18:02 01 Mart 2021 220
Ana səhifə Xəbərlər

Xərabətə çevrilmiş İmarət, Pənahəli xanın sevimli evi, Xan qızının dağılmış məzarı - REPORTAJ

Paslı dəmir-dümür yığıntısının, daş topasının, saman qalağının - sözün müstəqim mənasında hər cür zir-zibilin yanından ötüb arkalı keçiddən eyvana, daha sonra böyük zala daxil oluruq. Üfunət qoxusu, kir, kif basmış divarlar, peyinin, təzəyin içində itib-batmış döşəmə...

O zərif memarlığından, ehtişamlı görkəmindən əsər qalmayıb, kəsafətin, çirkin, pasın, murdarlığın içində yox olub gedib. Elə bil gözəl bir xanıma cır-cındır geyindirmisən...

Yəqin aydın oldu hardayıq. Bəli, Ağdamda, “İmarət”də.

O İmarət ki, Pənahəli xan Xorasandan Qarabağa qayıdanda qərar tutmuşdu.

O İmarət ki, Pənahəli xan xanlığını qurmağa oradan başlamışdı.

O İmarət ki, gözəlliyinə heyran Pənahəli xan Şuşada özünə saray tikdirəndən sonra da sevimli məkanı olaraq qalmışdı, tez-tez təşrif gətirər, qonaq qəbul edər, dövlət işlərini həll edərdi.

O, İmarət ki, Pənahəli xan öləndə onu orada dəfn etmişdilər.

İmarət vaxtilə ağdamlıların da sevimli məkanlardan idi.

İstər saray, istərsə də məzarlıq kompleksindəki türbələr özünün memarlığı ilə seçilir, xüsusən yay aylarında yaşıllıqların arasında gizlənərək əraziyə nağılvari gözəllik bəxş edirdi.

Bura Qarabağ xanı Pənahəli xanın imarəti, sarayı olub. Gördüyünüz kimi, saray hazırda pis vəziyyətdədir. İşğaldan sonra ermənilər burada heyvan saxlayıblar. Burada ot tayası var. İçəri otağı, sarayın əsas otağını isə yenə də tövlə kimi istifadə ediblər, heyvan saxlayıblar. Yaxınlıqda İmarət məzar kompleksi yerləşir. Bu məzar kompleksində Qarabağ xanı ailəsinin üzvləri dəfn olunublar.

Bu qəbiristanlıqda Qarabağ xanı ailəsinin üzvləri dəfn olunub. Başdakı türbədə ilk Qarabağ xanı Pənahəli xanın məzarı var. Daha sonrakı türbə İbrahimxəlil xanın türbəsidir və demək olar ki, tamamilə dağılmış vəziyyətdədir. Türbədən əsər-əlamət qalmayıb. Digər tərəfdə isə Qarabağın sonuncu hökmdarı Mehdiqulu xanın türbəsi yerləşir. Bundan başqa, məzarlıqda Gövhər ağanın və Xurşidbanu Natəvanın da məzarları var. Yeri gəlmişkən, hazırda biz Xurşidbanu Natəvanın məzarının yanında dayanmışıq. Məzar tamamilə dağıdılmış vəziyyətdədir. Biz zamanlar məzarın üzərində abidə, gözəl bir büst ucalırdı ki, indi o büst də yoxdur. Bu daşlar isə çox güman ki, məzarın daşlarıdır. Bir məsələni də demək istərdim ki, Xurşidbanu Natəvanın məzarının yanında belə bir çala qazılıb. Qəbrin düz yanından sanki kimlərsə məzarı qazmaq istəyib. Lakin oradakı armatur-beton qatını gördükdən sonra bu cəhdlərin vaz keçiblər.

İstər saray, istərsə də məzarlıq kompleksindəki türbələr özünün memarlığı ilə seçilir, xüsusən yay aylarında yaşıllıqların arasında gizlənərək əraziyə nağılvari gözəllik bəxş edirdi. Ötən əsrin 50-ci illərində isə İmarətin yanında eyni adlı stadion da salınmışdı.

Erməni vandallar 1993-cü ildə Ağdamı işğal edəndən sonra gözə dəyən əksər tikilini dağıtdılar, amma Ağdam Cümə məscidi başda olmaqla azərbaycanlıların müqəddəs yerlərini - Qiyaslıdakı, Gülablıdakı və onlarla digər məscidlərini isə... yox, məhv etmədilər, tövləyə çevirdilər, içində mal, qoyun, donuz saxladılar.

Ermənilər bilirdilər ki, İmarətin də azərbaycanlılar üçün bu torpaqlardakı məscidlər, ocaqlar, pirlər kimi mənəvi dəyəri yüksəkdir. Təkcə ona görə yox ki, Qarabağ xanlığının əsası məhz bu yerdə qoyulmuşdu, məhz buradan kök atıb rişələnmişdi. Həm də ona görə ki, burada Azərbaycan tarixinin böyük şəxslərinin dəfn olunduğu qədim məzarlıq vardı.

İmarət “Pənahəli xan sarayı” və “Pənah xanın imarəti” adları ilə də tanınır. Dediyimiz kimi, Qarabağ xanı Pənahəli xanın qış mülkü kimi tikilib.

Bura xan nəslinin ən birinci mülklərindən sayılır və iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında kompleksə daha çox bina daxil olub. Bu abidə 1738-ci ildə inşa olunub. Saray xanlığın qurucusu Pənahəli xanın özü tərəfindən, xanlığı yaradana qədər tikdirdiyi binadır.

Saray bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpus mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağtavanlı otaqlardan ibarətdir. Mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Sarayın eyvanı üç aşırımlı arkada kimi həll edilib. Oxvari tağlar bütöv ağ daşlardan yonulmuş iri sütunlar üzərində dayanır. Ümumilikdə eyvan binanın girişi rolunu yerinə yetirməklə portik xüsusiyyəti daşıyır.

Təəssüf ki, abidə tamamilə dağılıb, heykəlin Natəvanın əksi olan hissəsi yox olub, digər parçaları isə ətrafa səpələnib. Məzarın türbələr tərəfində yox, tamamilə əks tərəfində beton örtüyün kənarında çala qazılıb. Çalanın üzərinə dəmir lövhə qoyulub. Lövhəni qaldırırıq. Çala betonun altına, məzara doğru uzanır, sanki betonun armaturları daha dərinə qazmağa imkan verməyib. Görünür, goreşən xislətli ermənilər hansıda qiymətli əşya tapmaq və ya sadəcə təhqir məqsədilə Xan qızının məzarını qazıb sümüklərini çıxarmaq istəyib. Ancaq istəklərinə tam çata bilməyiblər.

Bütün bunlar erməni vandalizminin növbəti sübutu və nümunəsidir. Bunu bir az kənarda, divarın dibində salınmış tövlənin yerinə plitə əvəzi döşənən qəbir daşları bir daha təsdiqləyir.

İçimizdə Pənahəli xanın sarayının, İbrahimxəlil xanın türbəsinin, Xurşidbanu Natəvanın qəbrinin acınacaqlı vəziyyətinin yaratdığı sarsıntı ilə İmarəti tərk edirik.

İçimizdə ağrı, içimizdə qəzəb, içimizdə kin.

Və bir də şükranlıq duyğusu ki, nə yaxşı bu torpaqlara qayıtdıq.

Nə yaxşı canımız mənəvi əzabdan, özümüz töhmətdən qurtulduq...

Mirmehdi Ağaoğlu,

Üzeyir Ağayev,

Həmidağa Məcidov,

APA TV,

Ağdam

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın