01:20 16 Yanvar 2018 3663
Ana səhifə Xəbərlər

Xəstə qardaşının pensiyasını yeyib, evini satdı - AİLƏ DRAMI

Ceyhun və Orxan iki qardaşdır. 25 və 23 yaşlı iki qardaşın nə yaşamağa evləri, nə daldalanmağa bir küncləri var. Buna səbəb əmilərinin onlara məxsus mülkü xəlvəti satmasıdır.

Ceyhun ailənin ilk övladıdır. Anası Rəna xanım əslən Qubadlıdan, atası Mürvət isə Qərbi Azərbaycandandır. Uşaqlar Bakıda dünyaya gəlib.

Ceyhunun sözlərinə görə, əmisi Allahverdi onların 25 illik mənzilini satana qədər, yəni 2017-ci il noyabr ayının 12-dək ailə Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsi ev 22, mənzil 25 ünvanında yaşayıb: "Əmim Səfərov Allahverdi bizdən xəbərsiz evimizi satıb, bizi atıb bayıra. Hazırda anam, qardaşım və mənim yaşamağa yerimiz yoxdur. Atamı isə xəstəxanaya qoyub. Bizim bütün əlaqədar qurumlara müraciət etdiyimizi eşidən doğma əmim atamı xəstəxanadan çıxarıb öz evinə gətirib. Guya biz atamdan imtina etmişik, atam baxımsız qalıb".

Öyrəndik ki, ailə başçısı Mürvət Səfərov hazırda Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında "Epilepsiya nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez baş verən qıcolma tutması" diaqnozu ilə müalicə alır. Ceyhunun anası isə Mənzil İstismar Sahəsində xadimə işləyir: "Bizi atamıza baxmadığımıza görə evdən bayıra atdığını deyir. Düz 25 ilin bir gününü belə bu evdə atam olmadan yaşamamışıq. Atam bizimlə qalmasına baxmayaraq, ona təyin olunmuş 193 manat təqaüdünü əmim yeyib bu günə kimi. Pensiyanı da verməyib, heç qəyyumluğu da yoxdur".

Ceyhun Xətai Rayon İcra Hakimiyyətinin (RİH) Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edib, komissiyadan isə bildirilib ki, belə bir sənəd onlar tərəfindən Allahverdi İsrafil oğlu Səfərova təqdim olunmayıb: "O, hər yerdə özünü qəyyum kimi təqdim edib, atama məxsus pensiyanı yeyib, atamı anamla xəlvəti yolla boşatdırıb. Biz məhkəmədə iştirak edib heç bir sənədə də imza atmamışıq. 2007-ci ildə əmim boşatdırıb. Anam da savadsızdır, yazıb oxuya bilmir".

Ceyhun deyir ki, atası Mürvət kişinin səhhəti sonradan ağırlaşıb. Maddi durumlarının yetərsiz olması səbəbindən vaxtında müayinə olunmaması onun xəstəliyini daha da kəskinləşdirib. Bundan istifadə edən əmisi isə qardaşının ailəsini evsiz qoyub: "Mənzilimiz nənəmin atama vəsiyyətidir. Atam ailənin kiçik oğlu olduğundan, həm də səhhəti problemli olduğundan, nənəm dünyasını dəyişməmişdən digər övladlarına da deyib ki, bu mənzil Mürvətlə onun balalarına qalsın. Bir əmim də şəhid olub. Bu gün əmim evin 4/3 hissəsini keçirib öz adına, bir hissəsini isə atamın adında saxlayıb. 2012-ci ildə mən hərbi xidmətdə olduğum zaman isə Xətai Rayon Məhkəməsinin qərarı ilə qətnamə çıxartdırıb ki, atamın hansısa bir sənədə imza atması yararsız hesab olunsun".

Ceyhun deyir ki, əmisi 2017-ci il noyabr ayının birində atası Mürvət kişini notariusa aparıb və evin satılmasına imza atdırıb. Beləliklə, sənədləri xəlvəti yolla ələ keçirən əmi qardaşı uşaqlarını bayırda qoymağa nail olub.

İki övladını xadimə işləyərək böyüdən Rəna xanım deyir ki, yazıb oxumağı belə bacarmır: "Bu rayonda Mənzil İstismar Sahəsində süpürgəçi işləmişəm. 25 ildir bu evdə yaşamağıma baxmayaraq, mənim bu evə qeydiyyatım olmayıb. Bu illəri qorxu içərisində yaşamışam. Yoldaşım ruhi xəstə idi. Yuxulu-yuxulu uşaqları elə döyürdü ki, evdən qaçıb ana-bala "budka"larda qalırdıq. Qaynım həmişə məni söyüb, təhqir edib, fahişə deyirdi mənə. Mənimlə pul davası edirdilər ki, qazanıb evə pul gətirmirsən".

Səfərovlar ailəsinin qonşuları da təsdiq edir ki, ailə 25 ildir Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsi ev 22, mənzil 25 ünvanında yaşayır: "Bu gəlinlə 25 ildir qonşuyam. Düz 90-cı ildən bu gəlin süpürgəçilik edir. Yoldaşı küçədə yıxılırdı, yeriyə bilmirdi. Çiyinlərində daşıyıb ərini bu qadın. Bilmirdilər bu qadın və iki uşaq bu evdə ac qalır, yoxsa necə? Gəlini ərinin ailəsi dəfələrlə döyüb atıb küçəyə".

Qonşuları dinlədikdən sonra üz tutduq Mürvət Səfərovun qardaşı Allahverdi müəllimin yaşadığı ünvana. Çox keçmədi Allahverdi müəllim gəldi, kameranı görər-görməz əsəblərini cilovlamağa çalışdı. Müsahibəyə razılaşmadı, "səsimi yazın, üzümü göstərməyin" "əmr"ini verdi.

Qardaşı oğlanlarının ona şər-böhtan atdığını deyən Allahverdi Səfərov fikirlərini belə izah etdi: "Onlar vələdüzzinadır, anaları da küçə qadınıdır. Bu ev mənə vərəsəliklə verilib. Bu da vərəsəlikdir. Biri qardaşıma, biri isə özümə verilib. Yanvarın 11-də onsuz da Xətai Rayon Məhkəməsində görüşəcəyik. Kimdə saxta sənəd var, hamısı çıxacaq üzə".

Əmi deyir ki, qardaşı oğlu Ceyhun ona evlənmək istədiyini deyərək, evi satmağı təklif edib: "Dörd aydır nişanlanıb. Biləsuvarlı bir qayınatası var. Bu işi başladan da odur. Bunların məqsədi odur ki, satdığım o evin pulunu mənim əlimdən alsınlar. Mən də satdığım evi geri qaytardım. İndi oturub məhkəmənin qərarını gözləyirəm. Onda cavab verəcəm sənə. Mənə verilən 4/1 pay sənəddə göstərilib. Bilirsiz necədir, 6 ildən sonra vərəsəlik hüquqi qüvvəyə minir. Uşaqların o evdə yaşamağına gəlincə, getsin xəstəsinə yiyə dursun" .

Ünvanına deyilən ittihamları qərəzli hesab edən əmi qardaşının təqaüdünü niyə özünün aldığına çətinliklə də olsa, aydınlıq gətirdi. İddiasına görə, qardaşının təqaüdünü toplayıb onun 23 və 25 yaşlı övladlarına gün ağlayacaqmış. Üstəlik, deyir ki, onların da yaşamaq hüququ olan doğma ocaqlarını ona görə satıbmış ki, hər ikisinə torpaq alıb ev tiksin. Bunları niyə gizli şəkildə etdiyinə gəlincə, Allahverdi müəllim deyir ki, o ailəyə ağsaqqalıq edib, nə pis iş görüb ki?

Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan Mürvət Səfərovla görüşmək cəhdimiz baş tutmasa da, oğlu Orxan Səfərov səhiyyə ocağı rəhbərliyinin icazəsi ilə atasını studiyamıza gətirdi.

Deyilənləri övladlarından eşitdiyini bildirən Mürvət kişi deyir ki, övladlarının anasından könüllü boşansa da, onunla bir mənzildə yaşayıb. Həmin mənzil isə ona anasının vəsiyyəti əsasında verilib: "Övladlarımdan razıyam. Evimi qaytarıb ala bilsəm, elə övladlarımla birgə yaşayacam orda. Pensiya kartım ya qardaşımda, ya da bacımdadır. O evi də adımızdan silib çıxarıblar. İndi bizim yerimiz yoxdur. Qardaşımı sonuncu dəfə onun evində görmüşəm. Uşaqları zəng elədi xəstəxanaya, gəlib məni apardılar".

Beləliklə, bir həftəlik araşdırmalardan sonra qardaşlıq dramı burda yekunlaşdı. Yanvarın 11-də Xətai rayon məhkəməsində tərəflərin iştirakı ilə tanışlıq iclası keçirilib. Növbəti iclas fevral ayının 8-nə təyin olunub.

Mövzunu diqqətdə saxlayacağıq.

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın