01:20 09 Dekabr 2019 75
Ana səhifə Xəbərlər

Xələf Xələfov: “Gürcüstan tərəfi ilə fikir ayrılıqlarımız var”

Xəzərin statusuna dair növbəti iclasın yeri dəyişdirilib .

APA TV-nin məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Hazırda Rusiya tərəfi görüşün yerini müəyyənləşdirir: "Görüşün keçiriləcəyi tarix hələ müəyyənləşməyib. Tarix tərəflər arasında razılaşdırılandan sonra görüş baş tutacaq. Bu, davamlı prosesdir. Bildiyiniz kimi, Konvensiya qəbul olunandan sonra 5 dövlətin Xarici İşlər Nazirliyinin himayəsi altında daim fəaliyyət göstərən yüksək səviyyəli işçi qrupu mexanizm yaradıb. Qrup iclasların keçirilməsini müxtəlif paytaxtlarda davam etdirir. Növbəti görüş İranda keçirilməli idi, sadəcə, İran texniki baxımdan bu işi həyata keçirməyə hazır olmadığına görə, biz görüşün Rusiyada keçirilməsinə dair razılığa gəlmişik".

Nazir müavini Azərbaycan və Gürcüstan arasında sərhədin delimitasiyasına dair ekspertlərin növbəti görüşünün yeri ilə bağlı da məlumat verib.

Xələf Xələfov görüşün bu ilin sonunadək Tbilisidə keçiriləcəyini dilə gətirib.

Onun sözlərinə görə, burada nəinki əldə olunan materiallar, yerlərdə aparılan son müşahidələr və araşdırmalar nəzərdən keçiriləcək, eyni zamanda bəzi arxiv materiallara yenidən baxılacaq: "Bildiyimiz kimi, Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin 2/3 hissəsini razılaşdırmağa müvəffəq olmuşuq, 1/3 hissəsi isə qalmaqdadır. Burada müəyyən fikir ayrılıqları var, müəyyən sənədlərin baxılmasına yenidən ehtiyac yaranıb. Ekspertlər sıx və ardıcıl görüşlər keçirir. Son görüş 2 ay öncə baş tutub. Biz ekspert görüşlərinin davam etdirilməsi razılığına gəldik ki, bizim növbəti iclasın keçirilməsində artıq müəyyən irəliləyişlər olsun. Çünki əvvəlki görüşlərdə irəliləyişlərə nail ola bilməmişdik, ona görə ki, razılaşdırılacaq məsələlərdə açıq yerlər var idi, bunların üzərində işlər davam etdirilməlidir".

O həmçinin əlavə edib ki, delimitasiyanı aparmaq üçün əsas olacaq hüquqi faktlar və sənədlər tam tutuşdurulmalıdır: "İnanıram ki, bu ilin sonuna qədər ekspertlərin görüşü baş tutacaq. Çalışacağıq, gələn ilin I rübündə komissiyanın növbəti iclasını keçirək və müəyyən nəticələr əldə edək"

Azərbaycanla Rusiya arasında demarkasiya prosesinin növbəti 2-3 il ərzində başa çatdırılacağına diqqət çəkən nazir müavinin sözlərinə görə, qeyd olunan məsələyə dair heç bir problem yoxdur, işlər müvəffəqiyyətlə davam etdirilir.

"Ötən ay Moskvada bizim növbəti iclasımız keçirildi. Növbəti planları təsdiq etdik. Görülən işləri bir daha nəzərdən keçirərək rəsmiləşdirdik. Demək olar ki, bu istiqamətdə işlərin 30-40 faizini həyata keçirmişik".

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın