ölkələrin maraq və xarici siyasət aləti olaraq ona deyilən məsələləri, üzərinə qoyulan vəzifələri yerinə yetirmək üçün bu cür bəyanatlar verdiyini vurğulayıb.

Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran isə bildirib ki, ötən gün Türkiyə və Azərbaycan hərbi təyyarələrinin birgə uçuşu iki ölkə arasında dostluq və qardaşlıq duyğusunun nə dərəcədə güclü olduğunu dünyaya bir daha nümayiş etdirdi.

Kıran Ermənistanın işğalçılıq siyasətinin regionun inkişafı önündə bir əngəl olduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistan daxili problemlərindən diqqətini yayındırmaq üçün təxribata əl atır. Türkiyə Xarici İşlər nazirinin müavini Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməli olduğunu vurğulayıb.

Nazir müavininin sözlərinə görə, Azərbaycanın Türkiyədə 20 milyard, Türkiyənin Azərbaycanda 11 milyard dollar sərmayəsi var: “Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin önəmi qeyd edilməlidir. Azərbaycanın TANAP və TSAP-ın tədarükçüsü olması mühümdür. Azərbaycan Prezidentinin təbrikində qeyd edildiyi kimi, Qara dənizdə qaz yatağının aşkarlanması Türkiyənin artan gücünün bir təzahürüdür”.

Azərbaycan və Türkiyənin beynəlxalq səviyyədə əməkdaşlığını yüksək qiymətləndirən Kıran qeyd edib ki, Prezident İlham Əliyev Yunanıstan səfərini qəbul edən zaman Türkiyənin Aralıq dənizində mövqeyinə açıq dəstək ifadə edib. Bu dəstək Türkiyə xalqı tərəfindən də yüksək qiymətləndirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın